Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı azalıb



 

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 239 314 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

SeherXeber.org İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,15 % azdır.

8 aylıq göstəricinin 39 148-i (16,3 %) ilkin, 200 166-ı (83,7 %) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 39 536-sı fərdi yaşayış və bağ evi, 55 172-si mənzil, 136 179-u torpaq sahəsi, 2 229-u qeyri-yaşayış binası, 6 636-sı qeyri-yaşayış sahəsi, 526-sı əmlak kompleksi, 36-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 63 933-ü Bakının, qalanı isə bölgələrin payına düşüb.

Hesabat dövründə 177 937 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 % azdır.

Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 13,2 % azalaraq 46 919 olub.