Şahid ifadələri - Azərbaycanlılara qarşı soyqırımın sübutu



 

ŞAHİD  İFADƏLƏRİ -- AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMIN SÜBUTU
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxış­larında dəfələrlə Qərbi Azərbaycanın, İrəvanın, Zəngəzurun və Göyçənin ta­rixi Azərbaycan torpaqları olduğunu vurğulamışdır. Ölkə rəhbəri Qərbi Azər­baycandan olan bir qrup ziyalı ilə görü­şündə demişdir: “…Qərbi Azərbaycan tarixi Azərbay­can diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bili­rik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Lakin keçən əsrdə   Qərbi Azərbaycandakı - indiki Ermənistan ərazisindəki adları Azərbaycan mənşəli, əsrlərlə  azərbaycanlıların yaşadıqları yüzlərlə kənd erməni silahlı dəstələri tərəfindən dağıdılaraq həmişəlik xarabalığa çevrilmişdir. Q.Muradyan adlı bir erməni 1920-ci ildə ermənicə “Joğovurd” qəzetində  dağıdılmış azərbaycanlı kəndləri haqqında yazırdı: “…bu kəndlərin əhalisi Ermənistan sərhədlərini tərk etmişlər (qovulmuşlar- İ.V.). Mən dağıdılmış kəndlər gördüm ki, orada bir neçə pişik və iki-üç it qalmış­dı. Onlar bu ölüm sükutuna təəccüblənir, qeyri-adi və qəribə səslə hürürdülər”.  
İrəvan Quberniyasının Üçkilsə (Eçmiadzin, sonralar Talin rayonu) qəzasına daxil olan Ağcaqala, Eşnək, Əkərək, Dian, Quldərviş və Yuxarı Kolanı kəndləri də ermənilər tərəfindən viran qoyulmuş həmin kəndlərdəndir. Bu kəndlərin sakinləri isə erməni soyqırımının canlı şahidləri idi.   
           1918-ci ildə adları çəkilən kəndlərdən - öz doğma tarixi-etnik torpaqlarından qovulanların keçmiş Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu kəndində məskunlaşmalarından 105 ildən çox vaxt keçmişdir. Artıq bu adamların heç biri həyatda yoxdur. Hazırda həmin kənddə onların törəmələri – övladları, nəvə, nəticə və kötücələri yaşayırlar.  
           Qeyd etməliyik ki, deportasiyaya məruz qalanlar Yaqubluya gəlib yerləşənə kimi onların çoxu erməni vəhşiliyinin qurbanı olmuş, bir hissəsi isə fiziki sarsıntılara və mənəvi genosidə, ağır həyat şəraitinə, kəskin iqlim dəyişikliklərinə dözməyərək yolda-izdə həlak olmuşdular. Ona görə də ağcaqalalı Qəni Abbasov şeirlərinin birində  obrazlı şəkildə demişdi ki, “Altmış kənd yiğildıq, bircə kənd olduq”.
Adları çəkilən kəndlərdən qovulanların başlarına gələn müsibətləri təsvir etmək belə insana əzab verir. Yeniyetmə vaxtlarımda yaşlı nənə və babalarımın (soyqırım şahidlərinin) öz aralarında etdikləri söhbətlər yadıma düşür. Onlar Qərbi Azərbaycandakı kəndlərindən, oranın təbiətindən, sayılıb-seçilən şəxslərindən, adət-ənənlərindən, geyimlərindən (dingə, güləbatın küləcə, mintənə, kəlağayı, çəpkən, çəpgəni ətlaz və s.) süfrə mədəniyyəti və yeməklərindən (əriştə şorbası, əvəlikli çəkməcə, irəvan kətəsi, yalançı dolma, balıq çörəyi, yeznə şirnisi, növbənöv plovlar, sac yeməkləri, daş küftəsi, çaşır turşusu və s.), Novruz bayramını necə qeyd etmələrindən elə şirin-şirin danışırdılar ki! Elə bilirdim ki, nağıllar aləmindəyəm. Gətirdikləri tikmələrin üzərində rəngli saplarla işlənmiş mifoloji elementlər isə məni sehrli, qəribə bir aləminə aparırdı.  
