Sumqayıtda avtomobil yolunun ortasında ağac əkdilər? - AÇIQLAMA



 

Sumqayıtda ağac avtomobil yolunun hərəkət hissəsində “əkilib”. 

Bu barədə foto sosial şəbəkədə paylaşılıb. Söhbət şəhərin “Şərq Bazarı” yaxınlığındakı Ü.Hacıbəyov küçəsindən gedir. 

Belə ki, avtomobil yolunun ortasında lyukun ağzı açıq olub. Ötən gün həmin yerin üzəri örtülüb. Təmir olunan ərazinin quruması və nəqliyyat vasitələrinin üzərindən keçməməsi üçün lyukun içərisinə ağac qoyublar. Bu maraqlı addım isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a sözügedən ərazidə kanalizasiya baxış quyusunun sıradan çıxması səbəbilə təmir-bərpa işlərinin aparıldığı bildirilib:

“Ötən gün sözügedən ərazidə kanalizasiya xəttində baş verən qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılıb. Təmirdən sonra kanalizasiya quyusunun qapağının yolla eyni səviyyədə olması üçün betonlama işləri həyata keçirilib. Hazırda sözügedən yolda belə bir hal müşahidə olunmur”. 

Xatırladaq ki, bir müddət əvvəl şəhərin bu hissəsində kanalizasiya xəttində yaşanan problem səbəbindən küçələri su basmışdı. 

Könül Cəfərli