İlqar Abbasovun zəlil qoyduğu Suraxanı
Bu şəxs 13 ildir İcra başçısı işlədiyi halda Əli İnsanovun yaxın çevrəsinə niyə dəstək verir?
Sakinlərin təbirincə desəm, paytaxtda Suraxanı ən geridə qalmış rayondur. Bu rayon hamının gözdən və könülündən uzaq düşüb. Məhz bu uzaqlığın nəticəsidir ki, Suraxanı rayonunun bütün qəsəbələrində acınacaqlı vəziyyət hökm sürür. Yerli idarə və müəssisə rəhbərlərinin vətəndaşlarla qeyri-insani davranışını da bura əlavə etsək, ortalığa çox dəhşətli mənzərə çıxır. Sözsüz ki, rayonda məmur özbaşınalığının baş alıb getməsində, Suraxanının qəsəbələrinin bərbad hala düşməsində əsas səbəbkar rayonun icra başçısı İlqar Abbasovdur. Vətəndaşların şikayət məktublarında Suraxanı rayonundakı təsvir olunmuş ağır vəziyyətin səbəbini müəyyən etmək üçün rayonda sadə jurnalist araşdırması aparmağa başladıq. Qısa müddətli araşdırma nəticəsində müəyyən oldu ki, icra başçısı İlqar Abbasovun yarıtmaz fəaliyyəti rayonun simasını korlamaqla yanaşı, rayon sakinlərini əlavə çətin problemlərlə üzləşdirib .
Axı, İlqar Abbasov kimdir?
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya institutunu bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezidentin 21 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Onun bu posta təyin olunmasının üstündən artıq 13 il keçib. Əsas məşğuliyyəti isə, torpaq alveri, tikinti icazəsi və biznesdir…
Apardığımız araşdırmalar göstərdi ki, İlqar müəllim son illər ərzində Suraxanı rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir müsbət iş görməyib. Daha dəqiq desək, buna cəhd belə, göstərməyib. Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb. Məsələn, rayonun Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxunun icra başçısına məxs olduğu məlum olub. Növbəti yazıda bu obyektləri şəkilləri ilə, daha geniş faktlarla diqqətinizə çatdıracağıq. Hörmətli icra başçısı iddia edə bilər ki, həmin obyektlər onun adına deyil. Lakin bu, cənab başçının biznes fəaliyyəti ilə məşğul olmuram, deməsinə qətiyyən haqq qazandırmır.
Çoxları bilir ki, bu şəxs icra hakimiyyəti strukturlarında işləməmişdən əvvəl aktiv biznes fəaliyyəti ilə məşğul olub. Deyəsən, İlqar Abbasov Suraxanı rayonuna və onun qəsəbələrinə, rayonun yerli idarə və müəssisələrinə də elə biznes strukturu kimi baxır. Bəlkə də…
Başçının adı torpaq alverində tez-tez hallandırılır. Məhz bu səbəbdən mediada Suraxanının adı çox vaxt torpaq alveri ilə bağlı daha çox hallanır. Məlum olub ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində artıq boş torpaq sahəsi tapmaq mümkün deyil. Tikinti üçün verilən sərəncamların qiyməti 5000 manatdan yuxarıdır. Rayon ərazisində küçə ticarətindən yığılan aylıq haqq o qədər yüksəkdir ki, demək olar ki, yerli icra strukturları və bələdiyyələr əhalini bu yolla talamaqla məşğuldur. Başçının başı "alverə" o qədər bərk qarışıb ki, rayonda tüğyan edən problemləri həll etməyi tamam unudub. Məsələn, bir neçə il əvvəl Hövsan qəsəbəsində 28 lift oğurlanıb. Şikayətə gedən sakinlərə icra hakimiyyətində isə, bildiriblər ki, liftlərin “əyləc dolağı” baş idarədə pulla satılır. Hər bir mənzil sahibi 70 manat verməsə, liftlər işləməyəcək. Axı, bu necə rayondur ki, qısa vaxt ərzində 28 lift oğurlanır və oğrular tapılmır!? Rayonun icra başçısı, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri bəs, nə işlə məşğuldurlar? Yaxud, baş vermiş oğurluq hadisəsi indiyə kimi niyə araşdırılmayıb?