 Başlarına gələn müsibətlərdən söz açanda gözlərindən axan yaşı tez əllərinin dalı ilə silirdilər ki, görən olmasın. Üzdən gülsələr də, ürəklərində böyük bir nisgil vardı: Vətən, torpaq nisgili. Mahiyyətini başa düşmədiyimə görə onların ağlamağına bir məna verə bilmirdim. Sonralar başa düşdüm ki, onlar paramparça olmuş Vətənin, deportasiyaya məruz qalaraq həlak olan soydaşlarının, həm də özlərinin taleyinə ağlayırmışlar. Üstündən illər keçsə də, baş verənlərin, erməni vəhşiliklərinin, aldıqları mənəvi yaraların ağrısını-acısını yaşayır, məruz qaldıqları həmin dəhşətli hadisələrin təsirindən çıxa bilmirdilər.
 Bu adamlarla təmasda olarkən həmişə onların ürəklərində o məşəqqətli illərin ağrısının qaldığını hiss edirdim. İki daşın arasında   yaylıqlarının ucuna düyünləyib gətirdikləri bir ovuc vətən torpağını tutya kimi qoruyurdular. Ağcaqala, Eşnək, Əkərək, Dian, Quldərviş və Yuxarı Kolanıdan gətirdikləri həmin torpağı qəbrlərinin üzərinə səpməyi bir-birinə vəsiyyət edirdilər.
Onlar XX əsrin 60-70-ci illərində Qərbi Azərbaycana gedib dədə-babalarının yurd yerlərini ziyarət edib qayıdan həmyerlilərini, oğullarını, nəvə-nəticələrini saatlarla söhbətə tuturdular.  Doğma yurd yerlərinin qoxusunu ora gedib-qayıdanlardan almaqla təskinlik tapırdılar.
Kənd sakinlərindən Məmmədov Məmməd İsa oğlu, Abdullayev Əli Kərim oğlu, Abbasov Qəni Allahverdi oğli, Əhmədova Səriyyə Cəlil qızı, Poladova Qızdarxanı Qurbanəli qızı, Abbasov Həsən Allahverdi oğlu, İmamverdiyev Hüseyn İsmayıl oğlu, Rzayev Qafar Abdulla oğlu, Abdullayev Məmmədəli Əlyar oğlu, Məmmədov Mirabbas Ağəli oğlu, Mehdiyev Kərim Kazım oğlu, Rzayeva Ənbər Abdulla qızı, Abdullayev Abdulla Kərim oğlu və onlarla digərləri erməni vəhşiliklərinin canlı şahidləri idilər. Onların söylədikləri “qorxulu nağıllara” oxşayırdı. Balaca uşaqlar qorxduqları üçün bu hadisələr onların yanında söylənmirdi. Amma bunlar nağıl yox, dəhşətli və acı həqiqətlər idi.  
 Bu gün  canlı şahidlərin özləri həyatda olmasa da, onların erməni vəhşilikləri barədə söylədikləri övladlarının, nəvə-nəticələrinin, kötücələrinin yaddaşında  yaşamaqdadır.  
Erməni quldurları tərəfindən nənə-babalarımızın  başına gətirilənləri xatırlamaq nə qədər çətin olsa da, onları yaddan çıxarmamalı, gənc nəslin yaddaşına petroqlflər  kimi həkk etməliyik. Bəyəm, başımıza gələn bəlaların bir səbəbi də unutqanlığımız deyilmi!? Hafizəsi olmayan xalq isə  məhvə məhkumdur.
 Nə yaxşı 2003-cü ildə çap olunmuş “Yaqublu və yaqublular” kitabımda həmin şahidlərin bəzilərinin ifadələrini verə bilmişəm. Erməni vəhşiliklərinin sübutu olan həmin ifadələrdən bir neçəsini Sizlərin də nəzərinə çatdırmaq istərdim. Zənn edirəm ki, bu ifadələr sizin “hiyləgərlikləri olduqca iyrənc, alçaqlıqları olduqca dözülməz, əclaflıqları olduqca təəssüfləndirici olan” (fransız səyyahı qraf De-Şolye) ermənilərin xalqımızın başına açdıqları fəlakətlər barədə  təsəvvürlərinizi az da olsa, genişləndirəcək.
