Belçikada koronaviruslu xəstələri itlər aşkarlayacaq



 

Belçikanın Gent Universitetinin alimləri sübut ediblər ki, itlər qoxlamaqla səhvsiz şəkildə koronaviruslu şəxsləri müəyyən edirlər.

“Dare To Think” portalına müsahibə verən araşdırma müəllifi Kris Kallevert bildirib ki, ayrılan altı it koronaviruslu xəstələri 95% dəqiqliklə aşkarlaya bilir.

O qeyd edib ki, araşdırma müddətində itlər koronavirusun yeni ştamlarını da tapa biləcəklərini sübut ediblər.

“Koronaviruslu xəstələrin tərlərindən müvafiq qoxu gəlir və itlər bunun vasitəsi ilə simptomsuz xəstələri də müəyyən edə bilirlər”, - deyə araşdırmanın müəllifi qeyd edib.

Bildirilir ki, bir neçə ay sərf edilərək ordudan, polisdən, xilasetmə idarəsindən götürülən itlərə təlim keçilib, lakin onların hamısı virusu tapa bilməyib.

Yaya qədər virusu müəyyən edən yüzlərlə itin hazırlanacağı vurğulanır.

Canlı “testlər”dən kütləvi tədbirlər zamanı istifadə edilməsi planlaşdırılır.