Gürcüstanda federasiya prezidenti olan azərbaycanlı: “Türkiyə ilə əlaqələrim olduğundan, məni təyin etdilər”



 

Gürcüstan Milli Karate-Kikboksinq və Qarışıq Döyüş Növləri Federasiyasının, Sayokan Federasiyasının azərbaycanlı prezidenti, Milli Karate Federasiyasının vitse-prezidenti Faiq Məmmədovun Oxu.Az-a müsahibəsi.

– Sizin Gürcüstanda idman federasiyasında vəzifəyə təyin olunmağınız qarışıqlıq yaratdı. Gah Karate-Kikboksinq Federasiyasının prezidenti, gah da Gürcüstan Milli Karate Federasiyasına vitse-prezident təyin olunduğunuz yazıldı. Məsələyə aydınlıq gətirərdiniz...

– Hər iki xəbər doğrudur. Gürcüstan Qarışıq Döyüş Növləri Konfederasiyasının prezidenti Kaxa Basiliadır. Bu qurumun nəzdində Milli Karate-Kikboksinq və Qarışıq Döyüş Növləri Federasiyası fəaliyyət göstərir. Basilia məni həmin quruma prezident təyin edib. Təyinat iyulun 27-də olub, bu barədə sertifikatım da var, Gürcüstan İdman və Gənclər Nazirliyi tərəfindən təsdiqlənib.

Sonuncu təyinat isə bu ay baş verib. Basilia həm də olimpiya idman növü olan karate (WKF) federasiyasının – Milli Karate Federasiyasının prezidentidir. Onun iki vitse-prezidenti vardı. Üçüncü vitse-prezident kimi avqustun 8-də məni təyin etdi.

Milli Karate Federasiyası bu təyinatı açıqlayanda dedim ki, hələ yazmayın. Çünki qısa müddətdə iki vəzifəyə təyinata görə çaşqınlıq yaranacaq. Federasiya isə dedi ki, yox, təyin olunmusan deyə, bunu yaymalıyıq ki, hamı bilsin.

– Milli Karate-Kikboksinq və Qarışıq Döyüş Növləri Federasiyası Beynəlxalq Olimpiya Komitəsinin tanıdığı WAKO təşkilatının yarışlarında iştirak edən qurum deyil?

– Xeyr. WAKO üzrə yarışan qurum Gürcüstan Tayboks və Kikboksinq Milli Federasiyası adlanır və onun prezidenti Qoça Cavaxiadır. Mənim prezident təyin olunduğum federasiya isə kikboksinq üzrə başqa təşkilatların yarışlarında iştirak edir. Hazırda Ümumdünya Karate-Kikboksinq Şurası (WKC) olan təşkilata daxil olmaq üçün çalışıram.

– Gürcüstanda karate Azərbaycandakı kimi populyar deyil. Ancaq istənilən halda Olimpiya idman növü olan karate federasiyasına vitse-prezident təyin olunmağınız az iş deyil. Niyə məhz siz o vəzifəyə təyin olundunuz?

– Bildiyiniz kimi, Türkiyədə karate daha güclüdür. Azərbaycanlı olduğumdan və Türkiyə ilə əlaqələrim olduğundan, məni bu vəzifəyə layiq bildilər. Mən beynəlxalq əlaqələr üzrə vitse-prezidentəm.

– Siz həm də Gürcüstan Sayokan Federasiyasının prezidentisiniz...

– Bəli. 2012-ci ildən bu federasiyanın prezidentiyəm. Türkiyədə Nihat Yiğit tərəfindən rəsmi nümayəndəlik almışam. Ancaq son vəzifələrə təyinatdan sonra bu işi bir qədər zəiflətmişəm. Bu yaxınlarda həmin vəzifəni təhvil verməliyəm.

– Azərbaycan Milli Karate Federasiyasından təbrik almısınız?

– Yox, hələ Azərbaycan federasiyasından təbrik almamışam. Təyinat gürcü dilində yazıldığından, bəlkə də xəbərləri yoxdur. Rafael Ağayev “Facebook”da dostluğumda var. Ola bilsin ki, gürcü dilində olduğu üçün təyinatımı bilməyiblər.

Səbuhi Musayev