“Boğazını qələmlə deşdim” - 7 nəfəri öldürən azərbaycanlıların ŞOK İFADƏSİ



 

Rusiyanın Velikiy Novqorod şəhərində əsas hissəsi azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin məhkəmə işi davam edir.

SeherXeber.org xəbər verir ki, Qabil Vəliyevin başçılıq etdiyi dəstəyə Hüseyn Hüseynov, Surxay Heydərov, Emin Səlimov, Mahir Paşayev, Janna Parşuk və Aleksandr Averkin daxil olub.

Prokurorluq “qara rieltorluq”la məşğul olan dəstə üzvlərinin Moskvada tənha yaşayan, alkoqolizmdən əziyyət çəkən insanlarla tanış olaraq, onlarla dostluq münasibəti yaradıb, əmlaklarını öz adlarına keçirdiyini, sonra isə onların qurbanlarını içizdirib, avtomobillərinə mindirib, Novqorod vilayətinin Boroviç rayonunda yerləşən Kaçalovo kəndinə gətirərək qətlə yetirdiklərini açıqlayıb.

Qətl yeri kimi dəstə üzvü, Kaçalovo kəndində fermer kimi tanınan Hüseyn Hüseynovun həyətyanı sahəsinin seçildiyi vurğulanıb. Bu yolla dəstə üzvləri 2007-2008-ci illər ərzində 7 nəfəri qətlə yetirərək əmlaklarına sahib olublar.

Qətllə yanaşı, dəstə üzvləri soyğunçuluq, dələduzluq və özgə əmlakını talamaqda da ittiham olunurlar.

İstintaq orqanları və ittihamçı tərəf dəstənin başçısı və bütün aksiyaların koordinatorunun əvvəllər də qəsdən adam öldürdüyü üçün məhkumluq həyatı yaşamış Qabil Vəliyevin olduğunu iddia edir.

Qruplaşmanın üzvləri Mahir Paşayev və Janna Parşuk artıq mühakimə olunublar. Qabil Vəliyevin bacısı oğlu olan Mahir Paşayev 24,5 il, Janna Parşuk isə 18,5 il həbs cəzası alıb.

Onlar hər ikisi ifadələrində Qabil Vəliyevin dəstə başçısı olduğunu, törədilən cinayətlərin detalları barədə ətraflı məlumat veriblər.

Amma məhkəmədə ifadə verən Qabil Vəliyev ittihamları qəbul etməyib və günahsız olduğunu deyib.

O, avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu, bazarda bir neçə yerdə obyekt işlətdiyini deyib. Bacısı oğlu Mahir Paşayevin Azərbaycandan Rusiyaya iş arxasınca gəldiyini biləndən sonra ona dəstək olduğunu, sonralar qohumunun mənzil dələduzluğu ilə məşğul olduğunu eşidib.

Dövlət ittihamçısı Georgi Jukov “Bacınız oğlunun dələduzluqla məşğul olduğunu bilirdinizsə, nə üçün onu bu işdən uzaqlaşdırmadınız?”, deyə sual edib. Vəliyev isə dələduzluq hallarının insan qətli ilə müşayiət olunduğunu bilmədiyini, yoxsa, qohumunu dərhal Azərbaycana, ailəsinin yanına göndərəcəyini deyib.

O, Mahir Paşayev və Janna Parşukla həqiqətən də Moskva restoranlarında görüşdüyünü, lakin onların ifadəsində deyildiyi kimi qətl planlaşdırmaq üçün deyil, gündəlik işlər, Azərbaycandakı vəziyyət və s. barədə söhbət etdiklərini iddia edib.

Cinayətkar dəstənin planlaşdırdığı qətllərin əksəriyyətini icra edən Aleksandr Averkin də ifadə verib.

İbtidai istintaq zamanı dəstə üzvlərinin göstərişi ilə qətllər törətdiyini deyən Averkin özünün də yalan yollarla Moskvadan Kaçalovo kəndinə gətirildiyini, Qabil Vəliyev, Hüseyn Hüseynovun hədələri altında tanımadığı insanları qətlə yetirdiyini söyləyib.

Amma sorğu-sual zamanı Kaçalovo kəndindəki evin Averkinin öz adına rəsmiləşdiyi, kənddə onu heç kəsin zorla saxlamadığını üzə çıxıb.

