Xankəndidə təşkil edilən yarışlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır
Mübariz Əhmədoğlu: "Hadisələrin inkişafından asılı olaraq, XİN də məsələyə qarışa, bəyanatlar verə və digər addımlar ata bilər"
Akif Nağı: "Əgər yarış baş tutarsa, Azərbaycan işğal altında olan torpaqlarının istənilən vasitələrlə işğaldan azad edilməsi hüququnu özündə saxlamaq şərti ilə danışıqlardan çıxmalıdır"
Azərbaycan işğala məruz qalmış dövlət kimi, öz movqelərini ən müxtəlif formalarda qorumağa məcburdur. Çünki seperatçı rejimlər, o cümlədən qondarma "Dağlıq Qarabağ Respublikası" suda boğulan saman çöpündən yapışan kimi hər cür vəziyyətlərdən yararlanmağa çalışırlar. Onlar müxtəlif ölkələrdən iqtisadi, idman və mədəniyyət xadimlərini separatçı bölgəyə dəvət etməklə özlərini müstəqil dövlət kimi dünya ictimaiyyətinə sırımağa can atırlar. Azərbaycan hökuməti isə bütün mümkün yollarla bu addımların cavabını verir, bu cür təxribatlarda iştirak edən ölkələrə və personallara adekvat reaksiya göstərir. Fikrimizcə, bu proses bir qədər də inkişaf etdirilməli, daha təsirli vasitələrə əl atılmalıdır.
Məsələn, bu il yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak edən Mixail Avaqyana büst qoyulub. Bu günlərdə Gürcüstanın parlament çoxluğunun lideri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilər və ona görə də, məsələ artıq bitmiş hesab olunur. Bu isə o deməkdir ki, yaxın zamanlarda Azərbaycan cəmiyyətinin istəkləri yerinə yetriləcək.
Dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq hüquqa və Helsinki aktına əsasən sərhədlər toxunulmazdır. Bir az da əvvələ gedib, bu məsələyə bir qədər əhatəli yanaşmaq istərdik. 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları - Avropanın 33 dövləti, ABŞ və Kanada yekun aktı imzalayıblar. Sənəddə iştirakçılar 10 əsas prinsipin rəhbər tutulmasını qəbul ediblər. Bunlar suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisənin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ, dövlətlər arasında əməkdaşlıq və beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipləridir. Azərbaycan Respublikası bu aktı 1992-ci ildə imzalayıb. Deməli, ərazi bütövlüyünün pozulması, yaxud bu istiqamətdə istənilən cəhd separatçılığın dəstəklənməsidir.
Bu ilin iyununda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində separatçıların futbol yarışı keçiriləcək. Qeyd edək ki, tanınmayan separatçı rejimin Müstəqil Futbol Assosiasiyası Konfederasiyası (CONIFA) 2013-cü ildə təşkil olunub. Onun mənzil-qərargahı İsveçdə yerləşir. Bu qurum Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) və Avropa Futbol Federasiyaları Assosiasiyası tərəfindən rəsmi olaraq tanınmır. Bilərəkdən siyasiləşdiriliən bu yarışmada 12 komanda - Azərbaycanın Dağlıq Qarabağ, Ukraynanın Luqansk, Donetsk, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, İtaliyanın Sardiniya, Padaniya, Türkiyənin Van bölgəsindəki "Qərbi Ermənistan", Rumıniyanın Sekey diyarı, Finlandiyanın Laplandiya, Fransanın Nitsa, Albaniyanın Çameriya bölgələrindəki separatçıların komandaları iştirak edəcəklər. Yeri gəlmişkən, Azərbaycan Respublikasının "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Tural Gəncəliyev CONIFA-ya etiraz məktubu göndərib. Məktubda belə bir yarışın təşkilindən dərin narahatlıq ifadə olunub: "Ermənistanın hərbi təcavüzü Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və 7 rayonun işğalı ilə nəticələnib. Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla, işğal olunmuş rayonlarda azərbaycanlıların kütləvi şəkildə etnik təmizlənməsini həyata keçirib. Etnik təmizləmə siyasəti 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnib. Hazırda Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının 80 mindən çox üzvü 30 ildən çoxdur Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıb. CONIFA-nın təşkil etdiyi bu turnir beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilat və dünya ictimaiyyətinin rəsmi mövqeyinə ziddir".
Məktubda işğal olunmuş ərazilərdən azərbaycanlıları təmsil edən "Qarabağ" futbol klubunun olduğu xatırladılıb: "Hazırda bu klub erməni qoşunları tərəfindən tamamilə məhv edilmiş və işğalı altında olan Ağdam şəhərindən uzaqda - Bakıda məskunlaşıb".
