DQMV xatirələri!



 

Eldar müəllimin arxivindən "oğurladığım" bu tarixi foto Dağlıq Qarabağ Muxtar Vilayətinin əmin - amanlıq illərində Cıdır Düzündə çəkilmişdir . Bu o vaxtlar idi ki , ermənilərin evində gecələyər , bir süfrədə çörək kəsər , badə cingildədib sağlıqlar deyər , ağız dolusu əbədi dostluqdan - sədaqətdən dəm vurardıq . Lal axan çayın dibinin dərinliklərində burulğanlar bilinmədiyi kimi , muxtar vilayətin də gizlinlərində millətçi daşnakların əməlləri o qədər də nəzərə çarpmırdı .
Ulu öndərimiz ölkəyə ilk dəfə rəhbərlik edəndə uzaqgörənliklə vilayətin rəhbər heyətinə Bakıda yetişmiş kadrları yerləşdirmişdi . Bunlara o zamanlar el arasında " əl ermənisi " deyərdilər . Gevorkov birinci katib , Aslanov icraiyyə komitəsinin sədri , Samvelov vilayət prokuroru , Muradov daxili işlər idarəsinin rəisi ,Kələntərov vilayətin hərbi komissarı , Dubrovin təhlükəsizlik idarəsinin rəisi təyin edilmişdi . Ov sonluğu ilə bitən soyadlar Sizi çaşdırmasın . Bunlar azərbaycanlı deyildilər .Sonuncunu çıxmaq şərti ilə bu rəhbərlər hamısı ermənilər idi .Yəni zamanın nomenklaturası bunu belə tələb edirdi .Vilayətdə yalnız Şuşa rayon rəhbərliyində azərbaycanlı kadrlar təmsil oluna bilərdilər . Vilayətin soyadını dəyişdirmiş erməni rəhbərliyi separatçı qüvvələrin baş qaldırmasının qarşısnı ala bilsələr də millətçi daşnakların kökünü tam kəsə bilməmişdilər . Və sonda da elə bu rəhbərlər özləri daşnak oyunlarının qurbanına çevrildilər .
Mən bu yazımda DİO - da ilk rəisim olmuş , milis polkovniki Muradov Vahan Tiqranoviç barədə söhbət açmaq istəyirəm .Bakı ermənisi olan Vahanın atası Tiqran bizim nazirliyin yaxınlığında saç ustası işləyirdi . Çox zəhmli olan , daxili işlər nazirliyi sistemində tək- tək polkovnik rütbəsi daşıyan rəislərdən olan Vahandan ermənilər oddan qorxan kimi qorxardılar .
Həqiqi hərbi xidmətdən qayıtdıqdan dərhal sonra sənədlərimi vilayət milisində işləmək üçün təqdim etdim .Kadrlar şöbəsinin rəisi Aram Qriqoryan altı aya şəxsi işimi hazırlayıb , günlərin birində nəhayət məni rəisin qəbuluna apardı . Raportumu dinlədikdən sonra Muradov qalın qaşlarının altından zəhmlə üzümə baxaraq soruşdu :
- Hərbi hissədən sənə verilən komsomol və xidməti xasiyyətnamələr çox mənfidir . Orada nə etmişdin ?
Rəisə yeni çağırışçı Zərdablı Xaləddin Səfərovu köhnə əsgərlərdən gürcüstanlı Mehmanın əsgər çəkməslə vurub alnını partlatdığı üçün ona qulaqburması verməyimi , Mehman əlaltısı oduğu komandir vzvodumuz ilə əlbir olaraq , azərbaycanlı əsgərlərdən rotamızda qrup yaratdığımı o isə gürcüstanlı olduğu üçün bu qrupa qoşulmaqdan imtina etdiyi üçün onu inctməyim haqda nağıl quraşdırmışdılar .Sonda komsomolçuların ümumi yığıncağında məsələ müzakirəyə çıxarılmış və şəxsi işimə yazılmaqla mənə şiddətli töhmət verilmişdi .Bütün bunları qısa şəkildə məruzə edən zaman Muradov şəxsi işim tikilmiş qovluğu vərəqləyib , kənara qoydu .Başını qaldımadan mənə "gedə bilərsən" dedi .
