Nizami Gəncəvi yaradıcılığında qadın haqlarının təbliği: “Şirinlər, Nüşabələr, Leylilər...” - FOTO



 

Son zamanlarda baş vermiş məişət zoraklığı cəmiyyətdə müxtəlif istiqamətdə müzakirələrə səbəb olub. Baş verən hadisələr nəticəsində öldürülən və özünü öldürmə həddinə çatdırma cinayətinin qurbanı olan qadınlarımız da az deyil. 

Son dövrlərdə baş verən hadisələrə Nizami Gəncəvi yaradıcılığında qadın haqlarının təbliği fonunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, kiçik ədliyyə müşaviri Şəlalə Muxtarqızı maraqlı məqalə hazırlayıb.

Həmin məqaləni təqdim edirik:

Bir şəxs qadındır deyə namərd sayılmaz,

Namərd ona derlər ki, onun qayğısı olmaz.

Dünyada nə qədər aslan kimi erkək qadın var,

Erkək sayılan çoxları var ki, qadındırlar! 
     
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. 

Sərəncamda deyilir: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır”.

XII əsrdə Azərbaycan ədəbiyyatının güclü bir qolu da saraylardan kənarda yaranır və Nizami Gəncəvi (1141-1209) kimi bir çox söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir.

Bütün dünyanın “Gəncəli dahi” kimi tanıdığı Nizaminin yaradıcılığı qlobal hadisə idi, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda, Qərb ədəbi-mədəni dəyərləri öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində ayıq təfəkkürlə hadisələrə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq.

Nizami sənətinin ölməzliyini  təmin edən bir sıra elementlər var, bu elementlərdən biri də budur ki, mütəfəkkir, öz yaradıcılığında dövrünün və gələcək dövrlərin humanist və demokratik istiqamətli fikirlərini, habelə sosial ədalət ideyalarını parlaq şəkildə təbliğ edib.

Belə ki, insan haqlarının təbliği və onların müdafiəsi, şəxsiyyətin azadlığı, şəxsiyyətin iradə müstəqilliyi  mütəfəkkirin  sosial-siyasi görüşlərinin sosial ədalət hissəsində öz parlaq təcəssümünü tapıb.

Dahi şairin əsərlərində qadın haqlarının təbliği də xüsusi yer tutur. Böyük filosofun  yaradıcılıq meyarlarının əsasını qadın obrazları təşkil edir. 

Məlumdur ki, yarandığı ilk gündən bəşəriyyətin mövcudluğunu təmin edən əsas amil qadınlardır. Sevgi, ədəb, dil və mədəniyyəti ilk dəfə qadınlardan öyrənən insanlıq, onlara sosial həyatda layiq olduğu yeri vermədi.

Qadın haqları hər cəmiyyətdə insanların öz inanclarına, ənənələrinə, mədəniyyətinə və həyat tərzinə uyğun olaraq fərqli şəkildə formalaşmışdır. Qadınlar cəmiyyətin bərabərhüquqlu üzvü kimi qəbul edilməyib və onlara qarşı hər cür ayrı-seçkilik və şiddət tətbiq edilib. Fərdi, ailə və ictimai həyatda bir çox zərərli nəticələrə səbəb olan bu ayrı  - seçkilik və şiddət, cəmiyyətdə qadınları fərqləndirdi, onları cəmiyyətdən çox kənarlaşdırdı. 

