Fərid Mansurov: “Özüm hazırda açıq havada məşqin tərəfdarıyam”
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov qapalı zalların bağlı olması və açıq havada məşqlərin keçirilməsi barədə fikirlərini bildirib.
Nazirliyin “Facebook” hesabından canlı yayıma qoşulan güləş üzrə sabiq Olimpiya çempionu sualları cavablandırarkən maraqlı məsələlərə toxunub:
“Pandemiya çox sürətlə yayılır. Hərə bir evdən gəlir. Hər bir evdə risk qrupuna məxsus olan adamlar var. Qapalı zalda məşq edəndə immunitet aşağı düşür. Belə olan halda, həmin idmançıların koronavirusa yoluxma təhlükəsi artır. Bu baxımdan indiki durumda açıq havada sosial məsafə saxlanılmaqla məşq etmək olar. Özüm hazırda açıq havada məşqin tərəfdarıyam. Amma gələn aydan havalar soyuyur, açıq havada məşq çətinləşəcək. Bunun üçün də Operativ Qərargaha təkliflərimizi veririk.
Bodibildinq Federasiyasının məşqləri ancaq zalda olur. Qapalı məkanın sahəsinin böyüklüyünə görə zalları açmaq olar. Məsələn, 100 kvadrat metrlik zalda dörd idmançı, bir məşqçi çalışa bilər.
Biz əsasən qeyri-Olimpiya idman növlərinin bu çətin dönəmdə sıradan çıxmamasına çalışırıq. Ona görə də nazirlik adından federasiyalara müraciət etdik ki, gəlib bizim qurumun balansında olan komplekslərin açıq məkanda yerləşən qurğularında məşq etsinlər. Artıq Kikboksinq, MMA, Kyokuşin Karate, Hapkido Federasiyalarından bizə müraciət olunub. Biz onların məşqlərinin üst-üstə düşməməsi üçün qrafik tərtib edirik. Onlara həmin komplekslərdə məşqdən sonra duş kabinələrindən istifadə etməyə icazə veriləcək. Yəni, tərli-tərli çıxıb evə getməyəcəklər”.
Səbuhi Musayev