“Qarabağ”ın rəqibini yaxından tanıyaq: Hitlerə görə ilk çempionatları uğursuz olan klub



 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Norveçin “Molde” klubu 1911-ci ildə yaradılıb.

Oxu.Az Molde şəhərini təmsil edən bu klubun tarixi haqda yazı hazırlayıb.

Komanda 1911-ci ilin iyunun 19-da yaradılarkən “İnterneyşnl” adlandırılıb. Səbəb heyətdə daha çox danimarkalı futbolçuların yer alması olub. Lakin dörd il sonra bu klub indiki “Molde” adına qovuşub.

Bu komanda ilk dəfə Norveçin ən yüksək çempionatında 1939/40 mövsümündə iştirak edib. Lakin onda faşist Almaniyası Norveçi işğal etdiyindən çempionat sonadək oynanılmayıb.

“Molde”nin Norveçdəki uğurları son illərə təsadüf edir. 2011, 2012, 2014 və 2019-cü illərdə Norveç çempionu olan “Molde” doqquz dəfə gümüş, üç dəfə isə bürünc medal qazanıb. Yeddi dəfə Norveç kubokunun final matçında oynamış “Molde” bunlardan dördündə qalib olub.

Komandanın avrokubok təcrübəsi də yetərincədir. İndiyədək 24 dəfə Çempionlar Liqasında oynamış “Molde” bərabər sayda nəticə göstərib: 8 qələbə, 8 heç-heçə və 8 məğlubiyyət. Bundan başqa, Avropa Liqası/UEFA Kubokunda 66 və keçmiş Kuboklar Kubokunda 4 matç keçirib.

Komanda ev oyunlarını 11 249 tamaşaçı tutumuna malik “Aker” stadionunda keçirir. Baş məşqçisi Erlinq Moe 2015-ci ildən bu klubdadır. Düzdür, 50 yaşlı çalışdırıcı 2015-2018-ci illərdə köməkçi məşqçi kimi işləyib. 2018-ci ilin dekabrın 19-dan bu klubda baş məşqçidir.

Heyətdə Norveç millisinin oyunçuları yoxdur. Komandada yeddi legioner var. Bunlardan ikisi İsveçi, digərləri Qambiyanı, Nigeriyanı, Belçikanı, ABŞ-ı və Fil Dişi Sahilini təmsil edir.

Komanda hazırda davam edən Norveç çempionatında 34 xalla II sıradadır. Dünən “Vikinq”lə səfər oyununda 2:3 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, “Qarabağ” bu rəqibi ilə 15-16 sentyabrda qarşılaşacaq. Ağdam klubu rəqibini Bakıda qəbul edəcək.

Səbuhi Musayev