Məlumdur ki,  Şərq və Qərb təfəkküründə qadına münasibət erkən inkişaf mərhələsində tamamilə  fərqli olub. Belə ki,  Şərq uzun əsrlər boyu qadını “örtülü” şəkildə görmək istəmiş və qadını əsasən nəsil artıran varlıq kimi qəbul etmişdirsə, Qərb bu incə məxluqu daha çox “diqqət mərkəzində” saxlamağa üstünlük vermiş və  əsasən onu  eyş-işrət obyekti kimi təsəvvür edirdi. Göründüyü kimi  hər iki halda, mütləq qadın azadlığı arxa planda qalıb. Elmi və bədii əsərlərin əksəriyyətində müəlliflər qadının kişiyə tabeçiliyini hər vəchlə əsaslandırmağa çalışıblar. Elə buna görə də cəmiyyətdə qadın sosial həyatın əksər sahəsində mütəmadi olaraq diskriminasiyaya məruz qalıb. Xüsusən də  Şərq reallığında qadınların davranış və rəftarına uzun illər boyu məhdudiyyətlər qoyulub, cahillik və nadanlığa geniş meydan verilib. Elə məhz buna görə də islam, habelə xristian və yəhudi dinlərindən irəli gələn müəyyən təlimlərə istinad edən şəxslər qadınların həyat tərzinə, dünyagörüşünə təsir göstərmək imkanları əldə edib. Bu səbəbdən də, bizim ölkəmizdə dini fikirlərin təbliği məqamlarında müxtəlif interpretasiya və fərqli şərh motivlərinin mövcudluğu diqqəti çəkir. Məlumdur ki, Azərbaycan Qərb və Şərq sivilizasiyasının kəsişdiyi nöqtədə yerləşir. Lakin, ölkə əhalisinin əskər hissəsini müsəlmanlar təşkil edən bir məkanda təbii ki, islami dəyərlər daha çox üstünlük təşkil edir. Bir çox tədqiqatçılar, xüsusən Qərb araşdırmacıları Şərq ədəbiyyatında qadının “ikinci dərəcəli” personaj kimi təqdim olunduğunu iddia edirlər. Bu kökündən səhv olan iddiadır. Həmin qeyri-obyektiv düşüncələrin ən başlıca təkzibedici arqumenti kimi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sini nəzərdən keçirmək kifayətdir. Kişi və qadın münasibətləri Nizaminin əsərlərində humanist ideyalar işığında təqdim edilir. Onun qəhrəmanları gender ayrı-seçkiliyinə qarşı çıxan, daim özünü təkmilləşdirməyə cəhd edən, nəcib ideyalar uğrunda vuruşan insanlardır.

Nizami daim qadın azadlığını təbliğ etmiş, vəsf etmiş, onun qadın qəhrəmanları fəal həyat mövqeyi seçən, kişilərlə bərabər səviyyədə dayanan, hətta, bəzi məqamlarda öz ər və qardaşlarından daha tədbirli və uzaqgörən insanlardır.   Nizami, qadının azadlığı haqqındakı fikirlərini türk köçəri tayfalarında olan qıpçaqlar barədə gözəl bir hekayəti ilə anladır. Həmin hekayətdə deyilir: 

“Qafqaza getmək üçün Çindən hərəkət edən İskəndər ordusu qıpçaq çölündə düşərgə salır. İskəndər buradakı qadınların açıq gəzərək kişilərdən qaçmadığını görür. Əsgərlərinin ehtiyacından ehtiyat edən imperator qonağı olduğu məmləkət əhalisinin irz və namusuna təcavüzə yol verməmək üçün qıpçaq bəylərini toplayır. İskəndər Qıpçaq bəylərinə böyük iltifat göstərməsi barəsində fikirlərini bildirdikdən sonra qadınlarının örtülü gəzməsini tövsiyə edir: “Qadın daşdan, dəmirdən də olsa yenə qadındır. Qadının üzü örtülü olmalıdır” deyir. “Özünü başqalarına göstərən bir qadın nə özünün, nə də ərinin şərəf və heysiyyətini qoruya bilməz!”, - deyə xəbərdarlıq edir. Çöllülər padşahın bu sözlərini diqqətlə dinlədikdən sonra, nə cavab versələr yaxşıdır?

Qıpçaq bəyləri İskəndərə deyirlər: “Padşaha itaət edirik. Zati-ailəsinə sədaqətli olmağa and içmişik, əhdimizdə dayanmışıq. Fəqət üz örtmək bu əhdə daxil deyildir, çünki bu, qıpçaq adətinə uyğun gəlmir. Sənin adətin üz qapamağı tələb edirsə, bizim adət də göz qapamağı tələb edir. Başqasının üzünü görməmək lazımdırsa, üzü deyil, gözü qapamaq gərəkdir. Padşah bizə qəzəblənməsin: üz örtülsə, arxayamı baxılacaq?! Bizim gəlinlərin otağında yad bir kəs yoxdursa, bu kifayətdir. Padşahım, sən gəl, bu xalqın üzünü niqab ilə gizlətmə! Daha yaxşısı budur ki, örtüyü öz gözlərinə as!”

