“Azərişıq” ASC Sulutəpəyə işıq vermir, əhaliyə zülm verir



 

Adı korrupsiya ittihamlarında çəkilən Baba Rzayev xalqın səsini niyə eşitmir?

 

Bakının Binəqədi rayonunun Sulutəpə yaşayış sahəsində və ona bitişik ərazilərdə son illər əhaliyə normal sabit amperə malik enerji verilmir. Bu çatışmamazlıq nəticəsində insanlara külli miqdarda ziyan dəyir, “Azərişıq”ın rəhbərliyi isə öz kefindədir. Ərazidə yaşayan əhalinin normal işıq enerjisi almaq məqsədi ilə səhimdar cəmiyyətin rəhbərliyinə dəfələrlə yazılı və şifahi müraciətinə baxmayaraq, bu günə kimi onların şikayətlərinə baxan və problemi həll edən olmayıb. Yayın istisində, qışın soyuğunda normal amperli işıq enerjisi ala bilməyən Sulutəpə əhalisi olduqca çıxılmaz duruma düşüb. Lakin “Azərişıq” ASC-nin prezidenti cənab Baba Rzayevin durumu olduqca çətin olan Sulutəpə əhalisinə kömək etmək niyyəti yoxdur.

Məsələ ilə əlaqədar olaraq həmin ərazidə yaşayan insanların iştirakı ilə araşdırma aparmışıq. Sakinlərin dediyinə görə, “Azərişıq” ASC-nin rəhbərliyi özlərinə məxsus olan mağazalara külli miqdarda elektrik və məişət avadanlıqları gətiriblər. Həmin elektrik avadanlıqlarını satıb pul qazanmaq üçün bir neçə yol düşünüblər. Həmin yollardan biri də əhaliyə verilən elektrik enerjisinin amperini aşağı salmaqdan ibarətdir. Onlar elektrik avadanlıqlarının tez satılması üçün əraziyə verilən işıq enerjisinin amperini qəsədən aşağı salaraq, həm əhaliyə normal enerji vermirlər və normal enerjinin pulunu alırlar, həm də məişətdə işlədilən elektrik avadanlıqlarının tez sıradan çıxmasına və bu yolla əhalini yeni elektriklə işləyən məişət avadanlıqları almağa məcbur edirlər. Digər tərəfdən, özlərinə məxsus olan sabit enerji verən gücləndiriciləri əhaliyə sırıyırlar ki, bu da dolayısı ilə xalqın cibinə girməkdir.

Qeyd edək ki, 03 iyulda Mingəçevir İES-də baş vermiş qəza ilə əlaqədar olaraq ölkə Prezidenti cənab İlham Əliyevin keçirdiyi müşavirədə “Azərişıq” rəhbərliyinin ünvanına səsləndirdiyi tənqidi fikirlər bu gün də öz aktuallığını itirməyib. Səhimdar Cəmiyyətin sədri cənab Baba Rzayev həmişə olduğu kimi, daim iş görmək əvəzinə, ölkə ictimaiyyətinə yalan danışmağa adət etmiş korrupsioner məmurlardan biri kimi, tanınması heç də təsadüfi deyil.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlayıb, Sulutəpə yaşayış sahəsinə normal amperli enerji verilməməsinin səbəbini öyrənməyə cəhd etsək də, zəng etdiyimiz telefonların dəstəyini qaldıran olmadı.

 “Azərişıq” ASC-də ciddi təlatümlər yaşanır

Elektrik enerjisində maxinasiyalar istefalarla nəticələnib. Tutduğu vəzifədən çıxarılan Satış Departamentinin direktoru Qara Nəbiyevlə ASC prezidenti Baba Rzayev arasındakı qovğa da məhz yeyintilərlə əlaqədar olub. Ondan sonra departamentdə çalışan bir neçə vəzifəli şəxs könüllü şəkildə istefa ərizəsi yazmalı olub. 2016-cı ildə Azərbaycanda tariflərin artırılmasına rəğmən «Azərişıq» ASC ötən ili zərərlə başa vurub.

Halbuki, rəsmi açıqlamaya əsasən, şirkətin gəliri 26.7 faiz yüksəlib. Yəni maliyyə hesabatına görə, elektrik enerjisi satışının həcmi 959 milyon manata yaxın olub. Bununla belə, xərclərin artımı gəlirləri üstələyib. Paralel olaraq, istifadə olunmuş enerjiyə görə ödəmələr də ötən illərə nisbətən aşağı düşüb.

Yeyinti faktları rəsmi rəqəmlərdə də dolayısı ilə öz əksini tapır.

Rəsmi açıqlamaya əsasən, il ərzində enerji satışına görə istehlakçıların «Azərişıq» ASC-yə borcları 29.3 faiz artıb. Bu ilin əvvəlinə borcun məbləği kritik həddə - 678 milyon manata çatıb. Hesabatda da etiraf olunur ki, şirkət bu məbləğin 44.6 milyon manatının qayıtmasına şübhə ilə yanaşır.
«Azərişıq» ASC-yə yaranan külli miqdarda borc heç də vətəndaşların istifadə etdikləri enerjinin haqqını ödəməməsindən yaranmır. Burada bir çox dövlət idarələrinin və ayrı-ayrı oliqarx-məmurlara məxsus olan şirkətlərin istifadə etdiyi enerji haqqını ödəməməsindən söhbət gedir. 
Təbii ki, külli miqdarda enerji pulunu ödəməyən böyük şirkət sahibləri əgər vaxtında “Azərişıq” ASC rəhbərliyinin bığının altından keçməsələr, bu boyda pulu onlara elə belə bağışlamazlar. Necə deyərlər “bal tutan barmaq yalayar!” Ən maraqlısı isə odur ki, sözügedən dövlət idarələrinin və şirkətlərin «Azərişıq» ASC-yə borcu qalmasının ən böyük səbəbi israfçılığa yol vermələridir. Buna misal olaraq az əvvəl Bakının mərkəzində çəkdiyimiz fotonu göstərə bilərik. Hansı ki, günorta saatları olmasına rəğmən paytaxt ın mərkəzində yerləşən küçə və meydanların, parkların bir çoxunda işıqlar hələ də yanır.

Bütün hallarda apardığımız araşdırma göstərir ki, əhaliyə işlq əvəzinə zülm verən, yalnız maxinasiyalarla məşğul olan və Azərbaycanda ən çox korrupsiyaya bulaşan təşkilatlardan biri də “Azərişıq” ASC-dir. Əgər bu səhimdar cəmiyyətdə Baba Rzayev başda olmaqla, bütün rəhbər vəzifəli şəxslərin malik olduqları mülkləri, sarayları, saysız – hesabsız bahalı inomarka  avtomobilləri, xaricdəki mülkləri, ərəb şeyxləri kimi, dəbdəbəli keçirdikləri həyat tərzinin nəyin hesabına əldə etdiklərini araşdırsaq, dərhal yadımıza yuxarıda haqqında söz açdığımız 44.6 milyon geri qayıtması şübhəli olan pul düşəcək! Biz hələ əhalidən oğurlanan milyonları demirik...