Əmisi oğlu şəhid oldu, özü isə minaya düşüb ayağını itirdi - FOTO



 

Minaya düşərək bir ayağını itirən Vətən müharibəsi qazisi Sadıqov Məmməd Vahid oğlu müalicə xərclərinin və digər sosial problemlərinin qarşılanmasını istəyir. 

Bu barədə “Qafqazinfo”ya qazinin atası Masallı rayonu, Təzə Alvadı kənd sakini Vahid Məmmədov müraciət edib. 

Onun sözlərinə görə, 20 yaşlı qazi müharibə başlanan ərəfədə hərbi xidmətdə olub və üç ay ərzində döyüşlərə cəlb olunub. Dekabrın 4-ü Tərtər istiqamətində minaya düşən əsgərin bir ayağı amputasiya olunub. Bir müddət hərbi hospitalda müalicə aldıqdan sonra dekabrın 29-u iki ay müddətə evə məzuniyyətə göndərilib:

“Oğlum iki aylıq evə buraxılıb. Amma gələndən onunla heç kim maraqlanmayıb. Hərbi hospitaldan həkim görüntülü danışıb ayağını görmək istəyirdi. Ona görə evə telefon çəkilməsini istədik”.

Ata qeyd edib ki, həyətin palçıqlı olması yeriməkdə çətinlik çəkən oğluna əlavə problemlər yaradır: “Bunlarla bağlı icra nümayəndəsinə, poçt idarəsinə müraciət etdik, amma cavab verən olmadı”.

V. Məmmədovun sözlərinə görə, o, öz oğlu ilə bərabər qardaşı oğlu - Səlimov Sənan Nasir oğlunu da cəbhəyə yola salıb. Sənan döyüşlərdə şəhid olub. 

Problemlə bağlı Masallı rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. İcra Hakimiyyətindən bildirildi ki, qazinin bütün problemləri həll olunacaq:

“Masallı rayonunda 500-ə yaxın Vətən müharibəsi qazisi var. Onların hamısı bizim nəzarətimizdədir. Qazi Məmməd Sadıqovun problemləri ilə bağlı göstəriş verilib. Onun evinə 1500 metr məsafədən telefon xətti çəkiləcək, o cümlədən, evin həyətinə çınqıl töküləcək. Həmçinin ailənin digər nə problemi varsa, həll olunacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, artıq nazirliyin əməkdaşları Vətən müharibəsi qazisi Məmməd Səlimovu evində ziyarət edib, ailəsinin sosial vəziyyətini öyrəniblər:

“Ailə tərkibi dörd nəfərdən (qazinin özü, valideynləri və məktəbli olan bacısı) ibarətdir. Qazinin valideynlərinin istəyi nəzərə alınaraq özünüməşğulluq proqramı üzrə heyvandarlıq təsərrüfatını qurmaları üçün yaxın günlərdə onlara mal-qara və sair aktivlər veriləcək. Məmmədin özü ilə isə hazırda əlillik təyinatı üçün işlər aparılır və əlillik təyin olunduqdan sonra birdəfəlik sığorta ödənişi və aylıq sosial ödənişlərlə təmin olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazinin yüksək texnologiyalı protezlə təminatı da nəzərdə tutulur”. 

Nazirlikdən həmçinin bildirilib ki, ailəyə ünvanlı dövlət sosial yardım alınması üçün müraciət proseduru, müvafiq qanunvericilik izah edilib.