Bank seçərkən nələrə diqqət yetirilməlidir?



 

Kredit götürmək istədikdə və ya banka pul yatırım zamanı müştərilər arasında tərəddüd edənlərə rast gəlinir. Onları narahat edən məqamlar fərqlidir. Bəziləri bankın bağlanma ehtimalı və ya yatırım etdiyi vəsaitin risklə üzləşəcəyinə görə narahatlıqlarını ifadə edirlər.

Bəs insanlar bank seçərkən hansı amillərə diqqət etməlidirlər?

İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a deyib ki, bank seçərkən müştərilər onun dayanıqlığını nəzərə almalıdırlar.

Onun sözlərinə görə, müştərilər bankın reytinq, kapital və bu günə qədər göstərdiyi performansı ilə yanaşı, onun kredit faizlərinə də xüsusi diqqət yetirməlidirlər:

"Müqavilələri bağlayarkən banklar çox zaman iri həcmli müqavilələr təklif edirlər. Bununla yanaşı məsuliyyəti daha çox vətəndaşın üzərinə qoymağa çalışırlar. Kredit alarkən bu məqamlara xüsusi diqqət yetirmək lazımdır. Çox zaman vətəndaşlar oxumadan müqavilələri imzalayırlar. Belə olan təqdirdə fors-major situasiyalarda vətəndaş daha çox məsuliyyət daşıyır. Ona görə də çox yaxşı olar ki, vətəndaşlar bank seçməzdən öncə onların reytinqini yaxşıca araşdırsınlar. Həmçinin istənilən müqavilələri bağlayarkən bu sahədə az məlumatlıdırlarsa, hansısa bir hüquqşünasla məsləhətləşərək müqavilələri imzalasınlar".

İqtisadçı ekspert Eldəniz Əmirov isə İqtisadiyyat.az-a deyib ki, fiziki və hüquqi şəxs baxımından, yaxud da hər hansısa bir şirkət tərəfindən bank seçimində müəyyən fərqlər vardır.

Onun sözlərinə görə, şirkətlərin, hüquqi şəxslərin banklarla münasibətləri daha genişdir: "Əsas məsələ bankın hansı xidmətlərindən istifadə edəcəksənsə, məhz o konteksdə bankın seçilməsidir. Yox, əgər sadəcə vətəndaş olaraq banka əmanət yatırıb onun faizini 4-5 il sonra götürməklə bağlı bank seçilirsə, o zaman depozitin (əmanətin) faizi və bankın etibarlılıq məsələsi burada mühüm rol oynayır".

E.Əmirov söyləyib ki, bankın etibarlılığının müəyyən olunması üçün araşdırlamalara ehtiyac var: "Əgər bir vətəndaş heç bir bank araşdırması edə bilmirsə, o zaman depozit faizini 12%-dən yuxarı təklif edən banklarda risklərin daha çox olduğuna diqqət yetirməlidir. Bütün hallarda ehtiyyatlı davranmaq mütləqdir. Bu, bank və ya bank olmayan digər təşkilatlar da ola bilər. Amma hazırda Azərbaycanda 10 fazili depozitlər vardır. Elə banklar var ki, həm etibarı yüksəkdir, həm də depoziti 10%-dir. Yəni, ümumiyyətlə, çox vaxt bankların təqdim etdiyi depozit faizləri ilə onların etibarlılıq göstəriciləri tərs mütənasib olur".