Suraxanıda qanunsuz su xətləri ləğv edilib: İstifadəyə görə dəymiş ziyan hesablanır - FOTO



 

Suraxanı rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib.

“Azərsu” ASC-dən SeherXeber.org-a verilən məlumata əsasən, nəticədə içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, AB massivi 80 ünvanında həyata keçirilən nəzarət tədbirləri zamanı ət kəsimi məntəqəsində sudan uçotsuz istifadə faktları üzə çıxıb. Məlum olub ki, obyekt sahibi əhali su xəttinə qoşulmaqla üç müxtəlif nöqtədən özbaşına su xətti çəkib.

Rayonun Dədə Qorqud qəsəbəsində isə ferma və əkin sahəsinin sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə sulandığı aşkarlanıb. Yoxlama zamanı məlum olub ki, sahibkar texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərinə qanunsuz müdaxilə edib.

Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində Qum bazarı adlanan ərazidə də içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Hövsan qəsəbəsi Quşçuluq adlanan ərazidə isə bəzi fərdi yaşayış evlərinə icazəsiz su xətləri çəkilib.

Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib.

Qeyd edək ki, 2021-ci ilin altı ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı Suraxanı rayonu üzrə isə 493 fakt aşkarlanıb və 135 min kubmetr həcmində sərfiyat bərpa olunub.