Azərbaycan federasiyası rumıniyalı legionerini qovdu - VİDEO
Azərbaycanın avarçəkmə üzrə millisinin rumıniyalı legioneri Maria-Lorena Manolike komandadan qovulub.
Oxu.Az-ın xəbərinə görə, ukraynalı olimpiya və dünya çempionu İnna Osipenko-Radomskayanın yerinə cəlb olunmuş legioner Tokio Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.
Buna görə də idmançıya “yaxşı yol” deyilib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva xəbəri təsdiqləyib.
O bildirib ki, Azərbaycan gələn il Olimpiya Oyunlarında avarçəkmədə təmsil olunmayacaq:
“Komandaya yeni legioner cəlb edə bilməyimiz üçün onun üç il Azərbaycan vətəndaşı olması lazımdır. Biz Manolikeni də 2016-cı il Rio Olimpiadasından sonra komandamıza cəlb etmişdik. Bu Olimpiadada Azərbaycandan heç bir idmançı olmayacaq”.
Onun sözlərinə görə, olimpiya mükafatçısı, dördqat dünya və üçqat Avropa çempionu Valentin Demyanenkonun yerinə milli komandaya cəlb olunmuş kanoeçimiz Vadim Hüseynov də ümidləri doğrultmayıb:
“O da lisenziya qazana bilmədi. Hazırda Rusiyada qalır. Atası həmin ölkədə yaşadığından, Vadim də hazırda həmin ölkədədir”.
Səbuhi Musayev