Hərbçilərimiz müharibədə nə yeyirdi? - Aşpaz Ağa Aşurovla MÜSAHİBƏ + FOTO/VİDEO



 

Azərbaycanın təkcə Vətən müharibəsində qalib gələn güclü ordusu ilə deyil, həm də hərbçilərlə birlikdə ön cəbhədə olan aşpazlarla fəxr etməyə haqqı var. Aşpazlar qrupuna Azərbaycan Milli Kulinariya Birliyinin fəxri üzvü və İdarə Heyətinin üzvü Ağa Aşurov rəhbərlik edib.

Media.Az-a verdiyi müsahibədə o, hərbçilərimizin nə yediklərindən, hərbi şəraitdə işləməyin nə qədər çətin olduğundan və başqa bir çox məsələlərdən danışıb.

- Cəbhəyə nə vaxt getdiniz?

- Oktyabrın 3-də, Silahlı Qüvvələrin şəxsi heyəti ilə birlikdə. Müharibə başlayanda cəbhəyə yollanmaq fürsəti yaranan kimi mən ilk sıralarda oldum.

- Sizinlə birlikdə neçə aşpaz cəbhəyə getdi?

- İlk vaxtlar mənimlə birlikdə 10 aşpaz cəbhə bölgəsinə getdi. Tədricən digər həmkarlarımız da bizə qoşuldu, sonda təxminən 60 nəfər idik.

- Hansı istiqamətlərdə olmusunuz?

- Ərazilər azad edildikcə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrində olduq. Xidmətimizi Şuşada başa vurduq, orada hərbi əməliyyatlar bitdikdən sonra da bir aya yaxın yemək hazırladıq. Şuşada olarkən azanın səsini eşitdiyim zaman keçirdiyim hissləri sizə çatdıra bilmirəm.

- Daim ön cəbhədə oldunuz?

- Müharibənin əvvəlində arxada idik, ancaq ordumuz irəlilədikcə ön cəbhəyə keçdik. Orada səhra mətbəxləri təşkil olunurdu. 2000 - 2500 nəfərdən ibarət olan bir hərbi hissədə dörd aşpaz vardı. Kömək üçün hər birimizə 10-15 əsgər ayrılırdı.

- Ən çox nəyi xatırlayırsınız?

- Ən pis şey hər gün hərbçilərdən birini itirə biləcəyimiz idi. Təəssüf ki, döyüşlər zamanı Azərbaycan Milli Kulinariya Dərnəyinin üzvləri olan iki aşpazımızı itirdik. Bir dəfə Hadruta getməli idim, həmkarlarım isə Cəbrayıl bölgəsinin Daşkəsən kəndində qaldı. Birdən düşmənin bu ərazini havadan bombaladığını öyrəndim. Həmin vaxt bir əsgərimiz itkin düşdü. Onun ölə biləcəyi hissi məni tərk etmədi, qorxu hissi bütün şüurumu tutdu. Xoşbəxtlikdən, səhərə yaxın o tapıldı, amma həmin vaxta kimi yaşadıqlarımızı sözlə ifadə etmək olmur.

- Əsgərlər üçün nələr hazırlayırdınız?

- Əla ərzaq təminatımız var idi, buna uyğun menyu hazırlayırdıq. Səhər sıyıq, duzlu pendir, kərə yağı və şirin çay verirdik. Günorta məsələn, bozbaş, axşam isə daha yaxşı həzm olunduğu üçün borş hazırlayırdıq. Şəhidlərin xatirəsini yad etmək üçün Qubadlı rayonunun Xanlıq kəndində halva bişirdik. Yeməkləri elə hazırlamağa çalışırdıq ki, hərbçilərimiz özlərini evlərindəki kimi hiss etsinlər.

- Bütün hərbçilər üçün vahid menyu idi?

- Bəli, əsasən əsgərlər üçün yemək bişirirdik.

- Gündə neçə porsiya bişirirdiniz?

- Təsəvvür edin ki, 60 aşpaz (köməkçi əsgərlərlə birlikdə) 60 min nəfərlik heyəti yedizdirdi. Bilirsiniz, bu cür şəraitdə yorğunluq hiss etmirsiniz, bunu Vətən və xalq naminə edirsiniz.