İlk ifadə erməni vəhşiliklərinin canlı şahidi Qurbanov Əkbər İbrahim oğluna aiddir. O  söyləyirdi ki, “Ağcaqaladan uzaqlaşandan sonra axşamçağı bir dərəyə gəlib çatdıq. Dayanmalı olduq. Burda bir neçə azərbaycanlı ilə rastlaşdıq. Onlar yaxınlıqdakı kənddən olduqlarını söylədilər. Dedilər ki, ermənilər kəndin bütün əhalisini yuaxınlıqdakı dərəyə toplamış və hamısını qırmışlar. Səhər açılanda gözlərimizə inanmadıq. Dərə cəsədlərlə dolu idi. Öldürülənlərin çoxunun əzaları (başı, qolu, qıçı) ayrılmış, qarnı yırtılmış,, gözləri oyulmuşdu. Onların içərisində çoxlu qadın və uşaq cəsədləri vardı.  Bu vəhşiliyə ürək dözə bilməzdi. Şahidlərin hamısı ağlayırdı. Fəqət burada ləngimək ölümə bərabər idi. Ürəyimizə daş basıb yolumuza davam etməyə qərar verdik. Çox çətinliklə Gəncəyə gəlib çıxdıq. Sonra isə indiki Şəki rayonunun Cəyirli və Qayabaşı kəndlərində bir müddət yaşadıq. Nəhayət, gəlib Yaqubluda məskunlaşdıq”. (Onu da qeyd edək ki, Əkbər kişi hələ Qayabaşı kəndində yaşayanda qardaşı Qurbanla türk hərbi hissələrinin tərkibində ərazidəki kəndlərin quldur erməni tör-töküntülərindən təmizlənməsində fəal iştirak etmişdi.)
Hadisələrin canlı şahidlərindən başqa biri - uzun müddət kənddə kolxoz sədri və sovet sədri işləmiş, keçmiş RPK-nin büro üzvü olmuş, eşnəkli Rzayev Qafar Abdulla oğlu söyləyirdi ki, Eşnəyi məcburən tərk edərək Azərbaycana gələrkən yollarda azərbaycanlı kəndlilərin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili  orqanları ilə rastlaşırdıq. Onların çoxu qadın və uşaq meyitləri idi. Cəsədlər yaxınlıqdakı quyulara doldurulmuşdu.
84 yaşlı Abdullayeva Əsmayə Əhməd qızı isə anası Əhmədova Səriyyə Cəlil qızından eşitdiyi hadisəni belə danışırdı: “1918-cı ildə ermənilər Ağcaqalaya hücum etdilər. Xeyli müqavimət göstərən ağcaqalalılar axırda kəndi tərk etməyə məcbur oldular. Sonralar öyrəndik ki, kənddən vaxtında çıxa bilməyənləri ermənilər iri damlara doldurub diri-diri yandırmışlar. Əlikörpəli, hamilə qadınlar, uşaqlar, qocalar at və öküz arabalarında günlərlə yol gedirdilər. İgid oğlanlarımızın sayəsində kənddən çıxanların bir qismi Naxçıvana və Türkiyəyə keçdilər. Bir müddət Türkiyədə sığınacaq tapdıq. Sonra Gəncəyə gəldik. Daha sonra Qəbələ rayonundakı Nic kəndində məskən saldıq. Qohum-əqrabaları axtara-axtara gəlib axırda Yaqubluya yerləşdik”.
