Yevlaxda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb



 

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əldə edilmiş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Elçin Orucov saxlanılaraq polis şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

E.Orucov ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini, Sadiq Şıxıyevdən pul müqabilində aldığını bildirib. Keçirilmiş tədbirlərlə S.Şıxıyev də saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə həmin narkotik vasitənin mənbəyinin Yevlax şəhər sakini Bəhruz Novruzov da olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Eləcə də E.Orucovun ətrafında aparılan genişmiqyaslı tədbirlər nəticəsində vətəndaşa məxsus avtomaşından iki ədəd akkumulyator oğurladığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.