Azad Rəhimovdan qeyri-olimpiya idmançılarına təklif: “Gəlin, nazirlikdə məşq edin”
“İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin!”
Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün Gənclər və İdman naziri Azad Rəhimov qeyri-olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri ilə görüşündə bildirib.
A.Rəhimov olimpiya idman növlərində vəziyyətin müqayisədə daha yaxşı olduğunu, idmançıların icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bildiklərini diqqətə çatdıraraq, narahatlığın qeyri-olimpiya idman növləri ilə bağlı olduğunu bildirib:
“Mən, həqiqətən, çox narahatam. İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirmələri, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dönəm yaşamaları haqda xəbərlər məni çox narahat edir.
Düzdür, idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı operativ qərargah tərəfindən qərar verildi. Amma siz haqlı şəkildə “əgər zala gedə bilmiriksə, avadanlıqlardan istifadə edə bilmiriksə, o zaman necə edək?” sualını verə bilərsiniz. Mən sizi nazirliyə dəvət edirəm”.
Fikirlərinin davamında Azad Rəhimov federasiyalara məşqlər üçün nazirliyin balansında olan Olimpia İdman Komplekslərinin açıq məkanlarını təklif etməklə bərabər, eyni zamanda, koordinasiya olunmuş şəkildə şəhərin idman üçün münasib yerlərinin də təyin olunaraq orada məşqlərin mümkünlüyünü ifadə edib.
Avadanlıqlara gəldikdə isə nazir idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini də söyləyib.
Eyni zamanda, A.Rəhimov federasiyaların maliyyə çətinliyi ilə də üz-üzə qaldıqlarından məlumatlı olduğunu bildirib, bu problemin həlli yolları üçün federasiya rəsmilərinin nazirliyin idman növlərinə məsul şəxsləri ilə bir araya gələrək mövcud durumu müzakirə etmələrini və bunün nəticəsində nazirliyin dəstək göstərməyə hazır olduğunu bildirib. Nazir beynəlxalq yarışlarda iştiraka da toxunub:
“Əgər hər hansı bir ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla bağlı heç bir məhdudiyyət yoxdursa, biz idmançının bu yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab verən olsun”.
Daha sonra mövzu ətrafında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Milli Anti-Dopinq Agentliyinin rəhbəri Şəfəq Hüseynli, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmilər iştirak edərək pandemiya dönəmində idmanımızın rastlaşdığı narahatlıqları, nazirliklə bu dönəmdə həyata keçirilən birgə əməkdaşlığı, idmançıların farmakoloji təminatını, təhsil sahəsində gözləntilərin idarə olunmasını və digər mövzuları diqqətə çatdırıb, narahatlıqlarla bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, iclasda 30-dan çox qeyri-olimpiya idman növlərinin rəsmi və nümayəndələri iştirak edib. Bura Budo Döyüş Növləri Federasiyası, Səmti Müəyyən Etmə Federasiyası, Şahmat Federasiyası, Bodibildinq və Fitnes Federasiyası, Kyokuşinkaykan Kontakt Karate Federasiyası, Muaytay Tayboks Federasiyası, Uşu Federasiyası, Aykido Federasiyası, Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Döyüş Növləri İdman Federasiyası, Ənənəvi Karate-Do Federasiyası, Pauerliftinq Federasiyası, Sambo Federasiyası, Kikboksinq Federasiyası və digərləri daxil idi.
Konfrans zamanı dünyasını dəyişmiş görkəmli idman xadimi, ADBTİA-nın güləş və onun metodikası kafedrasının müdiri, Milli İdman Növləri Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Xanlar Qurbanov anılaraq, onun vəfatının Azərbaycan idmanı üçün ağır itki olduğu bildirilib.