Putinin Dövlət Şurasının katibi təyin etdiyi Dyumin kimdir? - DOSYE



 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin köməkçisi Aleksey Dyuminin Dövlət Şurasının katibi təyin olunması barədə fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Buna qədər həmin vəzifəni İqor Levitin icra edirdi.

2016-cı ildən Tula vilayətinə rəhbərlik edən Dyumin, bu ilin may ayının ortalarında Rusiya dövlət başçısının köməkçisi vəzifəsini tutub Levitin bu vəzifədə 2 sentyabr 2013-cü ildən 14 may 2024-cü ilədək çalışıb və daha sonra Rusiya Federasiyasının prezidentinin məsləhətçisi və nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi təyin olunub.

Dövlət Şurası müxtəlif hakimiyyət strukturlarının qarşılıqlı fəaliyyətini təmin etmək, dövlətin daxili və xarici siyasətinin əsas istiqamətlərini və sosial-iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmək üçün nəzərdə tutulmuş konstitusion dövlət orqanıdır. Mövcud məsələlərin həlli üçün Dövlət Şurasının, adətən, ildə bir neçə dəfə prezidentin rəhbərliyi altında toplanan prezidiumu formalaşdırılıb.

Qeyd edək ki, Aleksey Gennadyeviç Dyumin 1972-ci il avqustun 28-də Kurskda hərbi həkim ailəsində anadan olub.

1994-cü ildə Voronej Yüksək Hərbi Radioelektronika Mühəndislik Məktəbini (hazırda N. E. Jukovski və Y. A. Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyasının tərkibində) bitirib. 2009-cu ildə Rusiya Federasiyası Prezidentinin yanında Rusiya Dövlət Xidmətləri Akademiyasını (hazırda RANXİGS) fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında peşəkar yenidənhazırlıq keçib.

Siyasi elmlər namizədidir. 2009-cu ildə Rusiya Federasiyası Prezidentinin yanında Dövlət Xidmətləri Akademiyasında "Səkkizlər Qrupu ölkələrinin əməkdaşlığı çərçivəsində qlobal tənzimlənmənin siyasi aspektləri" mövzusunda dissertasiya müdafiə edib.

1994-1996-cı illərdə Rusiya Hərbi Hava Qüvvələrinin Mərkəzi Kompleks Texniki Nəzarət Şöbəsində mühəndis işləyib.

1996-2013-cü illərdə Rusiya Federasiyası Federal Mühafizə Xidmətində xidmət edib. Dövlətin yüksək vəzifəli şəxslərinin rabitəsini təmin edən bölmədə çalışıb. 1999-cu ilin avqustundan Rusiya Federasiyası Baş naziri Vladimir Putinin şəxsi mühafizə qrupunda olub. Sonra Rusiya hökuməti və prezidenti təhlükəsizliyinin təmin edilməsi idarələrinin rəis müavini vəzifəsini tutub. Dövlət başçısını ölkədaxili və xarici tədbirlərdə müşayiət edib (o cümlədən, Səkkizlər Qrupu, İyirmilik Qrupu, Şanxay Əməkdaşlıq Təşkilatı və APEC sammitlərinə).

2013-cü ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi rəisinin müavini təyin edilib. Rusiya Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə rəhbərlik edib.

2015-ci ildə Rusiya Quru Qoşunları Baş Komandanının birinci müavini - Baş Qərargah rəisi vəzifəsini tutub.

24 dekabr 2015 - 2 fevral 2016-cı il tarixləri arasında Rusiya müdafiə naziri Sergey Şoyqunun müavini olub. İnşaat, yaşayış təminatı, əmlak münasibətləri departamentləri, nazirliyin ekspert idarəsi və əsas hərbi-tibb idarəsini kurasiya edib.

2016-2024-cü illərdə Tula vilayətinin qubernatoru olub. 2 fevral 2016-cı ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin Aleksey Dyumini Tula vilayətinin müvəqqəti qubernatoru təyin edib. Bu vəzifədə vaxtından əvvəl istefa vermiş Vladimir Qruzdevi əvəz edib.

18 sentyabr 2016-cı ildə Dyumin Tula vilayətinin qubernatoru seçkilərində qalib gəlib. Müstəqil namizəd kimi iştirak edərək seçicilərin 84,17%-nin səsini qazanıb (ikinci yeri Kommunist Partiyasının namizədi Oleg Lebedev tutub, 7,53%). Aleksey Dyumin həmin ilin 22 sentyabrında vəzifəyə başlayıb.

19 sentyabr 2021-ci ildə Tula vilayətinin qubernatoru vəzifəsinə yenidən seçilib. Yenə də müstəqil namizəd kimi seçkidə iştirak edərək 83,58% səs toplayıb (əsas rəqibi - Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Vladimir İsakovu - 8,97% səs qazanıb). 22 sentyabrda seçilmiş qubernatorun inauqurasiyası olub.

14 may 2024-cü ildə Dyumin Rusiya Federasiyası Prezident Administrasiyasında işə başlayaraq dövlət başçısının köməkçisi vəzifəsini tutub. Hərbi-sənaye kompleksi, idman və Rusiya Federasiyası Dövlət Şurasının işləri ilə bağlı məsələləri kurasiya edir.

May 2024-cü ildən "Rostex" dövlət korporasiyasının müşahidə şurasına daxildir.

2021-ci ildə general-polkovnik rütbəsi alıb.

Rusiya Federasiyasının Qəhrəmanı adına alyiq görülüb.

III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni, qılınclı IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni, Aleksandr Nevski ordeni və digər mükafatlarla təltif edilib.