Beyləqanın Telman Məstanov problemi
Rayon əhalisi birinci müavinin həbsini tələb edir
Cənab Prezident Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevi xeyli vaxtdır vəzifədən azad edib. Prezidentin icra başçısını azad etməsi rayon əhalisi tərəfindən rəğbətlə qarşılanıb. Rayon əhalisi sabiq icra başçısının, rüşvətxorluğundan, təhqirlərindən və əxlaqsız hərəkətindən çox narazı idi. Hazırda rayonda sakitlikdir. Bu sakitliyin içində həyacan və nigarançılıq var. Çünki rayon əhalisini yeni təyin olunacaq icra başçısının mənəvi keyfiyyətləri və əxlaqi davranışları çox maraqlandırır. Necə deyərlər, ilan vuran ala çatıdan qorxan kimi, əhali indiyəqədərki rüşvətxor və dağıdıcı icra başçılarının pis əməllərindən çox əziyyət çəkib!
Rayon əhalisini narahat edən ən vacib məsələlərdən əsası isə, sabiq icra başçısının başına yığıb, rayon əhalisinə "divan tutduğu soyğunçu komanda"nın hələ də tam tərkibdə vəzifədə qalmasıdır. Əhali istəyir ki, bu komanda tam tərkibdə istefaya göndərilsin, bəzilərinin fəaliyyəti isə araşdırılsın və məsuliyyətə cəlb olunsun. Əslində, sabiq icra başçısının Beyləqanda uğursuzluğa düçar olmasının əsas nədənlərindən biri məhz, başçının aparata rüşvətlə yığdığı yaramaz kadrlardır. Təsadüfi deyil ki, rayon icra hakimiyyətində çalışan bəzi müavinlərin, şöbə müdirlərinin pis əməlləri ilə bağlı ölkə mediasında mütəmadi olaraq ciddi tənqidi və ifşaedici yazılar dərc olunur. Mətbuatda əksini tapan bu cür yazılarda rayon icra hakimiyyətində çalışanların, xüsusən birinci müavin və təhsil şöbəsi müdirinin fəaliyyətində mövcud olan rüşvətxorluq halları əhali arasında geniş müzakirə mövzusudur. Lakin adıçəkilən məmurlar rüşvətxorluq əməlindən əl çəkmirlər və eybəcər əməllərini davam etdirirlər. Onlar şəxsi qazanc əldə etmək məqsədilə çirkin əməllərini davam etdirərək, rayon əhalisinin kütləvi narazılığından və qəzəbindən çəkinmir, insanların dövlətə olan inamını amansızcasına sarsıdan ləyaqətsiz hərəkətlərə yol verir, ölkə Prezidentinin qətiyyətli, əvəzsiz gərgin əməyi sayəsində çiçəklənən, inkişaf edən qüdrətli hüquqi dövlətə sarsıdıcı zərbə vurmaq hesabına daha çox gəlir əldə etməyə cəhd edirlər.
Rayonda çox qazanmaq məqsədi ilə hər cür cinayətə bulaşmış şəxslər sırasında icra başçısının birinci müavini Telman Məstanovun adı daha çox çəkilir. Sabiq icra başçıları İrşad Əliyevin və Vaqif Abdullayevin əlaltısı kimi tanınan, onların zamanında torpağa dövlət tərəfindən verilən subsidiya pullarının mənimsənilməsindən tutmuş, vəzifəli şəxslərdən qanunsuz pulyığma kampaniyasına başçılıq etməyə qədər, bütün çirkin əməllərlə məşğul olan hazırkı birinci müavin Telman Məsdanov haqqında əhali arasında heyrət doğuran hekayə danışılır. Onun əməlləri əhalinin hədsiz qəzəbinə səbəb olub və xalq arasında sabiq icra başçısının rüşvətxorluğunun icraçısı kimi tanınır. Məlumata görə, hazırda rayonda Telman Məstanovun ayrı-ayrı vəzifəli şəxslərdən və iş adamlarından aldığı pulların geri qaytarılması istiqamətində iş gedir.
Artıq adamlar rayona təyin olunacaq yeni icra başçısının gəlişini gözləyir. Pulu əlindən zorla alınmış məmurların verdiyi məlumata görə, İcra başçısının gəlişindən sonra birinci müavinin yığdığı pulun siyahısı ortaya qoyulacaq və birinci müavindən pulu geri qaytarması tələb olunacaq...
Vaqif Abdullayevin daim pişvazında müntəzir dayanıb, ona evdə yemək hazırlatdıran, qulluğunda duran, tez-tez evinə qonaq dəvət edərək, bundan bəhrələndiyi deyilən birinci müavin haqqında əlimizdə xeyli heyrətamiz məlumatlar var. Lakin əxlaqımız həmin ilginc məlumatları yazmağa imkan vermir...
Rüşvətoxluğu və əxlaqsızlığı barədə rayonda və ölkə mediasında ən çox adı çəkilən kadr Beyləqan Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovadır. Rüşvətxorluğu və əxlaqsızlığı ilə bağlı mətbuatda kifayət qədər çox tənqidi yazılar getsə də, bu xanım tənqiddən düzgün nəticə çıxarıb, çirkin işlərdən əl çəkənə heç oxşamır.
İnsanlar rayon məktəblərində dərs bölgüsü, müəllimlərin işə götürülməsi ilə bağlı müqavilə bağlanması, məktəb direktoru, müavin və digər vəzifələrə təyinatların rüşvətlə həyata keçirildiyini şikayət məktublarında qəzəb və hiddətlə qeyd edirlər. Rayon əhalisini narahat edən təkcə X. Rüstəmovanın rüşvətxor olması deyil, həm də onun sabiq icra başçısının əxlaqsız hərəkətlərinin təşkilatçısı kimi tanınmasıdır.
Rayonun təhsil sisteminin başında yüngül əxlaqlı belə birinin rəhbər olmasını əhali şiddətlə qınayır və həmin insanın vəzifədən uzaqlaşdırılmasını tələb edirlər. Bütün məktəblərdə hökm sürən rüşvətxorluq və qənimətçilik halları rayon ictimaiyyətini ciddi narahat edən məsələlərdəndir. Hər kəs yeni təyinat olunacaq icra başçısının ilk növbədə Rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanı vəzifədən azad etməsini istəyir. Çünki rayonda mövcud olan təhsil sistemi tamamən çöküb və təhsilin aşağı keyfiyyəti ilə heç kəs barışmaq istəmir.
Bir sözlə, rayonda vəziyyət çox ağırdır. Beyləqanda elə bir sahə, idarə, müəssisə, təşkilat tapmaq mümkün deyil ki, orada nizam-intizam, qayda-qanun olsun, normal işgüzar fəaliyyət olsun. İdarələrdə, təşkilatlarda baş verən qanun pozuntuları, məmur özbaşınalığı bütün norma və hədləri aşır. Rəhbər vəzifəli şəxslərin fəaliyyətində ciddi qanun pozuntusu halları hər gün baş versə də, bu barədə ölçü götürən yoxdur.
Beyləqanda əhaliyə xidmət göstərməli olan dövlət müəssisələri cinayət yuvasına çevrilib. Rayonda cinayətkarlıq, oğurluq, fahişəlik, narkomaniya halları çoxalıb. Hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizəsi ölkə səviyyəsindən geri qalır. Bu kimi mənfi halların rayonda artmasını əhali Rayon Polis şöbəsinin sabiq rəisi Füzuli Şıxəliyevin fəaliyyətindəki mənfi hallarla bağlayır.
Mövzuya qayıdacağıq.
Mirdaməd
demokratikmusavat.com