“MilliÖn” milli pulu niyə bəyənmir?



 

Rahatlıq olardı, səhlənkarlıq olmasaydı

 Bu bir aksiomadır ki, bu gün istər idarəetmə sistemində, istərsə də iqtisadi, mədəni, hərbi və sairə sahələrdə həyata keçirilən islahatlar, verilən fərman, sərəncam, qəbul edilən qərarlar ölkənin daha da inkişaf etməsinə, onun vətəndaşlarının rifah halının yaxşılışdırılmasına xidmət edir. Şübhəsiz qəbul edilən qərarlar arasında reallıqla ziddiyyət təşkil edəni, zamanı qabaqlayanı da yox deyil. Və bununla bağlı faktlar gətirib əsaslandırmaq da olar. Amma bütövlükdə biz yeni bir yola çıxmışıqsa, o yoldakı daş-kəsəkləri səbrlə təmizləyə-təmizləyə irəli getməliyik. Haradakı gedilən yolda qaçılmaz yox, süni, hansısa dövlət təsisatının məsuliyyətsizliyindən əngəllər yaranır, onu da medianın gücü ilə müzakirəyə çıxarıb aradan qaldırmalıyıq. Konkret danışaq.

Məlumdur ki, xüsusilə paytaxt sərnişindaşımasında yeni qaydalar tətbiq edilərək, nəğd ödənişlər kart sistemi ilə əvəz olunub. Həqiqətən də insan bu islahatın, yeniliyin şəxsi həyatına gətirdiyi rahatlıqdan mənəvi zövq alır. Artıq marşurut avtobusları nə əvvəlki kimi camaatı səsləyib evindən çağırır, nə də addımbaşı saxlayıb sərnişini əsəbləşdirir. Təəssüf ki, yeniliyin vətəndaşa gətirdiyi rahatlığı, əsəb sakitliyini elə o avtobuslardan istifadə etmək üçün zəruri olan karta pul yükləmək üçün quraşdırılmış elektron ödəmə sistemi “MilliÖn” aparatları pozur. Məsələ burasındadır ki, əvvala biz bu sistemə keçmişiksə hər bir dayanacaqda bu aparatdan biri mütləq olmalıdır. Amma yoxdur və adama elə gəlir ki, heç bu barədə fikirləşən də yoxdur (söhbət bu sahəyə mənsub qurumdan gedir). Daha acınacaqlısı və dözülməzi olan aparatların da tez-tez xarab olmasıdır. Problem bununla da yekunlaşmır. Məlum olduğu kimi indi paytaxt sakinlərinin böyük bir hissəsi kommunal xərcləri də daxil, bir çox ödəmələri bu terminalar vasitəsilə aparır. “KOMTEC” LTD MMC-yə məxsus “MilliÖn” terminallarında qəpiklə ödəniş etmək sadəcə mümükün deyil. Qəpiyi salırsan geri qaytarır. Əlacsız qalıb cibindən kağız əskinas çıxarırsan, cırığı olmayan normal pul vahidi, gəl ki, onu “MilliÖn”ə bəyəndirəsən. Əsəbləşib başlayırsan Milli Bankın bu məsələdə (ha) günahı olmayan sədri Elman Rüstəmovun qarasına deyinməyə ki, niyə köhnəlmiş əskinasları geri çağırıb, dövriyəyə yenisini buraxmır. Bu mövzu çoxdan gündəmdə idi, səbrimi daşdıran redaksiyamızın yerləşdiyi “Azərbaycan” nəşriyatının qarşısındakı “KOMTEC” LTD MMC-yə məxsus 19067 saylı terminalın (konkret deyək: 8 fevral saat 19:00-dan 11 fevral saaat 14:00 dək hələ də işləmirdi-Ş.S) sutkalarla nasaz vəziyyətdə qalması və bu nasazlığı aradan qaldırmağa borclu olanların məsuliyyətsizliyi oldu. Anlamaq olmur ki, aparatın xarab olduğunu vətəndaş zəng edib məlumat verməlidir, yoxsa mərkəzi sistemdə bu dərhal özünü göstərməlidir. Elə bu qarışıq fikirlərə aydınlıq gətirmək üçün də üz tutduq “KOMTEC” LTD MMC-yə. Çağrı mərkəzi *0010-a zəng etdik. Operatorun cavabını gözlədiyim müddətdə avtomatik cavablandırma sistemindən eşitdiyim deyilişi, səslənişi xoş olan - “MilliÖn” şəbəkəsinin əsas mahiyyəti əhaliyə ani, qısa zamanda xidmət etməkdir- sözlərini yenidən operator xanıma xatırlatdım və bildirdim ki, burada deyilən sözlərə niyə əməl etmirsiniz? Əgər “MilliÖn” şəbəkəsinin əsas mahiyyəti gerçəkdən də əhaliyə ani, qısa zamanda xidmət etməkdirsə o zaman niyə kartın balansını artırmaq üçün aparata daxil etdiyimiz qəpiklər geri özümüzə qayıdır? Cavab belə oldu ki, müraciətiniz qeydə alındı və texniklərimiz bu məsələ ilə məşğul olacaqlar.

