“Neftçi”nin sabiq vitse-prezidenti kiprlilərin onlara verdiyi həşərat qonaqlığından danışdı
“Neftçi” futbol klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək komandaya uğurlar arzulayıb və "Neftçi"nin Avrokuboklarda çıxışı ilə bağlı xatirələrini bölüşüb.
Tahir Süleymanovun səkkiz il əvvəl Kiprin APOEL klubu ilə tarix yazdıqları matçla bağlı xatirələrini təqdim edirik:
“APOEL-in çox ambisiyalı prezidenti var idi. Kiprdən tutmuş Rusiyanın Uralına kimi biznesi, böyük maliyyəsi, imkanları geniş idi. Buna baxmayaraq, sadəliyi, istiqanlılığı ilə seçilirdi. Heç kimə yuxarıdan aşağı baxmırdı.
Futbol baxımından isə həddindən artıq məğrur, özünəinamlı, arxayın görünürdü. Başadüşülən idi. Fantastik uğurlar qazanmışdılar. Qrupda “Zenit”, “Şaxtyor”, “Portu”, 1/8-də “Lion” kimi klublarla baş-başa oynayaraq xallar qazanmış, mərhələlər keçərək bizdən beş ay öncə Çempionlar Liqasının 1/4 finalında nəhəng “Real”la qarşılaşmışdılar...
Bakıya rahat gəlmişdilər. Hava çox isti idi. UEFA-nın rəsmi nahar yeməyini razılaşdıraraq axşama saxlamışdıq. Açıq məkanda, milli yeməklərimiz, musiqi sədalarımız altında qonaqlar çox razı görünürdülər.
Mətbəximizi çox bəyənmişdilər. Əsasən də lavaşlı lülə-kabablardan doymaq bilmirdilər.
Məşqçilər korpusundan da yer alanlar var idi.
Vəziyyətdən istifadə edib, “biz sizdən çəkinirik” adıyla psixoloji “yastıq əməliyyatı” söhbətləri, kəşfiyyat da aparırdıq.
Prezidentləri Foivos Erotokritu rus dilini, region tarixini də gözəl bilirdi. Yaşı, təcrübəsi, qabiliyyəti, həssaslığı açıq sezilirdi. Göstərdiyimiz münasibətdən çox məmnun qalmışdı və təamlarımızdan, musiqimizdən məst olduğunu dönə-dönə vurğulayırdı.
İlk görüş heç-heçə (1:1) başa çatdı və daha da arxayın evə qayıtdılar. “Neftçi” isə cavab qarşılaşmasına tam səfərbər olmuşdu. Bakıdakı matç bərabərə bitsə də, rəqibə, göstərilən oyuna görə komandanın, hər birimizin özünəinamı artmışdı.
Oyun ətrafında siyasi, milli çalarlar, fanat-azarkeş, qızışdırıcı amillər yer alsa, çoxluq təşkil etsə də, ciddiliyimizi, təmkinimizi qoruyur, tədbirimizi görür, bütün diqqətimizi oyuna kökləmişdik.
Görüşdən bir gün öncə cavab rəsmi yeməyi təşkil edildi. Prezidentləri təmtəraqla bizi qarşıladı. Qarşı-qarşıya əyləşmişdik. Xüsusi, böyük bir qabda iri stridiyalarla dolu yemək gətizdirdi. İsrarla dadına baxmağımı istəyirdi.
İlk olaraq birtəhər başını qatır, “pas”ı digər nümayəndələrimizə ötürürdüm. Çox diqqətli idi. Bir qədər keçdikdən sonra yenə bizə yad olan yeməyin dadına baxmağı təklif etdi. Ürəyimdə “biz ilan-qurbağa, molyusk, ustritsalar yemirik” düşüncəsilə mədəni şəkildə bu dəfə də yola verdim.
Uşaqlar da bir az dadına baxdıqdan sonra digər yeməklərə üstünlük verirdilər. Hörmətli Foivos əl çəkmirdi. Axırı söz aldı: “Bizi Bakıda necə xoş qarşılamışdınızsa, mən də bu görüşə xüsusi hazırlaşmışam, bunun dadına mütləq baxmalısınız”.
Axırda xoş münasibətlə “Üzrlü sayın, mən belə həşəratlardan uzağam” dedim. Stolda olan xüsusi stridiyaların üstün cəhətlərindən, orqanizmə xeyirli olmasından bəhs etsə də, xeyri olmadı. Qabın yarıdan çoxu qalmışdı hələ...
Bir az da keçdi. Tədbir yekunlaşmaq üzrəydi.
Prezident etikasını qoruyub ilk olaraq qiymətini açıqlamadığı “həşərat”ın tarixçəsini danışdı və iri boşqabı qabağına çəkdi:
“Bilsəydim başqa addım atardım, fərqli hazırlıq görərdim. Bakıdakı görüş mənə necə təsir etmişdisə, istədim xüsusi yemək sifariş edim sizə. Stridiyaları məxsusi olaraq bu masa üçün Fransadan gətizdirmişəm. Qiyməti də... Məni üzrlü sayın, 15-20 min dolları stolun üstündə saxlaya bilmərəm”.
Zarafat edərək, bir qədər də yanğı ilə külli miqdarda pul ödədiyi xüsusi yeməyi özü vurdu bədənə. Stridiya-molyusklar da nə molyusklar...
Prezidentin hələ xəbəri yox idi ki, sabah komandası yaşıl meydanda stridiyalar kimi diri-diri yeyiləcək. “Neftçi” tarixin bu günü Kiprdə Fransadan 15-20 minə xüsusi gətirilmiş yeməklər üçün yox, tarix yazmaq üçün getmişdi.
Oyundan sonra böyük qalmaqallar yaşansa da, APOEL prezidenti Firos Erotokritu öz alicənablığını, məğrurluğunu sona kimi qorudu:
“Bu stadionda qapımızdan üç top keçirən iki klub olub, biri “Real”, indi də “Neftçi”. Siz də böyük klubsunuz” deyərək bizi təbrik etdi və uğurlar arzuladı.
“Neftçi”yə qarşıdakı Avroliqa matçında uğurlar arzusu ilə...”