Sumqayıt sakinlərinin 3 nömrəli avtobus problemləri niyə həll olunmur? 



 

Son vaxtlar Sumqayıt şəhərinin nəqliyyatı sahəsində bir sıra işlər görülsə də, bununla yanaşı hələ də şəhər sakinləri bəzi marşrutların fəaliyyətindən razı deyillər və bu tip şikayətlərdən biri də 3 nömrəli avtobuslarla bağlıdır.

Redaksiyamıza yazaraq şikayət edən Zamin Ələkbərov adlı şəxsin məktubunun mətnini olduğu kimi dərc edirik:
"Salam, hörmətli redaksiya. Sumqayıt şəhərindəki 3 nömrə avtobusların sayı çox azdır. Həm balacadırlar, həm də çox gec-gec saatlarda gəlirlər. Dözülməz, dəhşətli, basabas və sıxlıq olur avtobusda. Ayaqüstə durmağa belə, yer olmur. Yəni xəstə olan bir adam bu avtobusa minsə sıxlıqdan ölər. Avtobus yan tərəfə, yerə əyilir yükün ağırlığından. Camaat sürücüyə deyir ki, artıq yer yoxdur, növbəti dayanacaqlarda saxlama, çünki ayaq üstə durmağa belə, yer yoxdur. Sürücü bu sözlərə məhəl qoymur. İllərdir 3 nömrəli marşrut avtobusları barədə şikayətlər edirik, lakin faydası yoxdur ki, yoxdur.

Axı Sumqayıt tək bir şəhərdən ibarət deyil, ətrafları Sumqayıtın özündən böyükdür. 3 nömrəli avtobus isə Hacı Zeynalabdin qəsəbəsinə, Yaşmaya, şəhərin ətraflarına qədər işləyir. O yolda çox sayda zavodlar, fabriklər, iş yerləri, yaşayış massivləri var. Gediş–gəliş çoxdur.
3 nömrəli marşrut avtobuslarının bu cür yararsız fəaliyyətinə nədənsə göz yumulur, insanlara problem yaradırlar. Bu problem nə sirdirsə illərdir həllini tapmır. Sürücülər deyir ki, 3 nömrəli marşrut avtobusları elə sovet vaxtında da belə işləyirmiş.
Bu qədər haqsızlıq olmaz axı. Səhər-səhər 3 nömrəli avtobusla dediyim vəziyyətdə dərsə, işə gedən adamın psixologiyası pozulur, o adamın gördüyü iş, oxuduğu dərs də keyfiyyətsiz, faydasız olur.
Bu işə rəhbərlik edən şəxslərdən xahişimiz budur ki, böyük tutumlu avtobuslardan çox sayda gətirsələr bizi bu bəladan qurtarsınlar. Adam nə qədər əsəb, stres keçirər?
Tez-tez 3 nömrəli marşrut avtobuslarından xarab olub yolda qalanları da olur, təmirə gedir, onda vəziyyət daha da betər olur. Çünki zatən az olan avtobus sayı daha da azalır. 
Hər adam da şəxsi avtomobil almaq imkanında deyil. Maddi durumu son dərəcə aşağı olan insanların son ümidi marşrut avtobuslarınadır. Bunların da ümidinə qalaraq olmazın əzabını çəkirik. Adam qalır çarəsiz, ümidsiz durumda. Olmaz belə.
Dünya praktikasında görünüb ki, insanları ictimai nəqliyyata həvəsləndirirlər ki, camaat şəxsi maşına yox, avtobusa minsin, tıxac azalsın, Sumqayıtda isə tam tərsinədir.  Adam hər dəfə 3 nömrəli avtobusla gedəndə öz həyatına nifrət edir, peşiman olur ki, niyə şəxsi avtomobili yoxdur. 
Dedilər Sumqayıt nəqliyyatı "AYNA"ya verilib, sevindik ki, bəlkə nəsə müsbət dəyişikliklər olar. Ancaq heç nə dəyişmir.
Bu çəkiləcək dərd deyil. Xahiş edirik, 3 nömrəli avtobus probleminə çarə tapılsın. Bir belə zülm olmaz.  Bizi uzun illərdir davam edən bu zülmdən xilas etməyinizi xahiş edirik".
Hörmətlə, Zamin Ələkbərov

SeherXeber.org