İcra başçısının fəaliyyəti ilə bağlı olan başqa bir iddiaya gəlin, nəzər salaq. İddiaya görə, icra başçısı İlqar Abbasovun yerli icra nümayəndələri küçə ticarəti ilə məşğul olan vətəndaşlardan aylıq hesab yığırlar. Bu hesabın adını isə “yer pulu” qoyublar. Bildirirlir ki, Suraxanı rayonu ərazisində hazırda 400-dən çox qanunsuz küçə ticarəti ilə məşğul olan obyekt var. İcazəsiz, lisenziyasız ticarətlə məşğul olan hər bir vətəndaşdan rayon polisinin də aylıq “haqq” aldığı deyilir. O da deyilir ki, Suraxanı Rayon Polis İdarəsinin keçmiş rəisi vəzifəsini məhz rayonda geniş yayılmış qanunsuz küçə ticarətinə görə itirib: “Təzə polis rəisi bəzi yerlərdə küçə ticarətini yığışdırsa da, hələ xeyli sayda küçə ticarəti obyektləri var. Bu obyektlərə isə, birbaşa icra başçısı İlqar Abbasovun adamları havadarlıq edirlər”. İddiaya görə, küçə ticarətindən təkcə icra hakimyyətinin aylıq qazancı 50 min manatdan çoxdur və bu prosesə İlqar Abbasovun «etibarlı adamı» – Etibar Yolçuyev rəhbərlik edir.
Deyilənlərə görə, icra başçısı yuxarılar qarşısında inamı çoxdan itirib. Hələ birinci Avropa Oyunları ərəfəsində aparılan təmir-tikinti işləri zamanı Suraxanı rayonunun baxımsızlıqdan pis vəziyyətə düşdüyü məlum olub. Ayrılan pulların hara xərclənməsi isə, ciddi müzakirə mövzusu olub. Nəticədə Avropa Oyunları məşəlinin Atəşgahdan aparılması xəttinə düşən ərazinin təmir-tikinti işləri ATEF şirkətinin rəhbərinə həvalə olunub. Bir sözlə, İlqar Abbasov bu işlərdən kənarda qalıb. Daxil olan başqa bir məlumatda qeyd edilir ki, hakimiyyətin yuxarı təbəqəsi ilə olan qohumluq əlaqələrinə arxayın olub, rayona nəzarət funksiyasını itirən İlqar Abbasovdan yuxarı instansiyalara çoxlu şikayət məktubları göndərilir. Şikayət məktublarında yer tutan əsas mövzunun fərdi evlərin tikintisi zamanı alınan yüksək rüşvət halları barədə ciddi faktların qeyd olunduğu deyilir. Bir məqama xüsusi toxunmaq istəyirik. İlqar Abbasov icra başçısı təyin olunandan bu günə kimi cənab prezident İlham Əliyev bu rayona çox az sayda səfər edib.
Adətən, cənab Prezidentin yeni obyektlərin açılışlarında iştirak etdiyini nəzərə alsaq, deməli, son 13 il ərzində Suraxanı rayonunda İlqar Abbasov tərəfindən heç bir yeni obyekt inşa edilməyib. Rayon ərazisində olan bütün yollar ölkə prezidentinin sərəncamları ilə yenidən çəkilibsə, bəs, icra başçısı İlqar Abbasov nə işlə məşğul olub?-sualı indi hər kəsi düşündürür. Deyəsən, icra başçısının və müavini Etibar Yolçuyevin başı yalnız şəxsi qazanclarının artırılması qayğısına qalmağa qarışıb.
