Uşaqların vaxtında peyvəndlənməsilə bağlı həkim RƏYİ



 

Uşaqların xəstə olmaları ya da başqa səbəblərlə bağlı peyvəndlənmə gecikə və ya unudula bilər. Bəzən də belə hallar olur ki, valideynlər əsassız səbəblər gətirərək övladlarına peyvənd vurdurmaqdan imtina edirlər.

Ümumiyyətlə, uşağın müayinəsi (müalicəsi) ilə bağlı həkimə müraciət edildikdə mütləq peyvənd cədvəli yoxlanmalı və əksik olan peyvəndlər tamamlanmalıdır. Dünyada uşaqlıq dövründə qızılca, göyöskürək, difteriya, polimielit kimi infeksiyalara qarşı peyvəndlənmənin aparılması hesabına bu yoluxucu xəstəliklərə rast gəlinmə tezliyi azalıb.

Peyvənd ilə qarşısı alına bilən yoluxucu xəstəliklərdən tam qorunmaq üçün əhalinin 80%-i peyvənd olunmalıdır. Bu hədəfə çatmaq üçün uşaqların peyvəndlənməsinin qarşısını alan faktorlar bilinməli və ortadan qaldırılmalıdır.

Peyvəndləri tam edilməmiş uşaqlarda əvvəlki vaksin dozları təkrar etməyə ehtiyac yoxdur. Uzun müddət keçmiş olsa da, peyvəndlənməyə harda qalınıbsa ordan da davam edilməlidir. Vaxtında peyvəndləri vurulmamış uşağın yaşına uyğun olaraq peyvəndlənmə aparılmalıdır.

Əgər peyvəndlənmə heç aparılmayıbsa onda həmin yaşa qədər ehtiyac olan peyvəndlər sürətli şəkildə ediləcəkdir. Qeyd etmək lazımdır ki, azaldılmış və ya bölünmüş dozda edilən peyvəndlər sayılmır.

Peyvəndləri əksik aparılmış uşaqlara həkiminizin məsləhəti ilə canlı və ya inaktiv peyvəndlər birlikdə edilə bilinər. Belə halda peyvəndin yan təsirləri daha çox müşahidə edilməyəcəkdir.

Vaxtında peyvəndləri olunmamış uşaqlar üçün cədvəl aşağıdakı kimidir.

12-23 ay arası uşaqlara iki dəfə konyuqə olunmuş pnevmokok peyvəndi (Pk) (2 ay ara ilə), 24-59 ay arası uşaqlara isə tək doz konyuqə olunmuş pnevmokok peyvəndi (Pk) vurulması məsləhət görülür.

• Əgər uşaq risk qrupunda deyildirsə, 5 yaşdan yuxarı uşaqlarda Hib və pnevmokok kimi infeksiyalara qarşı artıq immun cavab yaranacağından bu peyvəndləri etməyə ehtiyac yoxdur.

• Əgər peyvəndlər yarımçıq edilibsə, məsələn: DTaG ( Difteriya, Tetanus, Göyöskürək) son doz qalıbsa və uşağın 4 yaşı varsa onda, 4-6 yaş arası təkrari doza ehtiyac yoxdur.

• 6 yaşdan yuxarı uşaqlarda əgər varsa zəiflədilmiş göyöskürək, zəiflədilmiş difteriya, tetanus peyvəndlənməsi də aparıla bilinər.

• Xüsusən 4-6 yaş arası uşaqlarda QPM (qızılca, parotit, məxmərək) peyvəndini 2-ci dozunu vurmağa diqqət olunmalıdır.

• BCG peyvəndi uşaqlarda PPD sınağından sonra nəticəyə uyğun olaraq aparıla bilinər.

• 15-59-cu ay arası uşaqlarda tək doz Hib kifayətdir. 60 ay və yuxarı uşaqlarda Hib etməyə ehtiyac yoxdur.

Uşaqlıq dövrü peyvənlənmələri məktəb dövründə peyvəndlənmə ilə davam ediləcəkdir. Peyvəndlənmə edilmədən əvvəl serolojik test edilərək bu infeksion prosesin keçirib-keçirmədiyi yoxlanıla bilinər.

Sağlam gələcək naminə uşaqlarımızın peyvəndlənməsini vaxtı-vaxtında etdirməyi unutmayaq.
 
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Nərmin Əzizova

Tibb elmləri üzrə fəlsəfə doktoru, uzman Əli Quliyev