Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibi Medvedçukun YDM şəbəkəsini SOCAR-a satmasını təkzib etdi



 

“Viktor Medvedçuka qarşı sanksiyalar bu gün tam həcmdə qüvvədədir. Ona məxsus yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin satılması barədə informasiyalar isə həqiqəti əks etdirmir”.

Ua.news portalının məlumatına görə, bu sözləri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Medvedçuk barəsində tətbiq olunan sanksiyalar tam həcmdə qüvvədədir. Medvedçuka və onun aktivlərinə qarşı sanksiya rejiminin zəifləməsi və ya “sanksiyaların çalışmaması”na dair KİV-də məqsədyönlü şəkildə yayılan məlumatlar dezinformasiyadır və həqiqəti əks etdirmir”, - deyə A.Danilov bildirib.

Onun sözlərinə görə, bir sıra kütləvi informasiya vasitələrində yayılan yanacaqdoldurma məntəqələri şəbəkəsinin satışı barədə informasiyalar da düzgün deyil.

Qeyd edək ki, Ukraynanın bir sıra mətbuat orqanları Azərbaycanın SOCAR şirkətinin “Glusco” YDM şəbəkəsini alması barədə məlumatlar yaymışdı.