Kubra Məhərrəmova: “Azərbaycan sülhü təbliğ etdikcə, qarşı tərəfin aqressiyası ilə üzləşir”


20
 

“Azərbaycan ərazi bütövlüyünü sülh danışıqları yolu ilə və beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışsa da, təəssüflər olsun ki, qarşı tərəf bununla razılaşmadı”.

Bunu jurnalist, SeherXeber.org-ın köşə yazarı Kubra Məhərrəmova Tbilisidə keçirilən “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forumda panel müzakirələrindəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bölgədə sülh, sabitlik və tərəqqinin bərqərar olması üçün müxtəlif regional əməkdaşlıq formatları ilə bağlı müzakirələr aparılır: 

“Azərbaycan hər zaman sülhün tərəfdarı olub və bunu uzun illər boyu bir sıra addımları ilə sübut edib. Təəssüflər olsun ki, Ermənistan tərəfi Azərbaycana qarşı təxribatlarından əl çəkmir və bununla da sülhün qurulmasına maneələr yaradır.

Bu cür təxribatlardan biri ötən gün baş verib. Belə ki, qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun 19 yaşlı əsgəri şəhid olub. Azərbaycan sülhü təbliğ etdikcə, qarşı tərəfin aqressiyası ilə üzləşir”. 

K. Məhərrəmova qeyd edib ki, hər bir azərbaycanlı 44 günlük Vətən müharibəsi barədə danışarkən ən böyük arqumenti ondan ibarət olmalıdır ki, Azərbaycan hər zaman sülhün yanında olub və bu istiqamətdə davamlı danışıqlar aparıb. 

Jurnalist deyib ki, Azərbaycan Ermənistanın işğal əsarətində saxladığı torpaqlarını azadlığa qovuşdurmaqla xalqa və dünyanın hər bir yerində yaşayan azərbaycanlılara alnıaçıqlıq və qürur bəxş edib. Bu hissləri bizə yaşadan şəhdilərimiz və qazilərimiz qürur mənbəyimizdir”.