-Termnalların nasazlığı barədə sizə vətəndaşlar zəng edib bildirməlidir, yoxsa siz özünüz bunu müəyyən edirsiniz? Texniklərimiz hər gün, gün ərazidə terminallara baxış keçirirlər, eyni zamanda bu məsələ ilə bağlı vətəndaşlardan da müraciət gələndə baxılır.

-Texniki baxış əsasən günün hansı saatlarında olur?

 Bu haqda məlumatımız yoxdur. Şikayətiniz qeydə alındı, 24 saat ərzində həmin aparata baxılacaq. Terminallar quraşdırılmayan dayanacaqlar barədə sualınıza Bakı Nəqliyyat Agentliyi cavab verməlidir. Elə bu məqsədlə də Nəqliyyat agentliyi ilə əlaqə saxlamaq üçün 109 sorğu xidmətinə müraciət etdik. 109 sorğu xidmətindən bildirdilər ki, Nəqliyyat Agentliyinin telefon nömrələri onlara təqdim edilməyib.

Xülasə uzun araşdırmalardan sonra Nəqliyyat Agentliyi ilə əlaqə saxlamaq üçün Alo 141-ə zəng etdik. Özünü operator Fuad kimi təqdim edən şəxs  bildirdi ki, dayanacaqların hamısında terminalların quraşdırılması şərt deyil. «Yəni aparatın yaxın dayanacaqların hər hansı birində olması kifayət edir. Əgər vətəndaş dayanacaqda aparatın qoyulmasını təklif edirsə, o zaman biz onu nəzərə alırıq və həmin ünvanda aparatı quraşdırırıq. Lakin yenə də təkrar bildirirəm ki, mütləq hər bir dayanacaqda “Bakı Kart” olmalıdır kimi vahid bir qərar yoxdur. Aparatların nasağlığının və yaxud tamamilə işləməməsinin səbəblərinin araşdırılması tam olaraq bizim qurumun tabeliyində deyil. Onlara nəzarət başqa şirkətlər tərəfindən aparılır və onlara hansı sistemlə nəzarət olunması barədə də məlumat yoxdur. Çox güman ki, aparatlara nəzarət üçün ayrıca işçilər var və onlar bu işə nəzarət edirlər. Qəpik və pul əskinaslarının aparatların qəbul etməməsi, geri qaytarması probleminə isə *0010 sorğu xidmətindən cavab ala bilərsiniz.”

Bax belə, hörmətli oxucu. Bu dolaşıq, məsul qurumların məsuliyyətdən yayındığı bir vaxtda çalışın yolda qalmayın!

img

 Şahnaz Salehqızı