Son vaxtlar Yeni Suraxanı qəsəbəsinin icra başçısının və bütün komandasının gəlir mənbəyinə çevrildiyi aşkar olunub.
Araşdırma zamanı bəlli olub ki, qəsəbə qanunsuz tikinti meydançasına və torpaq dəllalarının alver bazarına çevrilib. Qəsəbənin Yuxarı Mədən, 6-cı Köndələn və başqa küçələrindəki torpaqlar tamamilə satılıb. Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev rayon icra başçısının qanunsuz, rüşvətə əsaslanan torpaq biznesinin həyata keçirilməsi işində ən önəmli kadra çevrilib.
Suraxanı rayon icra başçısı İlqar Abbasov artıq Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi qoymayıb, indi də Yeni Suraxanını satışa çıxarıb. Məlumatda bildirilir ki, İ.Abbasov Suraxanı rayon İcra Hakimiyyətində torpaq alverini bir neçə şəxsə həvalə edib. Suraxanıda tikinti üçün verilən sərəncamlara görə qeyri-rəsmi ödənişlər 5000 manatdan çoxdur.
Başçının bələdiyyə sədrlərindən ibarət rüşvət komandası daha çox talançılıqla məşğuldur.
Rayondakı sosial-iqtisadi durumla bağlı apardığımız araşdırmalarda məlum olub ki, Qaraçuxur qəsəbəsi İlqar Abbasovun “qazanc mənbələri” siyahısında ön sırada yer alır. Qəsəbədə bələdiyyə sədri İxtiyar Nəcəfov torpağın 1 sotunu 10 və 12 min manata satır. Son 2 ildə qəsəbənin mərkəzi parklarının ətrafında 50 dən çox sahibkar obyekt tikib. Bu obyektlərin tikliməsi üçün verilən torpağın 1 kvadratmetri isə 3000 manatdan aşağı deyil.
Bundan başqa, Hövsan qəsəbəsində “koneçni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək, 2500-3000 manata satılıb. Hövsanda icra başçısının əsas gəlirli biznesi sahəsi kimi, dəniz yaxınlığında yerləşən ərazidə 50-yə yaxın villa tipli evlər tikdirib satması qeyd olunur. Bu biznesə icra başçısının ən yaxın adamı nəzarət edir. Son 7 ildə icra başçısının təşəbbüsü ilə Hövsan qəsəbəsində dənizə yaxın ərazidə 120-dən çox belə ev tikilib satılıb. Həmin evlərin qiyməti isə 80 min manatdan başlayır və daha yüksək müxtəlif qiymətlərə satıldığı bildirilir.
Aparılan araşdırmalar zamanı o da məlum oldu ki, Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov, Əmircan bələdiyyəsinin sədri Rəfael Cəfərov, Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov, Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev və Zığ bələdiyyəsinin sədri Kənan Nəsrullayevin adı qəsəbələrdə "torpaq alverçiləri" kimi çəkilir.
Rayonda icra başçısına və komandasına milyonlar qazandıran yüksək gəlirli digər sahələr barədə araşdırmalarımız davam edir. Təkcə torpaq biznesindən əldə olunan vəsaitin böyüklüyü sübut edir ki, İ.Abbasovun: “Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?!”- deməyə haqqı çatmır. Bundan əlavə, icra başçısı və onun qəsəbələr üzrə köməkçiləri boş yaşıllıq əraziləri də ayrı-ayrı iş adamlarına müxtəlif məqsədlər üçün satıblar.
