Rəsmi simvol - ali dəyər
Bayrağımıza sayğımızın həddi hüdudsuzdurmu?
5 fevral Azərbaycanda dövlət bayrağının rəsmən təsdiq edildiyi təqvimdir. Bu tarix ölkəmizin dövlət rəmzlərindən biri olub, hər birimizə millət və dil qədər əziz olan üçrəngli bayrağımızın yenidən vəsiqə aldığı gündür. Əslində, “Üçrəngli bayrağınla məsud yaşa!” mesajının ünvanlandığı Azərbaycanın bu dövlət simvolunun tarixi yüz il əvvələ gedib çıxır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarıyla qəbul edilən, özündə türkçülüyü, azadlığı, demokratiya və insan hüquqlarını, İslam sivilizasiyasına məxsusluğu təcəssüm etdirən bayrağımız bugünə qədər yaşaya bilib. Yaşaya bilib ki, sovet rejiminin neçə onilliyindən sonra da yenidən özünün varlığını isbat edərək, bu gün də səmada dalğalana bilir...
1991-ci ilin 5 fevralında isə Azərbaycan Ali Soveti dövlət bayrağı haqqında qanun qəbul edərək üçrəngli bayrağa dövlət bayrağı statusu verib. O ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edərək onun bütün dövlət rəmzlərini, o cümlədən, bayrağını da qəbul edib.
Bayraq istənilən dövrlərdə qiymətli hesab olunub. Çünki onun üçün döyüşüb, çarpışıb-vuruşub, uğrunda can alıb, qan töküblər. Bayraq sıradan bir atribut olsaydı, onun ibtidai forması hələ ox-yay, qılınc dövründə hökmdarların, fatehlərin saya-hesaba gəlməz qoşunlarının ilk sırasında, onun üçün xüsusi olaraq tutulmuş bayraqdarın əlində yuxarıda saxlanmazdı. Qədim zamanlarda belə, qələbə çalan tərəf üçün bayrağın qorunması və başqa bayraqların fəthi qələbə, məğlub tərəf üçünsə istənilən əsgər və ya, sərkərdənin bayrağın altından keçməsi bağışlanmaq demək idi.
Bayraq ali məqamına görə, bu gün də rəsmi andiçmələrdə müqəddəs kitabımız - “Qurani-Kərim” və ali qanunumuz olan Konstitusiya ilə bir səhnəni paylaşır. Ən ali, rəsmi-dövlət, beynəlxalq, diplomatik, ictimai-siyasi, iqtisadi, idman, mədəniyyət-incəsənət və digər tədbirlərdə də əsas simvol və dövlət atributumuz məhz üçrəngli bayrağımızdır.
Qeyd edək ki, cəmiyyətdə dövlət bayrağımızın mahiyyəti və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin bayrağa hörmət ruhunda tərbiyə edilməsi məqsədilə dövlət səviyyəsində və qanunvericilikdə müvafiq tələblər nəzərdə tutulub. Qanunun tələblərinə əsasən də, Azərbaycanda müxtəlif dövlət idarə və təşkilatlarda, komplekslərdə üçrəngli bayrağımız asılır.
Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində asılmış bayraq ötən ilin mayında Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim edilib. Baş nazir Cümhuriyyətin 100 illiyinin qeyd olunduğu ərəfədə dövlət bayrağının Türkiyədən Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb. Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan digər məsləkdaşları kimi, Cümhuriyyət dövrünün ictimai xadimi Mirzə Bala Məmmədzadə də belə bir ömür yaşayıb. Onunla birlikdə, vaxtilə parlamentdən asılan bayrağımız da uzun bir mühacirət dövrü yaşamalı olub. Türkiyədə, İranda, Almaniyada, Polşada olan bayrağımızı bu fədakar şəxsiyyət çətinliklər bahasına olsa da, qoruyaraq saxlaya bilib.
Bəs müasirlərimiz bayrağımıza necə münasibət bəsləyir?
Hələ neçə il əvvəl, “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın Türkiyədə 18-ci Beynəlxalq Sevgi, Sülh, Dostluq Festivalında eyniadlı mükafatı almaq üçün əllərində tərsinə asılmış Azərbaycan bayrağıyla səhnəyə çıxması birmənalı qarşılanmamışdı. Onlar sona qədər əllərindəki bayrağın hansı formada olmasına əhəmiyyət vermədən mahnılarını ifa etmişdilər. Hətta beynəlxalq mahnı müsabiqəsindəki təmsilçimiz əlindəki, tərsinə tikilmiş bayraqla mətbuata müsahibələr verəndə belə, onun necə olduğunun fərqinə varmamışdı.
Bayrağımızla bağlı belə hal təəssüf ki, mədəniyyət və incəsənət sahəsini təmsil edənlərin simasında sonuncu fakt olmayıb. Belə ki, “Lider” telekanalında yayımlanan “Əli və Teo” filmində də Azərbaycan bayrağına qarşı sayğısızlıq nümayiş olunub. Qeyd edək ki, Azərbycanın və Gürcüstanın birgə istehsalı olan, hər iki ölkənin məşhur aktyorlarının çəkildiyi çoxseriyalı film-serialın 3-cü bölümündəki kadrların birində bayrağımız tərsinə asılıb. Yəni bayrağımızdakı göy rəng birinci olduğu halda, yaşıl rəng birinci göstərilib.