Qeyd etdiyimiz kimi dahi şair öz əsərlərində bu gün də aktual olan qadın hüquqlarını təbliğ etmiş və demək olar ki,  Gəncəviyə qədər qadına bu qədər yüksək qiymət verən şəxs olmamışdır. Şairin yaradıcılığının ilk qəzəlindən tutmuş  “Xəmsə”sinin bütün poemalarında qadın hüquqları öz əksini tapmışdır. Maraqlıdır ki, çox şair və yazıçıların həyat tərzi ilə yazdıqları üst-üstə düşmür, tamamilə ziddiyət təşkil edir. Bu sahədə də Nizami Gəncəvi ən qabaqcıl yerlərdən birini tutur. Beləki, Dərbənd şahı şairin arvadı olmuş  Afaq xanımı  kəniz kimi ona  hədiyyə edir. Nizami Gəncəvi Afaqın çox saf və təmiz olduğunu görür, ona nəinki qulluqçu kimi, onu özünə ömür-gün yoldaşı edir. Şair, Afaqla çox xoş günlər keçirdiyini daim öz əsərlərində xatırlayır. Oğlu Məhəmmədə də ananı, vətəni, qadını sevməyi tövsiyyə edir. Afaqın ölümü Nizami Gəncəvini çox sarsıdır. Şair bunu dönə-dönə etiraf edir.

Nizami Gəncəvi sevgisinə sadiq qalaraq yazır:

Bircə arvad al ki, olasan əziz,
Çox arvadlı kişi qalar kimsəsiz.

İlk poeması “Sirlər Xəzinəsi”ndə qadın surəti və onun cəmiyyətin aparıcı qüvvəsi kimi öz haqq və hüququnu tələb etməsi “Sultan Səncər və dul qadın” mənzuməsində çox inandırıcı bir şəkildə verilmişdir:

Zülm edib bir dul qarıya çox uddurmuşdular qan,
O da Sultan Səncərin tutaraq yaxasından,
Dedi: “Səndə zülm az görməmişəm qulaq as,
Səndə gördüyüm zülm əsla hesaba sığmaz.
Bir kefli darğa gəlib evimdə məni döydü-döydü,
Salıb təpik altına məni doyunca söydü-söydü.
Mən günahsız qarının saçlarına atıb əl,
Üzü üstə sürüdü evdən çölə əlbəəl”.

Göründüyü kimi Nizami Gəncəvi dul və yaşlı olan  qadının dili ilə hüquqlarını qorumaq üçün məmurların özbaşınalığından danışır. Insanları ölkəyə və qadına düzgün münasibətin bərqərar olacağına çağırır.

Nizami Gəncəvinin ikinci poeması “Xosrov və Şirin”də qadınların  azadlıq hüququ , onların öz haqqını tələb etməsi, ana kimi yüksək bir ada layiq olması və cəmiyyətin aparıcı qüvvə olması bəşəriyyətin onsuz yetim qalması ideyası çox bariz bir şəkildə göstərilmişdir. Nizami Gəncəvi bəşəriyyətin bütün təbəqələrini, o cümlədən qadını daim azad hüquqlu görmək istəmişdir.

Əsərin sonunda eyş-işrətlə məşğul olub Şirinə qədər Məryəm və Şəkərlə evlənən Xosrov ölüm ayağında belə Şirini oyadıb ona bir içim su ver deməyə qıymır. Demək ki, qadın öz sevgi və dürüstlüyü ilə Xosrov kimi bir insanı tərbiyələndirə bilmişdir. Bu, hər şeydən əvvəl şairin özünün arzusu kimi səciyyələndirilməlidir.

Nizami Gəncəvinin üçüncü poemasındakı Leyli surəti Şərq qadınının fədakarlığı, analıq qayğısı, məişətdəki rolunu əks etdirir. Şair eyni zamanda qadın zorakılığına son qoyulması ideyasını tərənnüm etdirir. Bu baxımdan da deyə bilərik ki , Nizami Gəncəvi, cəmiyyətdə  qadının necə rol oynayacağını min il bundan əvvəl görüb onu qələmə alıb.

Şair dördüncü əsəri “Yeddi Gözəl”də bir yerdə dayanmayaraq dünya arenasına çıxıb qadın problemini planetimiz çərçivəsində həll etməyə çalışmışdır. Onun əsərdəki çin, rus, fars, türk, hind, ərəb və s. qadın nümayəndələri öz milli adət və ənənələri ilə analıq qayğısı ilə yaşayırlar. 

Şairin beşinci əsəri “İsgəndərnamə”dəki Nüşabə surəti xüsusilə diqqəti cəlb edir. Nizami Gəncəvi İskəndərnamə əsərində Nüşabənin dilindən İsgəndərə deyir:

Erkək tinətliyəm olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.