Məhkəmədə ifadəsini dəyişən Averkin həyati təhlükəsi olduğu üçün cinayətlər törətdiyini deyib. “Mən qorxurdum. Deyirdilər ki, səni də öldürərik”.

Bu zaman dövlət ittihamçısının Averkindən Kaçalovo kəndini nə üçün tərk etmədiyini soruşub.

O isə cavabında taleyi ilə barışdığını və şəxsən 3 nəfəri öldürdüyünü etiraf edib.

Qruplaşmanın killeri mal-qara otarılan ərazidə Aleksandrova adlı qadını kəndirlə boğduğunu, eyni yerdə Polyakova adlı daha bir qadını da öldürdüyünü etiraf edib.

Averkin Korçaqin soyadlı yaşlı bir kişini qətlə yetirdiyini, bunu dəstə üzvlərinin tapşırığına uyğun olaraq icra etdiyini söyləyib.

Averkin ifadəsi zamanı içkili şəxsi meşəyə apardığını söyləmişdi.

“Danışa-danışa meşədə gedirdik. Birdən o, ünvanıma söyüşlər söydü. Yaxında isə quyu var idi. Elə alındı ki, onu quyuya atdım. Aşağı baxanda gördüm ki, o tərpənmir. Qorxdum və onu basdırdım. Sonra isə mal-qara otarmağa getdim”.

Amma ekspertiza Korçaqinin zərbədən deyil, boğulma nəticəsində öldüyünü müəyyən edib. Bununla da, Korçaqinin diri-diri basdırıldığı müəyyən olunub. 

Dövlət ittihamçısı ibtidai istintaq zamanı cinayətin detallarını fərqli danışdığını məhkəmənin diqqətinə çatdırıb. Məhkəmədə ifadəsi zamanı qətlin təsadüfən baş verdiyini söyləyən Averkinin ibtidai istintaq zamanı quyunu öncədən qazdığını, Koçarqinin qətli üçün nəzərdə tutulduğunu vurğulayıb.

Dövlət ittihamçısının ifadəsini dəyişmə səbəbləri ilə bağlı sualına cavab olaraq Averkin özünə qarşı ifadə verməmək hüququndan istifadə edib.

Məhkəmədə onun istintaq zamanı Koçerqini diri-diri basdırması ilə bağlı “onu basdıranda sağ olub-olmaması maraqlı deyildi”, ifadəsi də oxunub.

Bundan sonra, qruplaşmanın başqa bir üzvü – Emin Səlimovun dindirilməsi başlanılıb. O da, konstitusion hüququndan istifadə edərək ifadə verməkdən imtina edib. Onda məhkəmədə Səlimovun ibtidai istintaq zamanı verdiyi ifadələr dinlənilib.

Dövlət ittihamçısı Georgi Jukov Səlimovun ifadəsində Qabil Vəliyevin dəstə başçısı olduğunu bildiyini, Hüseyn Hüseynovun vasitəçiliyi ilə dəstəyə qoşulduğunu söyləyib. O 5 qətldə birbaşa iştirak etdiyini – Averkin Polyakovanı boğan zaman, qadının əllərindən tutduğunu, qurbanlardan birini başına küt alətlə zərbə vurmaqla, digərini isə bıçaqla öldürdüyünü deyib.

Cəsədləri isə cinayət ortağı Hüseyn Hüseynovla Lyubıtina kəndi istiqamətində meşəlik sahəyə apardığını, burada yandırdıqlarını etiraf edib. İfadəsində o, həmin cəsədlərin göbələk toplayan şəxslər tərəfindən aşkar olunduğunu xatırlayıb.

Bundan əlavə, Emin Səlimov dəstə üzvü Surxay Heydərovun birgə yaşadığı qadını boğaraq öldürdüyünü, sonuncu cinayəti zamanı isə adını xatırlamadığını yaşlı qadının boynunu qırdığını, sonra isə boğazını diyircəkli qələmlə deşdiyini etiraf edib.

Məhkəmə prosesi yaxın zamanlarda Hüseyn Hüseynov və Moskvadakı mənzilində birgə yaşadığı qadını öldürmək üçün Kaçalovo kəndinə gətirən Surxay Heydərovun ifadəsi dinləniləcək.