Təəssüf yaradan məqamlardan başqa biri, bayrağımıza qarşı rəsmi dövlət idarələrində olan hörmətsizliklə bağlıdır. 2010-cu ilin qışında belə bir hadisə, Qazax rayonunun mərkəzində bayrağımızın tərsinə asılması faktı olub. Rayon icra hakimiyyətinin rəsmi göstərişindən sonra diqqətsizliyin nəticəsi kimi qiymətləndirilən bu hal aradan qaldırılıb.
Oxşar hal ötən illərdə Gəncədə, Şabranda və Cəlilabadda da yaşanıb və üçrəngli bayrağımız rayonda tərsinə asılıb.
Yəni ölkə daxilində belə hallar dəfələrlə olub. Rəsmi şəkildə xəbərdarlıqlar olunsa da, müxtəlif qurumların, idarə- təşkilatların, müəssisələrin rəhbərlərinin məsuliyyətsizliyi və diqqətsizliyi nəticəsində belə xoşagəlməz hallar yaşanıb.
Amma bayrağımıza qarşı belə sayğısızlıqlar təkcə ölkə içində məhdudlaşmayıb. 2016-cı ildə hakimlərimizin Bolqarıstanda keçirilən təlim-məşq toplantısından olan fotoreportaj AFFA-nın saytında yerləşdirilib. Hakimlər məskunlaşdıqları otelin eyvanından asdıqları Azərbaycan bayrağını səhv yerləşdirdiklərinin, mavi rəngin sağda olmasının fərqinə varmayıblar. Başqa bir ölkədə bayrağımızı təbliğ etməkdə məqsəd yaxşı olsa da, görüntü bu niyyəti puça çıxarıb. Yəni bayrağa hörmət hissi ondan necə istifadə edilməsinə uyğun olmayıb...
Tiflis şəhər bələdiyyəsi sədriylə Azərbaycanın Gürcüstandakı səfirinin keçən il baş tutan rəsmi qəbulunda da bayrağımız tərsinə asılıb. Masanın üzərindəki bayrağımızın tərsinə forması ölkəmizi təmsil edən diplomatın diqqətini çəkməyib...
“Bayraq mənliyimdir, bayraq kimliyim”
Üçrəngli bayrağımızla bağlı analoji hallar yetərincədir. Lakin onların hamısını sadalamaq fikrində deyilik. Bir neçə faktı da ona görə yada salırıq ki, cəmiyyət qürur mənbəyimiz, müstəqillik simvolu olan üçrəngli bayrağımıza münasibətdə bundan belə daha sayğılı və diqqətli davransın. Bu istiqamətdə ailədə uşaqlara, məktəbdə şagirdlərə, ali təhsil ocaqlarında tələbələrə, idarə-müəssisələrdə işçilərə, əməkdaşlara vaxtaşırı bilgilər, təlimatlar verilsin. Bu məsələdə məsuliyyətsizlik və diqqətsizlik faktlarına ötəri hal kimi baxılmasın. Bayrağımızın milli kimlik olduğu uşaqdan-böyüyə hamıya aşılansın. Şəxsiyyət vəsiqəmizi itirməkdən ehtiyat etdiyimiz kimi, üçrəngli bayrağımıza olan hörməti qorumağı da ilk və vacib işimiz bilməliyik. Bu, qeyd-şərtsiz hamıya, cəmiyyətin bütün üzvlərinə aid olmalıdır. Çünki ölkə daxilində də, xaricində də hardan olduğumuzu Azrbaycanın adı və bayrağıyla tanıyırlar.
Bayraqla bağlı müzakirələr də yetərincədir. Bəzən bu müzakirələr hətta mübahisələrədək gedib çıxır. Bayrağın asılması, hansı məqamda rənglərdən hansının sağda, yaxud solda dayanması, ay-ulduzun hansı tərəfə baxması və digər məsələlər rəsmi, ictimai qurumlarda diskussiyalara səbəb olur. Bu istqamətdə müəyyən dəyişiklik ötən ilin 22 iyununda baş verib. Belə ki, Nazirlər Kabinetinin 2005-ci ilin 25 mart tarixli qərarıyla təsdiq edilmiş dövlət bayrağımızın qaldırılması, asılması, endirilməsi, saxlanılması və istehsalıyla bağlı qaydalarda dəyişiklik edilib. Qərara əsasən, sözügedən qaydaların 12-1-ci hissəsində “mavi” sözü “yaşıl” sözü ilə əvəz edilib. Mövcud dəyişikliyə görə, dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkiləndə və yaxud, şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidiləndə bayrağın yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.
Bu, hələlik, bir məqamla bağlı dəyişiklikdir. Bayrağımızla bağlı müzakirələrə səbəb olan məqamlarla bağlı, güman ki gələcəkdə də dəyişikliklərə ehtiyac yarana bilər.
Dəyişikliklər müsbətə hesablanır, sözsüz ki. Yuxarıda qeyd etdiyimiz mənfi halları müsbətə dəyişməklə bu istiqamətdə biz də öz sözümüzü deyə bilər, müsbət işlərə imzamızı qoya bilərik. Dəyişilməyən yeganə məqam isə, üçrəngli bayrağımıza sonsuz, hədsiz-hüdudsuz hörmətimiz olmalıdır. Həmin bayrağın daim qələbə üçün ucaldılmasını, fəxrlə dalğalanmasını görmək istəyiriksə...
Nigar Orucova