Artıq milis əməkdaşı olmaq fikrimin baş tutmayacağını zənn edərək məyus halda sənədlərimi geri götürmək üçün kadr rəisinin qəbuldan çıxmasını gözləyirdim .Xeyli keçdikdən sonra kadr rəisi gəlib otağına keçdi və candərdi mənə dedi:
- Muradovun çox xoşuna gəlmisən . Dedi ki , orqana haqsızlıqla barışmayan belə kadrlar gərəkdir .Hərbi hissənin xasiyyətnamələri üstündən altı ay keçdiyi üçün qüvvədən düşübdür .Get təcili olaraq yeni iş yerindən xasiyyətnamələr al gətir .
İşlədiyim Xocalı 3 nömrəli üzümçülük sovxozundan xidməti xasiyyətnamə götürüb yeni yaradılmış Əsgəran rayonunun komsomol komitəsinə getdim .Xocalıda məhsul yığımı dövründə Stepanakert pedaqoji institutunun erməni sektorunun tələbələrini ruhlandırmaq üçün , onlara nümunə olmaq üçün cins geyimdə onlara qoşulub üzüm yiğan rayon komsomol komitəsinin birinci katibi ilə sözümüz çəpləşib əlbəyaxa olmuşduq . Onun tələbələrdən biri olmasını zənn edərək dikbaşlığına görə sözümüz çəp gəlmişdi .Sonradan bildiyimə görə o zaman ikinci katib işləyən , bizi aralaşdıran sarışın erməni artıq birinci katib idi .Bir neçə ildən sonra işlədiyim Stepanakert şəhər daxili işlər şöbəsinə siyasi işlər üzrə rəis müavini təyin ediləcək , İşxanyan Vaqif Aleksandroviç mənə müsbət xasiyyətnamədən əlavə o dövr üçün nadir hallarda rast gəlinən , rayonun nümunəvi komsomolçusu kimi zəmanətlə daxili işlər orqanlarında işləməyə göndərilməyim haqda məktub da vermişdi .
Orqanda işə başladım .Aradan xeyli keçmişdi . Dumanlı , soyuq bir gecədə həyəcan siqnalı ilə vilayət Dİİ -nin yaxalama qrupunun tərkibində Martuni rayonunun Çartar kəndinə göndərildim . O kəndin kolxoz sədri Sosialist Əməyi Qəhrəmanı Suren Adamyan evinin birinci mərtəbəsində yataq otağında , həyat yoldaşı ilə birlikdə qətlə yetirilmişdi .Atəş səslərinə ikinci mərtəbənin balkonuna çıxan oğlunu vurmaq istəyəndə tapança açılmamış "oseçka" vermişdi .Qatil lüləyə yeni patron verəndə o qaçıb evdə gizlənir , pəncərədən qonşuları köməyə səsləyir .Qorxuya düşən qatillər qaçıb aradan çıxırlar .Yataq otağında TT markalı silaha aid iki giliz , həyətdə isə bir atılmamış patron qalmışdı. Qatillər günün ikinci yarısında yaxalandılar .
Bu hadisəyə görə Muradov və vilayətin digər hüquq mühavizə orqanlarının rəhbərləri tutduqları vəzifədən azad edildilər . Daşnak millətçiləri bir güllə ilə iki dövşanı birdən ovladılar . Hərəkata qoşulmayanları həyatından , onlara mane olmağa çalşanları isə vəzifələrindən kənarlaşdırdılar .
O dövrdə vilayət Dİİ - də əməliyyat işləri üzrə rəis müavini işləmiş , uzun illər ölkə polisinə uğurla rəhbərlik etmiş , Xocalımızın böyük oğlu Ramil İdris oğlu Usubov rəisi əvəz etməyə başladı .
