Rafael Ağayev paxıl məşqçilərdən danışdı: “Azərbaycanda seminar keçirdik, cəmi 18 adam gəlmişdi”



 

Sərbəst güləş və karate üzrə dünya çempionları Hacı Əliyevlə Rafael Ağayevin öz sahələri üzrə idman məktəbləri açmaq istədikləri barədə xəbər vermişdik.

Oxu.Az-ın xəbərinə görə, onlar bildirib ki, bununla digər məşqçilərin idmançılarını öz məktəblərinə cəlb etmək istəmirlər.

Sadəcə, onlar öz biliklərini yeni idmançılara aşılamağı arzulayırlar. Həmçinin, bildirilib ki, məktəb Hacı Əliyev və Rafael Ağayevin adına olsa da, orada digər məşqçilər də işləyə bilər.

Rafael Ağayev isə bəzi məşqçilərin paxıllıq hissi ilə yaşadığını bildirib və bunu öz təcrübəsindən yaşadığını vurğulayıb:

“Məşqçilərimizdə paxıllıq olmasa, idmançılarımız daha çox qabağa gedər. Mən xaricdə seminar keçirəndə 400 adam gəlirdi. Onlara iki saat yarım - üç saat ərzində məşq keçirdim. Amma bir dəfə Yaşar müəllimin (Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovu nəzərdə tutur – S.M.) təşkilatçılığı ilə Azərbaycanda seminar keçirdik. Seminara cəmi 18 adam gəlmişdi.

Halbuki Azərbaycanda nə qədər karateçi var. Gəlməmişdilər, çünki məşqçiləri buraxmamışdı. Bu sözlərim bütün məşqçilərə aid deyil. Ancaq nəzərdə tutduğum məşqçilər işləri düşəndə zəng edirlər ki, filan uşağa bax, fikirlərini de.

Ümumiyyətlə, Azərbaycan çempionatlarında uşaqda bir az istedad varsa, tapşırıqla yer tutmaq olar. Amma bunu dünya və Avropa çempionatında etmək qeyri-mümkündür. Deyə bilməzsən ki, mənim dayım haradasa işləyir, bunu üçüncü edin. İstedadlı uşaqlar yetişdirmək lazımdır”.

Səbuhi Musayev