Cisco Qarabağda aparılan quruculuq işlərinə də maraq göstərir



 

Osman Gündüz:
Ölkədə bütün məktəblərə internet mərkəzləşmiş formada, bir nöqtədən verilir.
Bu mərkəzdə isə məktəblərə verilən internet trafiki Elm və Təhsil Nazirliyi tərəfindən süzgəcdən(filtrasiyadan) keçirilir.
Bununla da bütün ölkə üzrə təhsil müəssisələri zərərli informasiyalardan təmizlənmiş, "halal internet" trafiki əldə edə bilirlər.
Son dövrlərədək ETN-in bu süzgəc infrastrukturu WebSense sistemi üzərində qurulmuşdu.
Süzgəcləmə üçün zəruri olan məlumat bazası həm WebSense-in özü tərəfindən , həm də
qanunvericilikdə nəzərdə tutulduğu qaydada ETN tərəfindən verilirdi.
Lakin artıq bir müddətdir ki, ETN süzgəc üçün daha müasir texnologiyalardan, Cisco həllərindən istifadəyə başlayıb.
Bir neçə gün öncə Cisco rəsmiləri Azərbaycanda olarkən ETN rəhbərliyi ilə görüşüb və bu məsələlər bir daha müzakirə edilib.
Görüşdə “Cisco Umbrella” texnologiyası vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinin təhlükəsizliyi və məzmununun süzgəclənməsi məsələsi diqqət mərkəzində olub.
Bu həll bulud təhlükəsizliyi sistemi olmaqla hazırda bütün təhsil sisteminin İnternet rabitə kanallarını zərərli trafikdən təmizləyir.
Elm və Təhsil Nazirliyi ilə Cisco arasında keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə qurulmaqda olan təhsil müəssisələrində Cisco həllərindən istifadə məsələsi də müzakirə predmeti olub.
Qarabağda Cisco-nun innovativ mərkəzlərinin formalaşması, yeni istifadəyə verilən məktəblərin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması, bu səbəkənin idarə edilməsi , kontent və təhlükəsizlik məsələlərində Cisco həllərindən daha effektiv istifadə nəzərdə tutulur.

SeherXeber.org