ATU-nun tələbələri dövlət xəstəxanalarında işlə təmin olunacaq



 

Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan III, IV, V və VI kurs tələbələrinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunacaq.

Bu barədə SeherXeber.org a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB və Azərbaycan Tibb Universiteti (ATU) arasında birgə əməkdaşlığa başlanılıb. Əməkdaşlıq çərçivəsində ölkədə kadr hazırlığı prosesinə dəstək, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması və tələbələrin iş mühiti ilə tanışlığına şərait yaratmaq kimi məsələlər nəzərdə tutulub.

Bununla bağlı "Yeni klinika” tibb müəssisəsində ATU-da təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları ilə bağlı görüş keçirilib.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qurumun fəaliyyəti ilə bağlı iştirakçılara geniş məlumat verib və müəyyən olunan hədəflərdən, görüləcək işlərdən danışıb. O bildirib ki, cari ilin ötən müddəti ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə 12 min 440 işçi işə qəbul olunub: “Tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 215 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 nəfəri orta tibb işçisi, 22 min 608 nəfəri kiçik tibb işçisidir”.