“Qarabağ” Çempionlar Liqasında iki dəfə mərhələ keçdiyi tanış rəqiblə qarşılaşa bilər
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti mümkün rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Qarabağ” Şimali Makedoniyanın “Sileks” komandasını keçərsə, II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
Bu matç avqustun 25-26-da keçiriləcək. “Qarabağ” II mərhələyə adlayacağı halda, yenə rəqibini Bakıda qəbul edəcək.
Qeyd edək ki, “Qarabağ” Moldovanın dəyişməz çempionu “Şerif”lə artıq avrokuboklarda dörd dəfə qarşılaşıb. Bu matçlar 2017-ci ildə Çempionlar Liqasının III təsnifat və 2018-ci ildə Avropa Liqasının pley-off mərhələlərində baş tutub.
Hər iki halda mərhələ keçən Ağdam komandası bu görüşlərdən ikisində qalib gəlib, bir dəfə heç-heçə edib, bir dəfə isə uduzub.
Səbuhi Musayev