Göründüyü kimi, müasir dövrümüzdə geniş yayılan gender bərabərliyi ideyası XII  əsrdə Nizaminin əsərlərində öz əksini tapmışdır. Onu da qeyd edim ki, gender bərabərliyi ilə bağlı hərəkatlar Avropada əsasən XIX əsrin sonlarında sufrajistlərin hərəkatından  başlayıb. 

Çox təəssüflə qeyd etmək istərdim ki, Nizami kimi bir dahinin əsərləri ilə böyüyən kişilərimiz və hətta “bəzi qadınlar”ımız  bu gün qızlarımızı zorakılığa məruz qoyur... Artıq bu gün, Nizaminin Şirinləri, Nüşabələri, Leyliləri xoşbəxt deyil...Bu gün 25 yaşlı 3 uşaq anası olan qadın həyat yoldaşı ilə mübahisə edəndən sonra özünü 19-cu mərtəbədən atır...Bu gün 22 yaşlı tələbə qızımız  özünü yaşadığı  binanın damından atır...57 yaşlı anamız ailədəki söz-söhbətə dözə bilməyərək özünə od vurub yandırır... 30 yaşlı gənc ana 18-ci mərtəbədən özünü atır... Bu gün gəlinlər qaynataları tərəfindən tikə-tikə doğranılıb torbalara yığılaraq küçədə zibil qabına atılır... Bu gün eyş–işrət məclislərinə bol zaman ayırmaq məqsədilə minlərlə qadın və uşaq kişilər tərəfindən  küçəyə atılır... Və bu gün çox təəssüf olsun ki, 10 yaşında Nərminimiz, 14 yaşlı Elinamız da daxil çox az yaşlı qızlarımız da belə  zorakılıqların qurbanı olub...

Yenə çox təəssüflə qeyd etmək istərdim ki , Azərbaycan cəmiyyətində bir qadının öldürülməsi əksər hallarda namus cinayəti kimi qələmə verilir: “Mütləq şəkildə öldürülən qadın əxlaqsızdır, onun günahı var. Qadını alçaldan, təhqir edən, ona xəyanət edən, onun çarəsizliyi, zəifliyindən istifadə edən və nəhayət öldürən kişini isə heç kəs günahkar hesab etmir.  Bəzi hallarda bu cinayətlərin istintaq prosesində də belə sterotip yanaşmalar mövcud olur və çox təəssüf olsun ki, sosial şəbəkələrdə bir çox hallarda şahidi oluruq ki, qadını öldürən cinayətkara dəstək, ona haqq verəcək fikirlər səsləndirilir və hətta onların arasında qadınlar da olur.

Bəzən deyirlər ki, qadına qarşı cinayət törədən kişini böyüdüb, tərbiyə edən də qadındır. Yəni burada da qadın günahlandırılır. Bu da bir steriotipdir. Digər acınacaqlı bir halı da qeyd etmək istərdim, günümüzdə  döyülmə, maliyyə nəzarəti, karyera və nikah məsələlərində şəxsi seçim haqqının olmaması bir çox ucqar rayon və kəndlərimiz üçün adi bir hal olub"

Sonda isə onu qeyd etmək istəyirəm, inanıram ki, bir gün bəlkə də çox qadınlarımızın xəyalında canlanan “Nizaminin azad və xoşbəxt qadını” öz həqiqi libasını geyinib gerçəkliyə çevriləcək. Bu, mütləq olacaq... Ona görə olacaq ki, bəlkə də bu gün “kişiliyinə” güvənərək qadınları incidən, çarəsizlikdən pis yola düşən qadınlarımızı o yoldan uzaqlaşdırmağa cəsarəti çatmayıb onlardan istifadə etməyi üstün tutan, hətta onları daha artıq o yola sövq edən, qadınını özünü öldürmə həddinə çatdıran, onu aşağılayan, hörmət etməyən, qadınını düşmən kimi görən “kişi”lərimizdən fəqrli olaraq, bu gün vətənimiz uğrunda döyüşən, canından keçən, 1992 – ci ildə Xocalıda düşmənlərimiz tərəfindən fiziki, cinsi, psixoloji zorakılığa məruz qalan qadınlarımızın, qızlarımızın qisasını layiqincə alan, torpaqlarına illərlə həsrət qalan analarımıza sonsuz sevinc bəxş edən, qadınlarımızı ön cəbhədə sevindirən igid, qəhrəman kişilərimiz də var...