“Laçın”ı ifa etmiş gürcü müğənni: “Mahnıya klipin Laçında çəkilməsini arzulayıram” - FOTO



 

Müasir Gürcüstan estradasında Veriko Turaşvili səsi və ifa tərzi ilə özünəməxsus yer tutur. “Şərəf” ordenli tanınmış müğənni Azərbaycan mahnılarından ibarət albom üzərində işləyir. O, albomu üçün müasir Azərbaycan mahnılarını deyil, ifası əcnəbi müğənni üçün heç də asan olmayan xalq mahnılarımız - “Laçın”, “Sarı gəlin” və maestro Niyazinin “Arzu” romansını seçib. V.Turaşvili üç əsəri gürcü dilində də yazdırıb.

Müğənni “Laçın” və “Sarı gəlin”i ilk dəfə Azərbaycanın Gürcüstandakı səfirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə Tbilisidə keçirdiyi rəsmi qəbulda ifa edib. Qonaqlar mahnıları böyük maraq və rəğbətlə qarşılayıblar.

 “Report”un Gürcüstan bürosu müğənnidən müsahibə alıb və yeni layihəsi barədə ətraflı maraqlanıb.

Həmin müsahibəni təqdim edirik.

- Öncə, yaradıcılığınız haqqında məlumat verərdiniz...

- İlk növbədə, mənə göstərdiyiniz diqqətə görə təşəkkürümü bildirirəm. Yaradıcılığıma gəlincə, iyirmi ildir estrada sənətindəyəm. Musiqi və ifaçılıq ən sevdiyim fəaliyyətdir. Uşaqlıqdan mahnı oxuyuram, 20 illik səhnə təcrübəm var. Deyə bilərəm ki, Gürcüstanda uğurlu müğənni hesab edilirəm.

- Azərbaycan musiqisi ilə tanışlığınız nə vaxtdan başlayıb?

- Bütün gürcülərin, xüsusən də, tbilisililərin musiqiyə böyük sevgisi var. Tbilisi musiqisinə Azərbaycan musiqisinin böyük təsiri olub. Mən uşaqlıq illərimdən Azərbaycanın ənənəvi musiqisinin böyük heyranıyam. İlk tanışlığa gəldikdə, Bakıda qastrollarım olub. Müəyyən dövr ərzində hətta şəhər klublarının birində çalışmışam. 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Gürcüstan təmsilçisi Anri Coxadze ilə bək-vokalçı kimi səhnəni bölüşmüşəm.

- Azərbaycan və gürcü mahnıları arasında oxşarlıqlar varmı?

- Düşünürəm ki, bu iki xalqın musiqiləri arasında qarşılıqlı böyük təsir var. Gürcüstanın şəhər mahnılarını ifa edərkən onların musiqilərində Azərbaycan musiqiləri ilə bir sıra uyğunluqlar aşkar edirəm və bu, həmin mahnıları daha sevimli edir. Mahnılarımızda oxşarlıqlar çoxdur. Mahnılar hazırlayarkən bəstəkar və sözlərin müəllifinin mahnını yaradarkən hansı hissləri keçirmələrini bilmək çox vacibdir.

- Bakının ev sahibliyi etdiyi “Avroviziya”nı xatırladınız. Bakı şəhəri və Azərbaycanın təşkilatçılığı Sizdə hansı təəssüratlar qoyub?

- Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi ən yüksək standartlara cavab verirdi. Bir çox ölkələrin səhnələrində çıxış etmişəm. İki il öncə Çində böyük konsert vermişəm. Lakin Azərbaycanın ev sahibliyi etdiyi müsabiqə keyfiyyət baxımından möhtəşəm idi. Fikrimcə, Azərbaycan “Avroviziya”ya ən yaxşı ev sahibliyi etmiş ölkə olub. Başqa ölkələrdə “Avroviziya”da iştirak etməsəm də, Gürcüstandan qatılanlar arasında dostlarım olub. Onların təəssüratlarını müqayisə edərək deyə bilərəm ki, Azərbaycan xüsusi inşa edilmiş konsert zalından tutmuş hər bir məqamı ilə yüksək səviyyə nümayiş etdirdi.

Bakıya gəlincə, bu şəhəri dəlicəsinə sevirəm. Ən çox da memarlığına məftunam. Yenilənən Bakını çox sevirəm, şəhər mənə güclü emosiyalar bəxş edir və bu da məni azərbaycanlılar, Azərbaycan musiqisi və xalqı ilə bağlayır.

- Azərbaycan mahnılarından ibarət albom layihəsi ideyası necə yarandı? Bundan öncə bənzər layihəniz olubmu?

- Bu layihə barədə bir neçə il düşünmüşəm. Digər ölkənin mədəniyyətinə həsr olunan bu miqyasda layihəm hələ olmayıb. Mahnıların yazılmasında gürcü, azərbaycanlı və türk instrumentalistlərlə işləyirəm və bu, layihəyə xüsusi cazibə verir, onu keyfiyyətli və zərif edir. Ümid edirəm ki, layihə yekunlaşandan sonra musiqiçilərlə birgə konsertlərlə çıxış edə biləcəyik.

Yaradıcılığım dövründə ifa etdiyim xarici mahnı İsrailin “Xava Naqila” mahnısı olub. Yəhudi folklor mahnısını 2012-ci ildə həmkarım Anri Coxadze ilə duetdə oxumuşam və klipi İsraildə çəkilib. Azərbaycan mahnılarından ibarət albom ilk belə layihəm olacaq.