Bir neçə ay sonra həyəcan siqnalı ilə bizi indidə vilayətin Mardakert rayonuna göndərdilər . Rəis əvəzi Ramil Usubov sovxoz direktoru Sosialist Əməyi Qəhrəmanı Samvel Mamuntsa qarşı sui qəsd hazırlanması barədə əməliyyat məlumatı daxil olduğunu , əməliyyat müşavirəsində elan etdi .Şübhəli şəxsin əvvəllər məhkum olunmasını , tapança və qumbara ilə silahlanmasını , sovxozun şərab zavodu əazisində otaqların birində gizlənməsini bizə çatdırdı . Əməliyyata rəhbərliyi vilayət Dİİ - nin Cinayət Axtarış şöbəsinin rəisi Qurqen Ayrapetoviç Babunsa həvalə etdi .O dövr üçün unikal sayıla biləçək təlim filmlərində olduğu kimi qan tökülmədən tərəfimizdən xüsusi əməliyyat keçirildi . Babuns səsgücləndirici ilə ona silahı atıb təslim olarsa yüngül cəza alacağı barədə xəbərdarlıq edərək vaxt verdi . Vaxt bitdikdən sonra avtomatlardan səs effekti yaratmaq üçün havaya sürəkli atəş açıldı . Ona yenə də səsgücləndirici vasitəsi ilə xəbərdarlıq edilib , təslim olması üçün beş dəqiqə əlavə vaxt verildi . Ətrafa ölü bir sükut çökmüşdü . Yayın istisində ətrafdakı çinarların üstündə olan quşlarda uçub getmişdilər . Bundan sonra xarici kinolarda nümayiş etdirilən , polislərin "ataka indeytsev" adlandırdıqları yaxalama qrupunun xüsusi əməliyyatı başlandı . Sındırılmış pəncərədən vilayət Dİİ - nin xidmət rəisi Valeri Koçaryanın içəriyə atdığı göz yaşardıcı " Çeryomuxa" adlandırdığımız xüsusi vasitənin ardınca qapını sındıraraq içəri daxil olduq . Onu qandallayıb çölə çıxarmağımız hardasa heç on dəqiqə çəkmədi .
Ramil Usubovun təqdimatı əsasında , nazir general mayor Cəfər Cəbrayıloviç Vəliyev xüsusi əməliyyatın uğurlu nəticəsinə görə qrup üzvlərini mükafatlandırdı .Vaso Elbakidze ilə mənə də hərəmizə yüz manat pul mükafatı verildi.
Illər sonra məlum oldu ki , Heydər Əliyevin etimad göstərdiyi təsərrüfat rəhbərləri vilayətdə gizli şəkildə fəaliyyət göstərən millətçi qruplaşmalara qoşulmadıqları ,onlara maliyyə dəstəyi göstərmədikləri üçün başqa adlar altında aradan götürülmüş və rəsmi Bakıya sadiq olan rəhbərlərin bu yolla vəzifədən kənarlaşdırılmasına nail olmuşlar .Bir müddət sonra vilayət milisinə qatı erməni millətçisi Armen İsaqulov rəhbər təyin edildi .
Hadisələr başlayanda isə separatçılar hələ də vəzifə kürsüsünü qoruyub saxlaya bilmiş Boris Gevorkovu , vilayət sessiyasında Kamran Bağırovun səriştəsizliyindən istifadə edərək istefaya göndərməyə , onun yerinə isə qatı millətçi olan Qenrix Poqosyanı təyin etdirməyə nail oldular.Və bundan sonra hadisələr tamamilə öz məcrasından çıxaraq idarə olunmaz hala gətirildi .
Vilayətdə qala bilməyən keçmiş rəhbərlər Bakı şəhərinə üz tutsalarda burda da qalıb yaşaya bilmədilər .Gevorkovun həyat yoldaşı azərbaycanlı generalın qızlığı olsada Moskvaya köçməyə məcbur oldu . Moskva məktəblərinin birində fizika müəllimi işləməyə başladı .
Bu ermənilərə Ermənistanda da yer olmadığı üçün Vahan Muradov daha uzaqlara üz tutası olur .Almaniyada qaçqın düşərgələrinin birində məskunlaşır .Uzun illər əvvəl həmin düşərgədə olmuş jurnalist qadının yazdıqları çox maraq doğurur :
- Bu qaçqınların içərisində zarafatcıl qoca bir kişi diqqətimi cəlb etdi .Ona uşaqlı , böyüklü hamı Vahan dayı deyərək müraciət edirdi .Onunla həmsöhbət oldum . Onun bir vaxtlar uzun illər boyu muxtar vilayətin daxili işlər idarəsinin rəisi olduğunu öyrəndim .Söhbətimiz xeyli uzandı . Ayrılanda o dərindən ah çəkərək dedi :
- Qızım mənə ağır gələn odur ki , bir vaxtlar faşizmə qarşı vuruşduğum bir ölkəyə sığınıb , onlardan mərhəmət umuram .

Akif Mirsiyaboğlu