“Neftçi” ilə ilk rəsmi oyununa çıxacaq “Qalatasaray”
“Neftçi”nin UEFA Avropa Liqasındakı rəqibi “Qalatasaray” qardaş ölkənin dörd ən böyük klubundan biridir.
Ölkəmizdə də çoxlu sayda azarkeşi olan İstanbul təmsilçisi 1905-ci ildə yaradılıb.
Klubun hazırkı prezidenti Mustafa Cengiz, baş məşqçisi Fatih Terimdir. Komanda ev oyunlarını 52 652 tamaşaçı tutumuna malik olan “Türk Telekom Arena”da keçirir.
22 dəfə Türkiyə çempionatının, 18 dəfə ölkə kubokunun, 16 dəfə isə Superkubokun qalibi olan İstanbul təmsilçisi 2000-ci ildə UEFA Kubokuna, ardınca UEFA Superkubokuna sahib çıxıb.
“Qalatasaray” ötən mövsümü VI yerdə başa vurub. Lakin vitse-çempion və ölkə kubokunun qalibi “Trabzonspor” maliyyə borclarına görə avrokuboklardan uzaqlaşdırıldığı üçün Superliqanı V pillədə bitirən “Alanyaspor” avrokuboklara vəsiqəni kubokun finalçısı kimi əldə edib. Buna görə də VI yerin sahibi “cim-bom” da Türkiyəni qitəmiqyaslı turnirdə təmsil etmək hüququ qazanıb.
“Qalatasaray”ın heyətində uruqvaylı Fernando Muslera, kolumbiyalı Radamel Falkao, Mərakeş əsilli fransalı Yunis Belhanda, hollandiyalı Rayan Donk, isveçli Cimmi Durmaz, Əlcəzair əsilli fransalı Sofian Fequli, seneqallı Mbay Dian kimi təcrübəli legionerlər top qovur.
“Neftçi” indiyədək “Qalatasaray”la iki dəfə qarşılaşıb. Hər iki matç yoldaşlıq oyunu olub. 1960-cı ildə Bakıda reallaşan görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.