Yeni Günəşli qəsəbəsi isə bu baxımdan daha çox ziyan çəkib. “Kərpic zavod” kimi tanınan yerin ətrafı da artıq iş adamına satılıb. Qartal heykəlinin ətrafı kimi tanınan ərazidən “Kərpic zavod” istiqamətində gedən yolun kənarında böyük bir ərazi də böyük pula satılıb. Bu barədə artıq mətbuatda xəbər geniş yayılıb. “Söküb, dağıdırıq, guya bilmirlər ki?..” Bu günlərdə İ.Abbasovla bağlı daha bir qalmaqallı xəbər yayılıb. Gələn xəbərlərdən birində qeyd edilir ki, yaxın münasibəti olan icra başçılarından biri nəvəsinin yaşının tamm olması ilə bağlı həmkarları üçün məclis təşkil edib. Bakının bahalı məkanlarından birində təşkil olunan bu məclisdə İ.Abbasovun iştirak etdiyi səkkiz-on nəfər yüksək vəzifəli şəxslər olub. Məclis iştirakçıları xeyli yeyib-içdikdən sonra “sevimli mövzuları” - mətbuatın onlar haqda yazdıqlarını yada salıblar. Əvvəlcə mətbuatın qarasına xeyli danışan, jurnalistləri ağ yuyub, qara sərən məmurlar medianın onlar üçün əsl başağrısına çevrildiyini, jurnalistlərin hər addımlarından xəbər tutduqlarını, evlərinin, maşınlarının şəkillərinin saytlarda yayılmasından şikayətləniblər.
Söhbətdə İ.Abbasov həmkarlarına təsəlli verərək, onlara mətbuatın yazdıqlarından çox da narahat olmamağı məsləhət görüb. Mənbə iddia edir ki, İ.Abbasov öz “müdrik" məsləhətini verib: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, biz sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya, ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq!? Bilmirlər ki, söküb, dağıdırıq!?”.
Məlumatı verən mənbənin dediyinə inansaq, İ.Abbasovun dedikləri məclisdəkilərə soyuq duş təsiri bağışlayıb və onlar tez söhbətin mövzusunu dəyişiblər. Çünki yaxşı bilirlər ki, bu cür səhvlər nəinki, İ.Abbasova, onların özlərinə dı baha başa gələ bilər. Əgər həqiqətən, belə bir məsələ olubsa, İ.Abbasovun buna görə, ciddi şəkildə cəzlandırılacağı şübhə doğurmur. Çünki ortada xeyli belə nümunələr var və onlardan ən yadda qalanı isə, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin öz ad günündə söylədiyi yanlış sağlıqla özünü qara siyahıya salması və vəzifəsi ilə bərabər, bütün imkanlarını da itirməsi heç də uzaqda baş vermiş hadisə deyil.
Araşdırma nəticəsində İlqar Abbasovun gizlin, hakimiyyətə xəyanət sayılan bərbad əməlləri haqqında əldə etdiyimiz bir çox mötəbər mətləbləri hələlik açıqlamırıq.
P. S. Növbəti yazımızda oxuyacaqsınız:
– Qaraçuxur qəsəbəsində torpağın bir sotu neçəyə satılır və ev tikintisinə icazə almaq üçün kimi görmək lazımdır?
– Yeni Günəşli qəsəbəsindəki «Mərasim evi» kimə məxsusdur?
– Etibar Yolçuyevin tikdirdiyi ticarət obyekti niyə yarımçıq qalıb?
– «Altay» restoranının tikintisinə kim icazə verib?
– 33-cü Polis Bölməsi ilə üzbəüz, həmçinin ATS-in yaxınlığında tikilən obyektlərin sənədinə kim qol çəkib?
– İcra başçısı məscidin yerləşdiyi ərazini kimə söz veribmiş?
– İlqar Abbasovu Akif Çovdarov və Eldar Mahmudovla hansı tellər birləşdirir?
– Dövlət Neft Şirkətinin balansında olan torpaq sahələrinin kütləvi satışı necə həyata keçirilib?
– Sabiq səhiyyə naziri Əli İnsanovun keçmiş silahdaşlarından sayılan Vəkil Abbasovla İlqar Abbasovun qohumluğu necə qəbul olunur?
– İcra başçısı Əli İnsanovun yaxın ətrafına hansı dəstəyi verir?
P. P. S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Cumhuriyyət.az