Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır



 

1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

"Qafqazinfo”nun məlumatına görə, təqsirləndirilən vəkil konvoy müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Əvvəlki prosesdə Sümbülə Əliyeva işə baxan hakimlərə etiraz edəcəyini demişdi. Bu gün xanım müttəhim etirazını əsaslandırıb.

Belə ki, Əliyeva məhkəmə tərkibinə daxil olan iki hakimdən-sədrlik edən Mahmud Ağalarov və yan hakim Samir Əliyevdən narazıdır. Digər hakim Faiq Qəniyevə isə etirazı yoxdur.

Əliyeva etiraz ərizəsində yazır ki, sözügedən hakimlər onun tərəfindən verilən vəsatətlərin hamısını rədd edir. O vəsatətlər ki, iş üçün əhəmiyyətlidir. Məsələn, əlavə şahidlərin dindirilməsi, sənədlərin toplanması və.sair.

Təqsirləndirilən şəxs bunu hüquqlarının pozulması kimi qiymətləndirir:

"İddia olunur ki, 200 min manat mənimsəmişəm. Amma maliyyə sənədləri araşdırılmır. Araşdırma olmadan istintaq yekunlaşdı. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istədi. Bundan sonra mən sarsıldım. Səhhətim pisləşdi, haqqımda axtarış qərarı çıxarılıb. Xəstəxanada olan adamı axtarışa verərlər? Əgər məqsəd məni cəzalandırmaqdırsa, onda güllənmə cəzası verin”.

Əliyevanın vəkili müvəkkilinin etirazının əsaslı olduğunu deyib.

Prokuror Ziya Mansurov müttəhimin ərizəsində hakimlərə etiraz üçün əsaslar olmadığını bildirib:

"Belə başa düşdüm ki, məsələni hakimlərin işdə maraqlı olmasına gətirib çıxarmaq istəyirlər. Amma ərizədə qeyd edilənlər etiraz üçün əsas deyil. Vəsatət rədd edilməlidir”.

Hakimlər müşavirədən qayıtdıqdan sonra sübut yetərsizliyi səbəbindən vəsatətin baxılmamış saxlanıldığını elan ediblər.

Qərardan sonda Sümbülə Əliyeva prokuror Ziya Mansurovdan da narazı olduğunu, dövlət ittihamını onun müdafiə etməsini istəmədiyini deyib.

Vəkil Mansurova qarşı etiraz ərizəsi hazırlamaq üçün vaxt istəyib. Bu səbəbdən proses aprelin 25-ə kimi təxirə salınıb.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.