Rumıniya, Litva və Avstriya XİN rəhbərlərinin Azərbaycan səfərinin məqsədi AÇIQLANDI



 

“Bizim burada olmağımızın məqsədi regionun sabitliyi və təhlükəsizliyinə güclü dəstək mesajını vermək, habelə Sizin də qeyd etdiyiniz kimi, münaqişədən sonrakı dövr üçün qarşıda duran bütün məsələlərin müfəssəl həlli istiqamətində nə kimi dəstəyin göstərilə biləcəyini nəzərdən keçirməkdir”.

Bu sözləri Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən zaman deyib.

“Eyni zamanda, bu səfər cari ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlıq məqsədi daşıyır. Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir, enerji sahəsində strateji tərəfdaşdır, regionda Avropa İttifaqının ən iri ticarət tərəfdaşıdır və Avropa İttifaqının ən çox sərmayə yatırdığı ölkədir. Bizim üçün Azərbaycan Cənubi Qafqazın sabitliyi və firavanlığı baxımından böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanı tolerantlığın, multikulturalizmin və dinlərarası dialoqun nümunəsi kimi yüksək qiymətləndiririk. Mən bilirəm ki Siz prezidentlik dövrünüzdə bütün bunlara nail olmaq üçün böyük işlər görmüsünüz.

Ölkəniz regional bağlılıq baxımından da vacib rol oynayır. Bu sahədə də müzakirələrin aparılması və gələcək əməkdaşlıq üçün geniş imkanlar var. Münaqişədən sonrakı dövr üçün proseslərdən danışarkən Sizin fikirlərinizi öyrənmək istərdik”, - deyə Rumıniya XİN rəhbəri qeyd edib. 

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib.