Nazirlik rəsmisi qəbul imtahanlarından danışdı



 

“2020-ci ildə ali məktəblərə qəbul imtahanları təhlükəsiz şəkildə keçirildiyi kimi, 2021-ci ildə də imtahanların təşkilinin təhlükəsiz şəkildə keçirilməsinə diqqət olunacaq. Bu istiqamətdə qəbul imtahanı ilə bağlı proqram artıq abituriyentlərin diqqətinə çatdırılıb”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, pandemiya dövründə ötən il ümumilikdə 400 minə yaxın insan DİM-in keçirdiyi imtahanlarda iştirak edib:

“Burada virusla bağlı qaydalar qorunub. Bu kimi qaydalar bu il keçiriləcək imtahanlarda da nəzərə alınacaq”.

“İmtahanın keçirilməsi zamanı DİM imtahan iştirakçılarının qiymətləndirilməsinin adekvat qaydada aparılmasını təmin etməyə çalışır və çalışacaq. 

2020-ci ildə keçirilən imtahanların nəticələrini ötən illərlə müqayisə etsək, fərq olmayacaq.

Baxmayaraq ki, tədris ənənəvi qaydada olmayıb, kontingentin bilik səviyyəsinin qiymətləndirilməsində fərqlər olmayıb. Biz artıq imtahanların proqramı ilə bağlı məlumat vermişik, mövzulara edilən hər hansı dəyişikliklər də burada öz əksini tapıb”, - deyə o əlavə edib.

Könül Cəfərli