Ən çox maaş alan siyasi liderlər – kimin pulqabısı daha “qalın”dır?



 

Onlar da sıravi insanlar kimi gördükləri işə görə aylıq maaş alırlar. Bir çox xərcləri dövlət tərəfindən qarşılansa da, sözsüz ki, siyasi liderlərin də pula ehtiyacları olur.
 
Maraqlıdır, siyasi birincilər ölkəni idarə etdiklərinə görə nə qədər maaş alırlar, hansı dövlət başçısının pulqabısı daha “qalın”dır?
Ən yüksək maaş alan dövlət başçılarının siyahısına Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden liderlik edir.

BAYDEN SON.jpg (169 KB)

Onun illik rəsmi qazancı 400 min dollara çatır. Bundan əlavə, Amerika prezidentinə il ərzində 50 min dollar şəxsi xərclərinə, 19 min dollar əyləncələrinə, 100 min dollar isə səfər xərclərinə pul ayrılır. Qeyd edək ki, ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəzifəyə gəldiyi andan bu günə qədər Amerika prezidentlərinin maaşlarında cəmi 5 dəfə artım olub - 1873, 1909, 1949, 1969 və 2001-ci illərdə.

Almaniya kansleri Olaf Şoltsun maaşı Amerika prezidentinin maaşından cüzi rəqəmlərlə fərqlənir. Kanslerin illik qazancı 390 min dollardır. Baydendən fərqli olaraq bu məbləğə Şoltsun bütün xərcləri də daxildir.

SOLTS.jpeg (161 KB)

Avstraliyanın baş naziri Entoni Albaniz tutduğu vəzifəyə görə ildə 380 min dollar qazanır. Bu ölkədə dövlət məmurlarının maaşları sonuncu dəfə 2023-cü ildə artırılıb.

Kanadanın baş naziri Castin Trüdo həmkarlarından çox da geri qalmır. 2015-ci ildən baş nazir kürsüsündə əyləşən 52 yaşlı Trüdonun illik rəsmi maaşı 379 min dollardır. 2023-cü ildə Kanadada keçirilən sorğu zamanı ölkə vətəndaşları baş nazirin maaşının yüksək olduğundan “gileyləniblər”.

2001-ci ildən Yaponiya hökumətinə başçılıq edən Fumio Kisida tutduğu vəzifəyə görə ildə 270 min dollar maaş alır. Baş nazirin maaşı 2023-cü ildə artırılıb.

Yuxarıda qeyd olunan məbləğlərdən 10-15 dəfə az maaş alan prezidentlər də var.

Moldova prezidenti Maya Sandu il ərzində 14 min dollar alır. Xanım siyasətçi ay ərzində təxminən 1100 dollarla kifayətlənir.

Litva prezidenti Gitanas Nausedanın illik rəsmi qazancı 10 min dollardır.

Müharibə şəraitində olan Ukraynanın prezidenti Volodimir Zelenskinin illik maaşı isə daha azdır. Apardığı hərbi və siyasi mübarizələrə görə onun illik maaşı 9 min dollara da çatmır.

ZELEN PUL.jpg (156 KB)

“Qarşı tərəf”in, Rusiya prezidenti Vladimir Putinin maaşı isə daha yüksəkdir. Prezidentin illik maaşı təxminən 110 min dollara çatır ki, bunu da 12 aya bölsək, 9 min dollar civarında olur.

SSRİ dövründə sovet liderləri arasında isə baş katib kimi ən yüksək maaşı Konstantin Çernenko alıb. Baş katib seçildikdən sonra onun maaşı 1250 rubldan 1720 rubla qaldırılıb.

Lenin 500 rubl, İosif Stalin əvvəl 225, daha sonra 500 və 1200, Nikita Xruşov 800, Leonid Brejnev 1200, Yuri Andropov 800, Mixail Qorbaçov 500, prezident kimi isə 3 min rubl aylıq maaş alıblar.

Mövcud dövrdə bu məbləğlər sıravi vətəndaşların maaşlarından 8-10 dəfə çox olub. Baş katiblərin qazancı təkcə maaşla yekunlaşmayıb. Mükafatlar və qonorarlar kommunist liderlərinin şəxsi xəzinələrini kifayət qədər böyük pullarla zənginləşdirib. Məsələn, 1973-cü ildə özünü Lenin mükafatına layiq görən Brejnev bu mükafata görə 25 min rubl pul alıb. 1979-cu ildən başlayaraq Brejnev müəllifi olduğu “Kiçik torpaq”, “Dirçəliş” və “Xam torpaq” kitablarına görə böyük məbləğlərdə gəlir əldə edib. Qeyd edək ki, bu kitabların hər biri ayrı-ayrılıqda 15 milyon tirajla çap olunub. Bu tirajdan əldə olunan qonorarın məbləğini təsəvvür etmək o qədər də çətin deyil.

Brejnevin qonorar qazancından nümunə götürən Andropov elə ay olub ki, 8 min rubl qonorara qol çəkib. Çernenkonun isə müntəzəm aldığı qonorarların məbləği 4-5 min rubla çatıb.

“Ədalətli” rəhbər sayılan Stalin isə pullarının qədərini bilməyib.

Stalinin qızı Svetlana atasının pula münasibətilə bağlı xatirələrində yazıb:

“Atamın pullarını zərflərdə gətirirdilər. Bu zərflərə atamın yaşadığı bağın istənilən otaqlarında rast gəlmək mümkün idi və o, həmin pulların miqdarını bilmirdi. Atam, demək olar ki, pul xərcləmirdi. Daha doğrusu, xərcləməyə yeri yox idi. Ev, bağ, məişət xərcləri, ərzaq, paltar, xidmət personalının maaşları, bir sözlə, bütün xərclər dövlət hesabına ödənilirdi. Bunlarla məşğul olmaq üçün xüsusi bir idarə yaradılmışdı. Onların bütün bunlara nə qədər vəsait xərclədikləri isə məlum deyildi...”

© Musavat.com