Şəmkirdə avtoxuliqanlıq edən şəxslər tutuldu
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, rayon sakinləri - Kənan Hüseynov və Raqif Abbasov idarə etdikləri VAZ-2107 və VAZ-2106 markalı avtomobillər ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq etdiyi məlum olub.
Həmin şəxslər barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rafiq Abbasov 15 gün müddətinə inzibati qaydada həbs olunub və sürücülük hüququndan 1 il müddətinə məhrum edilib.
K.Hüseynovun törətdiyi qayda pozuntularına hüquqi qiymət verilməsi üçün barəsində toplanan material Gədəbəy rayon məhkəməsinə göndərilib.