Qarabağla bağlı yeni layihəyə başlanıldı - FOTO



 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) işğaldan azad edilmiş ərazilərə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması ilə bağlı növbəti layihəyə start verib.

SeherXeber.org  quruma istinadən xəbər verir ki, hazırda ölkənin bütün giriş qapılarından başlayan yollara Şuşa şəhərinə qədər məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır.

Məqsəd Azərbaycana gələnlərə işğaldan azad edilmiş əraziləri tanıtmaqdır.

Məlumatverici lövhələr ilkin mərhələdə Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Samur, Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qırmızı körpü və Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Astara sərhəd keçid məntəqələri hissəsində olan magistral avtomobil yollarında quraşdırılıb.

Növbəti mərhələdə anoloji məlumatverici lövhələrin Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi avtomobil yolunun Ağbənd, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Mazımçay, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar, Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Yalama, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Sadıxlı sərhəd keçid məntəqələri, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı hissəsində olan avtomobil yollarına quraşdırılması nəzərdə tutulur.