Oğuz şəhərində məktəb direktorü işləmiş Y.Əliyev keçən əsrin 60-cı illərində atası Abdullayev Məmmədəli Əlyar oğlundan eşitdiyi hadisəni  nəql edirdi: “Atam deyirdi ki, artıq qırğın düşmüşdü. Çarəmiz arvad-uşağı da götürüb kənddən çıxmaq idi. 50-60 ailə baş götürüb kənddən uzaqlaşdıq. Axşamçağı gəlib bir erməni kəndinə çatdıq. Ermənilər bizi “mehribanlıqla” qarşıladılar. Təklif etdilər ki, gecəni burada qalaq, səhər özləri bizi yola salacaqlar. Əvvəl razılaşdıq. Gecə şübhələnib bir hissəmiz xəlvətcə kəndi tərk etdik. 20 nəfərə qədər isə kənddə qaldı. Xeyli yol getdik. Sonra dayanıb geridə qalanları gözlədik. Bir azdan uzaqdan bir nəfərin gəldiyini gördük. Onu qarşılamağa getdik. Çatanda həmin şəxsin kənddə qalan həmkəndlilərimizdən biri olduğunu gördük. Qan içində zorla nəfəs alırdı. Söylədi ki, səhərə yaxın ermənilər onları yola salmaq adı ilə kənddən çıxarmış, xeyli aralıdaki dərənin kənarına gətirmiş, bütün var-yoxlarını əllərindən almış və hamısını qılıncdan keçirmişlər”.  
Yuxarıda da qeyd etdiyimiz kimi bu cür ifşaedici ifadələr çoxdur. Bütün bunlar bir daha sübut edir ki, erməni vəhşiliyinin həddi-hüdudu olmamışdır.
Məlum olduğu kimi XX əsrin əvvəllərində ermənilər ancaq Qərbi Azərbaycan - Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Əsrin sonlarında törədilən Xocalı faciəsi isə əsl genosid idi.
O müdhiş illərin üstündən xeyli vaxt ötmüşdür.  Əsas məsələ, yuxarıda da qeyd etdiyimiz kimi, erməni vəhşiliklərini unutmamaq və unutdurmamaqdır. Xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.   
Vətən müharibəsində dövlət rəhbərliyi ilə xalqımızın birliyi, qəhrəman oğullarımızın sayəsində  erməni quldurlarından qisas alınsa da, “Dəmir yumruq” isə həmişə hazır olmalıdır. 200 ildən artıqdır ki, türk xalqlarına qarşı düşmənçilik siyasəti aparan ermənilərə inanmaq olmaz! “Qardaş olub Hayastan-Azərbaycan” “sovet nağılına” heç  inanmaq olmaz! Çünki tarix sübut edib ki, “…ermənilər xəyanətkar və arxadan zərbə vurandırlar.” Az qala 1000 il bundan əvvəl “Qabusnamə”də onlar haqqında deyilirdi ki,“…Yer kürəsində mövcud xalqlardan ermənilər ona görə fərqlənirlər ki, onların xarakterində və təbiətində murdarlıq vardır. Ermənilər olduqca nadürüst, arxadan zərbə vurandırlar. Riyarkardırlar, Oğrudurlar. Çörəkləri düzlərinin üstündədir, Həmişə özünüzü onlardan qoruyun”. A.S.Qriboyedov rus imperatoruna məktubunda yazırdı: “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşayandan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır”. İsveç səyyahı Adam Mets nahaq yerə deməyib ki, “ermənini bircə saatlığa nəzarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək”.  
Tarixi həqiqəti isə dəyişdirmək müm­kün deyil. İlahi ədalət bir gün mütləq təcəlli edəcək. Vaxt gələcək Qərbi azərbaycanlılar öz doğma  dədə-baba torpaqlarına qayıdıb orada yaşayacaqlar.  Ermənilər istəsələr də, istəməsələr də, bu olacaqdır!  
 Çünki Qərbi Azərbaycanın əsl sa­hibi bizim xalqımızdır və soydaşlarımızın o əraziyə qayıdıb orda yaşaması isə on­ların əzəli insanlıq haqqı və beynəlxalq normalarla müəyyən edilən hüququdur.
                                                                            İmran Verdiyev,
 
Azərbaycan Respublikasının Əməkdar müəllimi