- Albomunuz üçün niyə məhz “Laçın” və “Sarı gəlin” mahnılarını seçmisiniz? Mahnılara videoklip çəkdirməyi planlaşdırırsınızmı?

- Uşaqlıqdan Azərbaycan musiqisinə xüsusi sevgim var. Bir sıra Azərbaycan xalq mahnılarını dinlədim və tamamilə intuitiv olaraq “Laçın” və “Sarı gəlin”i seçdim. Melodiklik baxımından bu mahnılar mənim üçün kəşf oldu, onları ifa etməklə bağlı böyük istəyim yarandı. Mahnılar üzərində işləyən zaman sözlərin mənasını və tarixini öyrəndim. Hər ikisi əvvəlcə musiqi baxımından diqqətimi cəlb etdi, daha sonra isə tarixləri və əsas məqamları, azərbaycanlılar üçün çox dəyərli olduqlarını öyrəndim.

 “Arzu” romansı da qeyri-adi mahnılardan biridir və mənə görə gürcü mahnılarına bənzəyir. Bu əsərdən sanki gürcü ətri duyulur.

 “Sarı gəlin” mahnısının bir neçə versiyasını dinləmişəm. Onu bir çox müğənnilər, hətta Manana Çaparidze də ifa edib. İstədim ki, mahnını öz hisslərimlə və sevgimlə oxuyum. Hələlik albom üçün üç mahnı yazılıb. Layihəni yekunlaşdırmaq, “Laçın” və “Sarı gəlin” mahnılarına klip çəkilməsini istəyirəm. “Laçın” mahnısına klipin Azərbaycanda – Laçında lentə alınmasını çox arzu edirəm. Digər klipin isə əgər alınsa, Şuşada çəkilməsini istəyirəm. Ümid edirəm ki, bu layihəni həm gürcü, həm də Azərbaycan xalqı bəyənəcək. Alboma daxil etmək istədiyim başqa mahnılar da var. Lakin bu barədə hələ danışmaq istəmirəm. Onların üzərində böyük sevgi ilə çalışıram. Fikrimcə, bir iş üzərində bu cür həvəslə işləyirsənsə, o zaman hər şey alınacaq.

- “Laçın” xalq mahnısının Azərbaycanın Laçın rayonu haqqında olduğu barədə yəqin məlumatlısınız. Dekabrın 1-də rayonun işğaldan azad edilməsinin ildönümü tamam olur.

- Bəli, mahnının tarixini və hansı bölgə ilə bağlı olduğunu bilirəm.

Qonşu ölkələrdə xalqların sülh və əmin-amanlıq şəraitində yaşamasını arzulayıram. Bütün normal insanlar üçün motivasiya ondan ibarət olmalıdır ki, dünyada sülh hökm sürməlidir. Biz bir-birimizi sevməli, mahnı oxumalı və rəqs etməliyik. Həm özümüz, həm də övladlarımız üçün sabitliyə nail olunmalıdır.

-Müasir Azərbaycan mahnılarını dinləyirsinizmi? Yaradıcılığını izlədiyiniz azərbaycanlı ifaçılar varmı?

-Bəli, son vaxtlar Azərbaycanın müğənni və bəstəkarları, xalq və müasir mahnıları ilə tanış oluram. Azərbaycan musiqilərində hər nüans mənim üçün çox vacibdir. Belə ki, Azərbaycan mahnıları xüsusi ifa manerası tələb edir. Bu, gürcülərin adi ifası kimi deyil. Azərbaycanın görkəmli bəstəkarları və müğənnilərini əlbəttə ki, tanıyıram. Ən sevdiyim azərbaycanlı musiqiçi Vaqif Mustafazadədir. Mənə Azərbaycan musiqisini məhz o sevdirib. Onun musiqilərini çox bəyənirəm. Onun qızı Əzizə Mustafazadənin yaradıcılığını da çox bəyənirəm. Azərbaycan musiqisinə böyük sevgim Mustafazadələrdən başlayır və bu gün də davam edir. Sizin qeyri-adi bəstəkar və ifaçılarınız var. Ümid edirəm ki, ifa etdiyim Azərbaycan mahnıları ilə azərbaycanlıların qəlbinə yol tapa biləcəyəm. Bu, mənim üçün çox vacibdir. Onların gürcü müğənninin ifasında Azərbaycan mahnılarını necə qiymətləndirəcəkləri mənə maraqlıdır. Belə ki, “Laçın” və “Sarı gəlin” Azərbaycan xalq mahnılarının inciləridir və onları azca iddia ilə seçmişəm.

- Mahnıların auditoriya qarşısında ilk təqdimatından sonra tamaşaçıların reaksiyası necə oldu?

- Çox sayda komplimentlər aldım. Azərbaycanlılardan xoş sözlər etşitməyim mənim üçün çox önəmli idi. Bu mahnılar azərbaycanlılar üçün hərtəfəli çox dəyərli və təsirlidir. Hazırda bu mahnılarla bağlı azərbaycanlılarda güclü emosional fon var. Bu səbəbdən azərbaycanlıların qiymətləndirmələri mənim üçün çox vacib idi. Bakıdan qonaq gələn musiqiçilər, Azərbaycan səfirliyinin nümayəndələrindən də iltifatlar almışam.

- Albomun Gürcüstan və Azərbaycanda təqdimatını planlaşdırırsınızmı?

- Layihəni Azərbaycanda təqdim etmək mənim üçün böyük məmnunluq və xoşbəxtlik olardı. Albomun hazır olandan sonra Gürcüstanın müxtəlif şəhərlərində də təqdimatının keçirilməsi çox yaxşı olardı.