Universitetlərimizdə əcnəbi tələbələrin sayını necə artıraq? -Dos. İlham Əhmədov 



 

Universitetlərimizdə əcnəbi tələbələrin sayını necə artıraq?

1. "Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar".

2. "Reytinqlərdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır."

3. "Bir çox beynəlxalq elmi tədqiqatlarda iştirak edir və nəticələrimiz elə də yüksək olmur. Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə təhsil sistemi irəli getmir. Sistem o zaman irəli gedər ki, problemi tapıb onun həlli istiqamətində çıxış yolu tapmalıyıq".

(ETN E. Əmrullayev)

Təhsil müzakirələri bu sahədəki problemlərin həllinə real dəstək ola bilər. Əgər ETN müzakirələrə açıq olarsa, təhsilə dair verilən təklifləri ciddi araşdırarsa, mövcud potensialı bu problemlərin həllinə yönəldərsə, tədricən dəyişikliklərə nail olmaq mümkündür. Hələ az da olsa şansımız var. 5 ildən sonra bu şans da olmayacaq.
Çünki, "Avropa universitetləri çox sürətlə irəliləyirlər".
-Niyə?
-Çünki, "Avropalılar, işi iş bilənə tapşırırlar".
Biz son 15-20 il ərzində təhsilə dair hər il 100-lərlə təklif vermişik, amma bu təkliflər M. Fizulinin salamı kimi havada asılı qalıblar.

Universitetlərimizə bu gün əcnəbi tələbələrin sayı çox azdır. Gələcəkdə daha çox əcnəbi tələbələr cəlb etmək bəs üçün bu gün nə etməliyik?

1. "Universitet"lərimizi universitet etməliyik, yəni, müasir universitet anlayışını gündəmə gətirməli, öyrənməli, müasir universitet modellərini tədqiq və tətbiq etməliyik.
2. Universitetlərimizi tədricən, mərhələlərlə beynəlxalq akkreditasiyadan keçirməliyik, əks halda onların diplomları heç yerdə tanınmayacaq, bu halda çox az tələbə buralara gələcək.
3. Universitetlərimizdə bütün istiqamətlərdə beynəlxalq standartların tətbiqinə nail olmalıyıq. Bu məqsədlə, beynəlxalq standartları öyrənməli, onların tətbiqi mexanizmlərini mənimsəməli və tətbiq etməliyik. "Halva-halva deməklə, ağız şirin olmaz".
4. Universitetlırimizi brendləşdirməli, onların qlobal reytinqlərdə təmsilçiliyinə nail olmalı, dünya təhsil bazarında onları pozitiv mənada tanıtmalıyıq. "Şaftalı və çubuqlu bölmə" kimi antipedaqoji PR kompaniyalarına son qoymalıyıq. Kimdən kimə şikayət edirik?
O müəllimləri hansı nazirlik, hansı universitetlər yetişdirib?
5. Bütün bu prosesləri incəliyinə qədər bilən peşəkar, vətənpərvər və qanuna sayğılı məmur komandası icra etməlidir, çünki, hər şey insan potensialından, menecerlərin peşəkarlıq səviyyəsindən asılıdır. Bu bütün dünyada belədir. Təhsildə 30 ildir ki, velosiped yaradırıq, daha bəsdir. Sivil dünyanın təcrübəsinə baxaq, dost- tanış komandalarının zamanı çoxdan keçib.

Bütün bu işlərin reallaşmasına ən yaxşı halda 10-20 il vaxt lazım ola bilər. Bu işləri reallaşdırmaq üçün vaxt itirmədən, bu gündən etibarın işləməyə başlamalıyiq. Məktəbdən nazirliyə qədər hərə öz yerində, öz işini məsuliyyətlə icra etməli, mahir dirijorun sinxron idarəsi ilə işləməlidir.
Eyni zamanda bütün bu proseslər normal maliyyələşməlidir. Bu halda, bəlkə 10- 20 ildən sonra beynəlxalq təhsil bazarında rəqabətli universitetlər olaraq özümüzü təqdim edə bilərik, universitetlərimizə daha çox əcnəbi tələbələr cəlb edə bilərik.

Ya da, alternativ variant kimi güclü maliyyə qoyaraq, müasir distant təhsil sistemi yaradaraq, 10 ilə əcnəbi tələbələr cəlb edə bilərik.
Amma distant təhsil sahəsində ölkəmizdə olan 25 illik mənasız embarqonu da unutmamalıyıq. Heç bir strateji səhv təsirsiz ötüşmür, xüsusən də təhsil sistemində.
Bütün bunları etməkdə, yenə də problemlər yaranarsa, onda Çingiz Abdullayevin 15 il əvvəl təhsil islahatları ilə əlaqəli verdiyi təklifə nəzər yetirməliyik.          SeherXeber.org