“Azərsu”dan ittihamlara cavab - “Gecikmə olmayıb”



 

Xəbər verdiyimiz ki, Bakı Şəhər İcra Hakimiyyəti dünən paytaxtda yağan güclü yağış və yollarla yaranan gölməçələrlə bağlı yaydığı açıqlamada “Azərsu” ASC-ni sərt ittiham edərək səbəb kimi yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açıldığını bildirib. Bundan başqa, qeyd olunub ki, qurum yaxın gələcək üçün kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, dünən qurum sürətləndirilmiş iş rejimində işləyib və təxliyə xətlərinin açılmasında hər hansı bir gecikmə olmayıb:

“Bizim daxili kollektorla 3 təxliyə xəttimiz var. Onlarda biri Azadlıq prospektində, biri Səməd Vurğun küçəsində, biri isə Yusif Məmmədəliyev küçəsi istiqamətindədir. Yağışla bağlı xəbərdarlıq olduqdan dərhal sonra mütəxəssislərimiz əraziyə gedib, Azadlıq prospekti və Səməd Vurğun küçəsində təxliyə xətləri dərhal açılaraq sular dənizə buraxılıb. Yusif Məmmədəliyev küçəsində isə suyun axını böyük təziq yaratdığından cüzi bir yubanma olub. Bu da insan faktoru ilə bağlı deyil, sırf suyun axını, təziqi ilə bağlıdır. 

Elə bu tədbirlərin nəticəsində, demək olar ki, “Sahil” metrostansiyasını suların altında qalmaqdan xilas etmişik. Bütün qurğularımız, kollektorlar və digər xətlər tam işlək vəziyyətdə olub”.

A. Cəbrayıllı kollektorların gücünün zəif olması ilə bağlı iddiaya cavab olaraq bildirib ki, onlar Sovet dövründə çəkilmiş qurğulardır. 2010-12-ci illərdə isə Almaniyadan gətirilmiş robotlarla yoxlanılıb, xüsusi maşınlarla yuyulub:

“Bakı şəhəri ərazisində kollektorlardan 12 min kub metr həcmində məişət tullantıları təmizlərnib. Onların içində daş, kubik, palçıq,çınqıl, soyuducu, maşın təkəri, heyvan başı və dərisi və s. kimi böyük tullantılar olub. Bu tullantılar təmizləndikdən sonra kollektorların ötürücülüyü 100% təmin olunub. 

Bir sözlə, biz üzərimizə düşün öhdəlikləri tam yerinə yetirmişik. Dünənki subasmanın bir səbəbi var idi, o da yağıntıların qısa müddətdə çox olması. Dünən Nərimanovda Montin adlandırılan əraziyə 37 mm yağıntı düşüb. Bu da aylıq normanın 198%-i deməkdir. Bakı Dövlət Universiteti istiqamətində 26 mm yağıntı düşüb. Özü də bu, qısa müddət ərzində - 20-25 dəiqədə baş verib. Qurğularımız tam işlək vəziyyətdə olsa da, normadan artıq olan yağış sularını həmin müddətdə tam kənarlaşdıra bilmədik. Ancaq yağış kəsəndən yarım saat sonra heç bir küçədə, prospektdə yağış suları yox idi”. 

Günel Hacı