Bu gün klublarımızın avrokuboklardakı rəqibi bilinəcək: “Neftçi” “Qalatasaray”la düşə bilər



 

Bu gün “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı növbəti rəqibi bilinəcək.

Bakı vaxtı ilə saat 14:00-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Azərbaycan çempionu “Qarabağ” bu püşkatma nəticəsində öz rəqibini biləcək. Yenə səpələnmişlər səbətində yer alacaq “Qarabağ” nisbətən zəif komandalarla qarşılaşmaq imkanı əldə edəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın potensial rəqibləri bunlardır: “Molde” (Norveç), “Mityülan” (Danimarka), “Ferentsvaroş” (Macarıstan), “Omoniya” (Kipr) və ya “Dinamo” (Brest, Belarus).

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkü isə saat 15:00-dan etibarən atılacaq. Burada Azərbaycanın yeganə təmsilçisi “Neftçi”nin rəqibi bilinəcək.

Artıq Azərbaycanın son gümüş mükafatçısının üç potensial rəqibi bəllidir. “Neftçi” səpələnməmişlər səbətində yer aldığından, rəqibləri də güclüdür. Bunlar məşhur “Qalatasaray” (Türkiyə), “Dinamo” (Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarıdır.

Qeyd edək ki, Çempionlar Liqasının oyunları 15-16 sentyabrda, Avropa Liqasının matçları isə sentyabrın 17-də keçiriləcək. Bu püşkatmalar zamanı həm də oyunların harada keçirilməsinə aydınlıq gələcək.

Səbuhi Musayev