Bu təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya seperatizmin əzələ nümayişi kimi qəbul edilməlidir. Azərbaycan isə zərərçəkmiş ölkə kimi gərəkən tədbirlər görməlidir. Cəmiyyətdə yekdil bir fikir formalaşıb ki, belə separatçı addımlara qarşı daha sərt addımlar atılmalıdır. Separatçıların avanturist hərəkətləri barədə politoloq Mübariz Əhmədoğlunun fikrlərini öyrəndik. O, bildirdi ki, ilk növbədə Dağlıq Qarabağın azərbaycanlı İcması belə məsələləri diqqətdə saxlamalıdır: "Tural Cəncəliyevə bu yarışda komandası iştirak edəcək ölkələrlə əlaqə saxlamaq üçün səlahiyyətlər verilməlidir. Onun vasitəsi ilə separatçı bölgələri dəstəkləyən ölkələrlə dialoq qurulmalı, danışıqlar aparılmalıdır. Amma "yarışlar"ın vaxtı yaxınlaşdıqda, hələ o dövrə qədər bu tədbir aradan qaldırılmasa, Azərbaycan hökuməti də məsələyə mövqe bildirməlidir. Bu tədbirdə hər bölgədən iştirakçı var, məsələn, Fransadan gələn seperatçı bölgə komandasına münasibəti Fransa dövlətinə siyasi gündəlik fonunda bidirmək olar. Hadisələrin inkişafından asılı olaraq, Xarici İşlər Nazirliyi də məsələyə qarışa, bəyanatlar verə və digər addımlar ata bilər. Məsələn, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Mariya Zaxarovanın qarşısında nəyinki duruş gətirə bildi, hətta, bəzi məsələlərdə onu yerində oturtdu. Bu məsələdə həm konseptual iş getməlidir, həm də situasiyaya nəzarəti ələ almalıyıq. Bununla yanaşı, biz bir cəmiyyət olaraq bütün imkanlardan istifadə edərək bu tədbirin ləğv edilməsinə, yarışların baş tutmamasına çalışmalıyıq. Siz də bir media orqanı olaraq məsələni gündəmə çıxararaq, bizlərlə müzakirə edərək prosesə öz töhfənizi verirsiniz, bu davam etməlidir. Bütün siyasi partıyalar öz mövqeyini ifadə etməlidir və s".
Mübariz Əhmədoğlu seperatçılığa məruz qalan ölkələrin həmrəylik nümayiş etdirməsini münasib üsul kimi qiymətləndirmədi. O, bunu onunla əsaslandırdı ki, belə addım məsələyə anti-Rusiya fonu verə bilər ki, bu da indiki məqamda bizə lazım deyil.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə vurğuladı ki, Azərbaycan cəmiyyəti də, hökuməti də məsələyə sərt mövqe bildirməlidir: "Çünki hər hansı bir dövlət Dağlıq Qarabağla bağlı Azərbaycana qarşı addım atırsa, buna adekvat reaksiya verilir. Amma bunlar seperatçı, tanınmamış rejimlərdir, onların rəsmi heç nəyi yoxdur ki, ona təsir edəsən. Ona görə də Azərbaycan hökuməti dövlət səviyyəsində beynəlxalq qurumlar, təşkilatlar qarşısında məsələ qaldırmalıdır. Hətta, Azərbaycan danışıqlardan çıxmaq kimi də, mövqeini ortaya qoymalıdır. Ona görə ki, son zamanlar beynəlxal təşkilatlar Azərbaycanın yumşaq mövqeindən sui-istifadə edirlər. Bu yaxınlarda "Sərhədsiz Repartyorlar" təşkilatı "DQ"-ya səfər edən şəxslərin "qara siyahı"ya salınması məsələsinin ləğv olunmasını təklif edib. Bu bizim yumşaq movqeimizin nəticəsidir. Əgər yarış baş tutarsa, Azərbaycan işğal altında olan torpaqlarının istənilən vasitələrlə işğaldan azad edilməsi hüququnu özündə saxlamaq şərti ilə danışıqlardan çıxmalıdır".
Qedy edək ki, Dağlıq Qarabağ və onun ətrafında işğal edilmiş bufer zona Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycan əraziləri kimi tanınır - bütün bu ərazilər ölkənin sərhədləri daxilində hesab edilir. Belə olan halda, Azərbaycan dövlətinin icazəsi olmadan hər hansı bir tədbirin keçrilməsinə cəhd Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir. Hələ biz bu yarışların beynəlxalq təşkilatlar tərəfindən tanınmamasını bir kənara qoyuruq...
Akif Nəsirli