Akademik mərhəmətsizliyin sosial-siyasi fəsadları



 

İdris Abbasov:

"Daş qəlbli insanları neylərdin, İlahi?!
Bizdə bu soyuq qanları neylərdin, İlahi?!"
(M.Ə.Sabir)

Şəraitsiz yataqxanalar, məktəb zirzəmiləri, siçanların antisanitariya yaratdığı hücrələrə sığınan, min cür xəstəliklərə dözüb tutduğu yoldan dönməyən, ağır şəraitdə yarıac, yarıtox tələbə, müəllim, alim həyatı yaşayan, Allahın ipindən bərk-bərk yapışıb dövlətinə, millətinə, qanunlara, dövlətin rəhbərinə inamını və ümidini itirməyən, ömrünü düzlüyə-dürüstlüyə sərf edən, xalqın övladlarına doğruları söyləyən, rüşvət olaylarından uzaq, alıb-aldatmayan Azərbaycan aliminin yaşayışına bax! Köçdüyüm bir həftə deyil. Guya müqavilə bağlayacaqdı. Əvəzində bayaq zəng edib deyir ki, kirayə evlərin qiyməti qalxıb, ya artıq pul ver, ya da evi tərk et. Hər tip ev sahibləri ilə rastlaşdım. 15-20 evi olan kirayə sahiblərinin daha çox acgöz olduğunu gördüm.
 Bəli, düzgünlüyü düstur edən Azərbaycan aliminin ailə-uşağı pərən-pərən düşməlidir, öz Vətənində yad, dilənçi günündə yaşamalıdır! Yataqxanalar, məktəb zirzəmiləri, hücrələr, kirayələr... Etirazımın məğzi bu tip uyğunsuz, şəraitsiz yerlərdə yaşmağım deyil. Adamı usandıran cəmiyyətdə hökm sürən ədalətsizlik, süni bərabərsizlik, insani münasibətləri sıxışdırıb aradan çıxaran qeyri-insani münasibətlərin tüğyanıdır.
Düzdür, yaşın müəyyən dövrlərində elm, təhsil dalınca gedib çətinliklərə qatlaşmaq normal bir şeydir. Sağlamlığının imkan verdiyi qədər işləyərək dövlətə fayda verib müəyyən müddət kirayələrdə, xidməti mənzillərdə yaşamağı da normal saymaq olar.
Lakin yaşın 50-ni keçəndən və sağlamığını xeyli itirdikdən sonra adamı ailə-uşaqla birlikdə şəraitsiz yerlərdə yaşamağa məhkum etmək onu öldürməkdir. Alnıaçıq deyə bilərəm ki, ömür boyu əlimdən gəldiyi qədər inandığım dövlətə, millətə, Vətənə xidmət etmişəm və nəfəsim varkən edəcəyəm. Dərd burasındadır ki, dövləti qarət edənlər, hətta elm və təhsil müəssisələrində rəhbər vəzifələri tutub (AMEA prezidenti, vitse, rektor, direktor, prorektor və s.) milyonlara, şirkətlərə, biznes şəbəkəsinə malik olanlar, xalqı əsir-yesir edib düşmənə möhtac edənlər, bir sözlə, Vətənin namusunu pula satanlar utanmadan deyirlər ki, dövlətə sədaqətlə xidmət edirlər!!!
İndi haradan tapaq özü darısqal bir mənzildə yaşaya-yaşaya illərlə gözlədiyi ev növbəsi çatanda həmin evi təmənnasız olaraq evsiz qalmış bir şairə bağışlayan və bu kimi saysız xeyirxahlıqlar edən əsl alim-yazıçı, insanlıq mücəssəməsi Mir Cəlal Paşayev kimi ..?!
Bir çox şeylər inkişaf etsə də, insanlıq və insaf ölüb. İndikilər adamın gündəlik qazandığı çörək puluna, intellektual əməyinə, aldığı nəfəsə də göz dikirlər! Pula səcdə edən bu alim-akademikləri görəndə deyirsən, bəs dünyanın axırıdır!

SeherXeber.org