Fərid Mansurov dırnaqarası dünya çempionları barədə: “1-2 nəfərə qalib gəlib, özlərini titullu adlandırırlar”



 

Azərbaycan millisinin idmançılarından ölkəmizdə koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov çalışdığı qurumun “Facebook”da açdığı canlı bağlantısı zamanı deyib.

O bildirib ki, yalnız sərbəst güləş üzrə Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov Dağıstanda koronavirusa yoluxub:

“Təlim-məşq toplanışları olduğu halda, idmançıları Milli İdman Tibb və Reabilitasiya İnstitutuna test verməyə göndərmişik. Bizdə koronavirusa yoluxan idmançı olmayıb. Rusiyada və digər ölkələrdə yoluxan ola bilər. Məsələn, sərbəst güləş millimizin üzvü Şərif Şərifov Dağıstanda yoluxmuşdu. Amma indi sağalıb, qaydasındadır”.

Daha sonra yunan-Roma güləşi üzrə Olimpiya, ikiqat dünya çempionu Fərid Mansurov özlərini hər yerdə titullu idmançı kimi təqdim edən şəxslərdən danışıb:

“Dırnaqarası dünya çempionları bizim də nəzarətimizdədir. Biz nazirlik adından idmançıları yarışa göndərəndə həmin turnirin Avropa və dünya çempionatı olmasına, orda neçə idmançının iştirak etməsinə fikir veririk. Amma elə idmançılar var ki, 1-2 nəfərə qalib gəlir, çempion olur, hər yerdə də özünü dünya çempionu kimi təqdim edir. Məsələn, Rövşən Bayramov heç vaxt özünü dünya çempionu adlandırmayıb. Halbuki, adam 2011-ci ildə İstanbulda dünya çempionu olub. Əsl dünya çempionu öz titulunu sadalamır, 1-2 idmançıya qalib gəlmişlər özlərini dünya çempionu kimi təqdim edir”.

Səbuhi Musayev