Çiplənək ya yox?



 

Kubra Məhərrəmova yazır...

Koronavirus “ayaq tutub yeriməyə başlayandan” dünyada yayılan ən məşhur şayiə o oldu ki, bəs bu virus yalandı, insanları çipləmək üçün ortaya atılan məsələdir. Yəni peyvənd adı altında dünya əhalisini çipləyəcəklər. 

Və bu insanları nəzarətdə saxlamaq üçün düzüb qoşulan qlobal layihədir.

Özü də bu sözü evdə arvadından icazəsiz televizorun kanalını dəyişə bilməyənlər danışır ən çox.

Toy kasetiylə qız seçib evlənənlər də deyir ki, peyvənd ümumiyyətlə axmaq şeydir. Dədə-babalarımız peyvəndsiz 90 il yaşayıb. 90 yaşına qədər də “maxorka” çəkib.

O da düzdür. Dədə-baba da vərəmdən qırılırdı vaxtı ilə. Ya da başqa yoluxucu xəstəliklərdən... Xalq arasında ən pis xəstəlik “çaxotka” adı ilə tanınırdı. Amma bu fakt heç kimin yadına düşmür.

Etiraf etməliyik ki, tibb hər gün deyil, hər saat inkişaf edir. Uzun illər aparılan peyvəndlənmə nəticəsində dünyada bir sıra yoluxucu xəstəliklərin qarşısı alınıb, bəziləri isə tarixə qovuşub. 
Azərbaycanda da bir sıra yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparılır. Rəsmi məlumata görə, peyvəndlərin aparılması nəticəsində Azərbaycanda poliomielit xəstəliyi ləğv edilmiş, difteriya, tetanus, göyöskürək, məxmərək xəstəlikləri azalmış, demək olar ki, yox dərəcəsinə enmişdir. 
Vallah sevinirik. Çünki onsuz da bərbad vəziyyətdə olan tibb sahəmizin canını bu peyvəndlər qutarır. Təsəvvür edin ki, bizim tibb sistemi ilə bu xəstəliklər də baş qaldırsa, nələr baş verər. Allah iraq eləsin.

Sevindirici məqam odur ki, koronavirusa qarşı hazırlanan peyvənd artıq dəfələrlə sınaqdan keçirilib və yaxşı nəticələr göstərib.

Dünyada koronavirusa qarşı peyvəndlənmə prosesi tam gücüylə davam edir. Həqiqətən də adam bilmədiyi, tanımadığı bir hadisə ilə qarşı-qarşıya gələndə qorxur. Bu da normal haldır. Hamımız yaşamaq istəyirik.

Amma məlum olan da odur ki, bu gün koronavirusdan qurtulmaq üçün ən doğru yol peyvəndləmə prosesidir. Amma və lakin koronavuris peyvəndinin vurulması o demək deyil ki, daha bu şəxslər xəstəliyə tutulmayacaq. Yenə də maska, sosial məsafə, şəxsi gigiyena gündəmdə qalır. O da məlumdur ki, peyvəndli olanlar bu virusa yaxalansalar, xəstəliyi daha yüngül keçirəcəklər. Peyvəndin də əsas işləmə mexanizmi elə budur.

Azərbaycanda koronavirusa qarşı vaksinasiya 2021-ci il yanvarın 18-dən başlayıb. Və ilk peyvənd Səhiyyə naziri Oqtay Şirəliyevə vurulub. Şükür nazir sağ-salamatdır.

Qeyd etməliyəm ki, birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları vaksinasiya edilir.

İkinci mərhələdə isə 50 yaşdan yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək.

Ümid edirəm ki, tezliklə xalq olaraq xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail ola biləcəyik.

Maraqlısı isə odur ki, bir il əvvəl koronavirusa inanmayanlar indi də peyvəndə inanmırlar. 
Amma sevindirici məqam odur ki, elə həmin adamlar indi bərk-bərk maska taxır, əllərini hər beş dəqiqədən bir spirtləyirlər. Deməli peyvəndə də inanacaqları uzaqda deyil.

Sonda, sosial şəbəkələrdə “Niquşun” səsinə qulaq asmaqdansa, arada bir yoluxucu xəstəliklər barədə məlumat toplayın. Vallah meqabaytınıza heyfiniz gəlsin. “Niquş” hələ çox “quşlayacaq”, siz maariflənin. Şükür hamınızda da telefon, internet var.