Lənkəranda tanışını qətlə yetirən şəxs yenidən hakim qarşısında - Qətlin təfərrüatı



 

Lənkəranda tanışını qətlə yetirməkdə təqsirli bilinən Hüseyn Nəzərlıi Ali Məhkəməyə müraciət edib.

"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası gələn il fevralın 6-na təyin olunub.

Qeyd edə ki, Hüseyn Nəzərli Lənkəran şəhərində yerləşən avtomobil ehtiyat hissələri mağazasında satıcı vəzifəsində işləyərkən 29 aprel 2022-ci ildə, saat 16 radələrində əvvəlcədən tanıdığı Sakitin həmin mağazanın həyətində aparılan tikinti işlərində fəhlə kimi işlədiyi günə görə ondan zəhmət haqqını tələb edərkən kassada pul olmadığı üçün onunla aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı Sakit yumruqla Hüseynin burun nahiyəsindən vurub.

Aralarında yaranmış münaqişəni sonlandırmaq məqsədilə Hüseyn mayın 6-da, saat 12 radələrində Sakit İbrahimzadə ilə Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlı yerdə görüşüb və taksi ilə Lənkəran çayının Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisindən keçən hissəsində, dəmiryolu körpüsünün altındakı yola gəliblər. 

Daha sonra çayın kənarında yerləşən meşəlik əraziyə gediblər. Orada qeyd olunan məsləyə aydınlıq gətirmək üçün Hüseyn söhbət əsnasında ona qarşı etdiyi hərəkətə görə Sakit İbrahimzadənin ondan üzr istəməsini tələb edib. 

Buna baxmayaraq Sakit ondan üzr istəməyib. Bununla bağlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ondan qisas almaq niyyəti ilə əvvəlcədən üzərində götürdüyü bıçaqla Sakit İbrahimzadənin sol bud və sol qasıq nahiyələrinə qəsdən zərbələr endirib. 

Hüseyn Nəzərli Sakit İbrahimzadənin qanitirməsinin çox olduğunu görüb və öləcəyindən qorxduğu üçün özünə məxsus mobil telefonla tanışlarına zəng edib, onları hadisə yerinə köməyə çağırıb. Sonuncuların və özünün köməyi ilə Sakit Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

İxtisaslı tibbi yardım göstərilsə də Sakit İbrahimzadənin həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törədən Hüseyn Nəzərlinin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zrərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ititham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Nəzərli 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. 

Şikayətdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Hüseyn Nəzərlinin əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsinin, cəzasının ağırlaşdırılmasını istəyib. 

Şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. 

Hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. 

Qərara görə, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayət təmin edilməyib.