Bu universitetin rektorluq binası qəzalı vəziyyətdədir - FOTO



 

Naxçıvan Dövlət Universiteti (NDU) üçün rektorluq binasının inşasına iki il əvvəl başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, ancaq binanın tikintisi zamanı ciddi nöqsanlara yol verilib.

Belə ki, inşaat işləri bir əsrdən artıq yaşı olan köhnə tikilinin (Hərbi hospital) üzərində aparılıb. Hazırda binanın əsas divarlarında yerdən üç metr hündürlüyədək nəm yaranıb.

Binanın əsas divarı hazırda qəzalı vəziyyətdədir. Belə ki, sökülmək əvəzinə, bəzi hissələri betonlanan tikiliyə iki korpusdan ibarət üçüncü mərtəbə də əlavə olunub.

Naxçıvan Muxtar Respublikası (NMR) Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Həbib Kərimov “Report”un yerli bürosuna bildirib ki, təmsil etdiyi qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi və “Azərdövlət” Sənaye Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aparılan yoxlama işləri zamanı NDU-nun rektorluq korpusu üçün yenidən tikilən binanın istismar üçün yararsız olduğu müəyyən edilib.