Sayğacda problem olduğunu deyərək abonentdən pul tələb etdilər - “Azəriqaz”dan AÇIQLAMA



 

Dövri yoxlama müddəti çatmış sayğacların əvəzlənməsi zamanı hər bir abonentə SMS müraciət göndərilir və istehlakçı əvvəlcədən sayğacının əvəzlənəcəyindən xəbərdar olur.

“Azəriqaz” İstehsalat Birliyindən SeherXeber.org-a bildirilib ki, son günlər SMS müraciətlərdən istifadə edərək abonentlərdən pul tələb edən dələduzlar peyda olub.

Belə ki, Nəsimi rayonu, Moskva prospektində yaşayan bir sakinə əllərində köhnə qaz sayğacları olan (bu görüntü ilə həqiqətən “Azəriqaz” İB-də işlədikləri görüntüsünü yaradırlar) üç nəfər dələduz yaxınlaşaraq, “sizin sayğacınızda problem var, cərimə yazmağımızı istəmirsinizsə, “hörmət” edin” - deyərək pul tələb ediblər.

Abonentlərdən xahiş edilib ki, bu cür hallar baş verdikdə ünvana gələn şəxslərin xidməti vəsiqələrini tələb etməklə yanaşı, dərhal “Azəriqaz” İB-nin 104/185 saylı Çağrı Mərkəzinə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən Birliyin rəsmi səhifəsinə yazmaqla məlumat versinlər.